Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Naxçıvan Ali Məclisi onu muxtar respublika əhalisindən niyə gizlədib?

Naxçıvan Ali Məclisi onu muxtar respublika əhalisindən niyə gizlədib?


14-12-2024, 15:12
Naxçıvan Ali Məclisi onu muxtar respublika əhalisindən niyə gizlədib?
2024-cü il başa çatır. Artıq həm Azərbaycanın, həm də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 2025-ci il üçün büdcələri müzakirə olunur.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi bu qanunun 12.1.1 - 12.1.10-cu maddələrində göstərilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc edilir. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi mətbuatda dərc edilərək ictimai müzakirəyə çıxarılıb.

Eyni qaydada Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsi də dərc olunmalıdır. Ölkəmizdə “Büdcə sistemi haqqında” Qanun vahid olduğundan analogiya aparılaraq həmin qanuna istinad edilir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 16-cı maddəsində göstərilir ki, aparıcı komitənin tapşırığı ilə Ali Məclisin Aparatı qanun layihələrinin ictimai müzakirələrini təşkil edir. İctimai müzakirə komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai müzakirənin təşkili üçün Ali Məclisin Aparatı “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tədbirlər görür. İctimai müzakirəyə dəvət edilən şəxslər ictimai müzakirənin keçirilməsi tarixi barədə azı 5 gün əvvəl, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddəsinin V hissəsinə əsasən, təcili elan edilən qanun layihələri ilə bağlı isə azı 3 gün əvvəl xəbərdar olunurlar.

Göründüyü kimi, “Büdcə sistemi haqqqında”, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarına, Ali Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, muxtar respublikanın növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi mütləq dərc edilməlidir. Təəssüf ki, Naxçıvanın 2025-ci il üzrə büdcəsinin layihəsi nə rəsmi qəzetdə dərc olunub, nə də Ali Məclisin saytında yerləşdirilib. Beləliklə, Ali Məclis qanunları pozub, 2025-ci il büdcəsinin layihəsini ictimaiyyətdən gizlədib. Halbuki, ötən il 2024-cü ilin büdəci haqqında qanun layihəsi hələ noyabr ayında “Şərq qapısı” qəzetində dərc edilmiş, Ali Məclisin saytında yerləşdirilmişdi.

Bütün bunlar onu göstərir ki, Naxçıvanda kimlərsə qanunların işləməsində maraqlı deyil. Qəbul olunan qərarları əhalidən gizlətməklə öz çirikin məqsədlərini reallaşdırmaq istəyirlər. Bunun bir səbəbi də odur ki, qəbul ediləcək qanun və qərarlar ictimai müzakirəyə veriləndə bu adamların yarıtmazlığı ortaya çıxa bilər. Birinci müavininin qanunlardan bixəbər, İqtisadi siyasət komitəsi sədrinin tarixçi olduğu Ali Məclisdən daha nə gözləmək olar ki...

Naxçıvan Ali Məclisi onu muxtar respublika əhalisindən niyə gizlədib?

Geri qayıt