Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın “29.7 min”lik yalanları
Paşinyanın “29.7 min”lik yalanları14-12-2024, 09:40 |
Ermənistanın baş naziri Nikol Paşinyanın sülh oyunbazlığı davam edir. O, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirsə də, bu yöndə əməli heç bir addım atmır və beynəlxalq birlikdə elə rəy yaratmağa çalışır ki, sülh sənədi ilə bağlı İrəvanlıq heç nə qalmayıb. Bu barədə o, dekabrın 12-də özünün Facebook səhifəsində yazıb. Sitat: “Ermənistanın SSRİ-nin tərkibində mövcud olan sərhədlərdən imtina etməsi suverenlikdən və dövlətçilikdən imtina etməsi deməkdir”. Paşinyanın sözlərinə görə, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir, çünki SSRİ-nin xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən əl çəkmək demək ola bilər: “Ona görə ki, biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün buferdir”. Baş nazir əlavə edib ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə tanınmış ərazilərimizi tanımırlarsa, o zaman başqalarına da onu tanımamaq imkanı verirlər... Kəsəsi, yenə qulağa xoş gələn, boğazdan yuxarı sözlər. Sual yaranır: o zaman Paşinyan niyə 7 ildir Ermənistan konstitusiyasını SSRİ dövründəki əraziyə - 29.7 min kv km-lik “real Ermənistan”a uyğunlaşdırmır? İki gün qabaq isə o, yenə Ermənistan konstitusiyasında heç bir ölkəyə ərazi iddiasının olmadığını söyləmişdi. Halbuki Xocalı hərbi canisi Robert Köçəryan məhz hazırkı konstitusiya əsasında 10 il (1998-2008) Ermənistan prezidenti olub. Məsələ ondadır ki, prezident “seçiləndə” Köçəryan Azərbaycan vətəndaşı idi. Namizədliyinin qeydə alınması üçün Ermənistan vətəndaşlığı daşıması, üstəlik, azı 10 il orada yaşaması tələb olunurdu. Təbii ki, bunların heç biri yox idi. Məhz o zaman Ermənistan Konstitusiya Məhkəməsi keçmiş Dağlıq Qarabağı Ermənistan ərazisi sayan Müstəqillik Aktını və konstitusiyanı (preambula) əsas götürərək, Köçəryanın Qarabağda yaşadığı illəri Ermənistanda yaşayıbmış kimi şərh edərək (!), onu seçkiyə buraxmışdı. Paşinyan isə bu məsələyə indiyədək heç bir etiraz bildirməyib - hərçənd bir-biriləri ilə düşməndirlər. Ümumiyyətlə, o, özünü və xalqını daha nə qədər aldadacaq? Bu hələ ermənilərin guya ən mötədil, praqmatik rəhbəridir. Belə çıxır, 2025-də də sülh müqaviləsi olmayacaq? İstənilən sülhün alternativi isə əlbəttə ki, müharibədir. Bu xüsusda rəsmi Bakı İrəvanı bir daha xəbərdar edib. Prezidentin köməkçisi Hikmət Hacıyev dekabrın 12-də bildirib ki, Ermənistan işğalçı və təcavüzkar dövlətdir, bu baxımdan onun silahlandırılması mütləq məsuliyyət məsələsidir. H.Hacıyev qeyd edib ki, Ermənistanın silahlanmasının arxasında dayanan qüvvə Fransadır, lakin silahlar ona təkcə Fransa tərəfindən verilmir (Söhbət həm də Hindistandan gedir - red.): “Biz təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın hərbiləşdirmə proqramında iştirak edir”. Söz düşmüşkən, dekabrın 10-da İrəvanda Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan və Fransa Silahlı Qüvvələr Nazirliyinin nümayəndəsi Aleksandr Eskorsiya arasında strateji müdafiə məsələləri üzrə məsləhətləşmələr keçirilib. Cari ildə əməkdaşlığın yekunlarına yekun vurulub və 2025-ci il üçün ikitərəfli müdafiə əməkdaşlığı haqda proqram imzalanıb. Bütün bu təmaslar, Fransadan hərbi dəstək və Paşinyanın boşboğazlığı ondan xəbər verir ki, Azərbaycan sülh sənədinin imzalanması ilə bağlı siyasi-diplomatik təzyiqləri gücləndirməlidir. Siyasi ekspert Fuad Əliyevin qəzetimizə dediyinə görə, Paşinyanın təklif etdiyi sülh variantı ərazi iddialarını saxlamaq şərti çərçivəsindədir. Ekspert belə bir versiyanı qeyri-mümkün sayır və İrəvanın vaxt uzatması kimi qiymətləndirir: “Ermənistan sülh müqaviləsinin bu şərtlər altında imzalanmasına hazır deyil. Paşinyan daxili etirazlardan çəkinir və sülh mətninin növbəti kapitulyasiya aktı kimi dəyərləndirilməsindən qorxur. Bu da erməni cəmiyyətini ayağa qaldıra bilər. Bu proseslə yanaşı Makron da ona diktə edir ki, sənədə qol çəkməsin. Fransa Ermənistanın sülh sənədində məğlub kimi görünməsini istəmir. Hərçənd, burada bərabərhüquqlu bir anlaşmadan söhbət gedir. Azərbaycan Ermənistanı heç nəyə məcbur eləmir və bu ölkəyə qarşı ərazi iddiaları yoxdur, sadəcə, özümüzlə bağlı tələblər yerinə yetirilməlidir”. Ekspert gələn il də sülh sazişinin imzalanmasını gözləmir, səbəb isə konstitusiyadır: “Hər iki paytaxt rəsmi açıqlamalar yayır ki, sülh mətnində iki bənd razılaşdırılmayıb, qalan müddəalar hazırdır. Amma məsələ mətnin tam razılaşdırılması deyil, konstitusiyadan ərazi iddialarını çıxarmaqdır. Yüz bənd razılaşdırılsın, nə dəyişəcək? Ona görə də Ermənistan referenduma getməlidir, adını nə qoyursa-qoysun”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan baş naziri “Müstəqillik Bəyannaməsi”ni dəyişməsə, Azərbaycana qarşı ərazi iddiaları qanunvericilik bazasında qalaraq sülh bağlamaqdan yayınarsa, Zəngəzur dəhlizini açmayacaqsa, siyasi proseslər əleyhinə işləyəcək. Onun fikrincə, Ermənistan baş naziri Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə getməyəcəksə, onu Suriyadakı vəziyyət gözləyə bilər: “Paşinyanın Parisdə Makron və Trampla boy verib, şəkil çəkdirib, mesaj verməsi heç də onun arxayın olmasına gətirib çıxarmayacaq. Paşinyanı onlar xilas etməyəcək. Bəşər Əsəd də Putin və Xamenei ilə şəkil çəkdirib, ”əzələ nümayiş" etdirirdi. Nəticəsi göz qabağındadır". Ekspert hesab edir ki, Ermənistan geosiyasi reallıqları düzgün qiymətləndirməsə, silahlanmaya davam edəcəksə, bu ölkənin dövlətçiliyi sual altında qalacaq: “Rusiya artıq regional dövlət statusunu itirir. İran da zəiflədi. ABŞ-da Trampın prezidentliyinə az müddət qalır. Ermənistan regional gücdən beynəlxalq gücə çevrilən Yaxın Şərqin və Cənubi Qafqazın siyasi nizamını şəkilləndirən Türkiyənin şərtlərini qəbul etməyəcəksə, bataqlıq girdabına girəcək və növbəti mərhələdə Azərbaycan Zəngəzura girməli olacaq”. “Yeni Müsavat” Geri qayıt |