Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı
Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdıBu gün, 06:20 |
Prezident İlham Əliyevin “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində 2025-ci ildə hərbi büdcəmizin rekord həddə olacağını açıqlaması Ermənistanda müzakirələrə səbəb olub. Prezident bildirib ki, Ermənistanın sürətlə silahlanması fonunda Azərbaycanın bu addımı atması təbii və qaçılmazdır. Bu açıqlama hansısa prosesin anonsu hesab edilə bilərmi? Globalinfo.az-a danışan hərbi ekspert Ramil Məmmədli deyib ki, hərbi təhdid olsa da, olmasa da ordunun modernləşdirilməsinə, gücləndirilməsinə ehtiyac var: “Vətən müharibəsindən sonra Azərbaycana qarşı ərazi iddiasında olan Ermənistan silahlanma proqramlarını genişləndirib: mövcud texnikalarını modernləşdirir, yeni silahlar alır və müttəfiqlərlə əməkdaşlığı dərinləşdirir. Bu əməkdaşlığa Hindistan və bəzi Qərb ölkələri də daxildir. Bir sözlə, hazırkı vəziyyət Azərbaycanı silahlanmağa və silah yarışına qoşulmağa məcbur edir”. Ekspert deyib ki, Cənubi Qafqazda mövcud olan təhdidlər, narahatlıqlar Azərbaycanın öz ordusunu güclü saxlamağa, müasir texnologiyalarla təchiz etməyə, döyüş hazırlığını artırmağa məcbur edir: “Bu baxımdan, hərbi büdcənin artırılması hazırkı proseslərin təbii nəticəsidir. Bu vəziyyət Azərbaycanı hərbi imkanlarını artırmağa yönəldir. Bəzi mənbələr 2025-ci ildə eskalasiyanın və ya hərbi gərginliyin baş vermə ehtimalından danışırlar. Lakin irimiqyaslı müharibə olacağını düşünmürəm. Təbii ki, Ermənistanla sülh əldə olunmayana qədər hər hansı qarşıdurma baş verə bilər, amma bu, böyük müharibə anlamına gəlməməlidir”. Geri qayıt |