Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Paşinyan Ermənistanın sonu olacağını başa düşür”

“Paşinyan Ermənistanın sonu olacağını başa düşür”


14-12-2024, 09:15
“Paşinyan Ermənistanın sonu olacağını başa düşür”
Ermənistanın Baş naziri Nikol Paşinyan paylaşımı ilə diqqətləri üzərinə çəkib.

O “Facebook”-da yazıb ki, Ermənistanın SSRİ dövründə mövcud olan sərhədlərdən imtina etməsi suverenlik və dövlətçilikdən imtina etmək deməkdir:

“Açıq deməliyəm ki, belə yanaşma Ermənistan üçün çox təhlükəlidir.

Çünki SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilik və müstəqillikdən imtina etmək deməkdir. Ona görə ki, biz müstəqilliyimizi Sovet Ermənistanı ərazisində əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün bufer rolunu oynayır”.

Maraqlıdır, Paşinyan dərk etdiyi reallıqları erməni ictimaiyyətinə çatdırmağa çalışır? Onun məqsədi nədir?

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ermənilərin dediyi sözlərin arxa planını da fikirləşmək lazımdır:

“Çünki onların məqsədləri heç vaxt xoş olmayıb. Lakin indiki şəraitdə Paşinyan hakimiyyətinin hansısa ciddi oyun oynamaq imkanı yoxdur. Əks halda, öz yollarını tamamilə bağlaya bilərlər. Artıq Azərbaycanın qarşısında hansısa variant da işlədə bilməzlər. Hesab edirəm ki, Nikol Paşinyanın bu sözləri mifik Ermənistanla real Ermənistanın müqayisəsinə doğru atılan addımdır. O, faktiki olaraq Sovet işğalına qədər ermənilərin dövlətinin olmadığını bildirir.

Dolayısı ilə bunu etiraf kimi də qəbul edə bilərik. Nəzərə almaq lazımdır ki, dünya da məhz SSRİ tərkibində olan Ermənistanın sərhədlərini tanıdı. Ona görə də bu Ermənistandan imtina etməyin axmaqlıq olacağını düşünür”.

Partiya sədri qeyd edib ki, hazırda mövcud olan Ermənistan dövləti isə Azərbaycan torpaqları üzərində qurulub:

“29 may 1918-ci ildə Azərbaycanla Ermənistan Milli Şuraları arasındakı razılığa görə, Ermənistana İrəvanla birlikdə 10 min kvadratkilometr verildi. Milli Şuralar arasında protokol imzalandı.

Daha sonra 4 iyunda isə Osmanlı rəhbərliyi ilə Azərbaycan, Gürcüstan, Ermənistan nümayəndələri arasında ayrıca görüşlər keçirildi və müqavilələr imzalandı. Həmin sənəd artıq rəsmi müqavilə idi. Rəsmi İrəvan bundan əsla qaça bilməz. Həmin müqaviləyə əsasən, Ermənistanın ərazisinin 10 min kvadratkilometr olduğu göstərildi. Yəni, Paşinyanın iddia etdiyi real Ermənistan Sovet dövründəki deyil, daha öncəki Ermənistandır. Lakin SSRİ qoşunları gəldiyi üçün Osmanlı ilə Ermənistan arasında imzalanan müqavilə parlamentdə ratifikasiya olunmadı. Ona görə də Paşinyan Sovet hökuməti sayəsində ölkəsinin iflasdan xilas olduğunu deyir”.

Akif Nağı vurğulayıb ki, Sovet dövründə Azərbaycan torpaqları qanunsuz şəkildə Ermənistana verilərək onun ərazisi 29,7 min kvadratkilometrə qədər artırılıb:

“Əslində, Azərbaycanın 114 min kvadratkilometr ərazisi var idi.

Onun 97 mini mübahisəsiz, 16,6 mini isə mübahisəli ərazilər idi.

Sovetlər gələn kimi ərazimizin yarısına gürcülərə, yarısını isə ermənilərə verdilər. İndi Paşinyan da bu tarixi faktları təsdiqləyir. O, Ermənistanın tarixi, ərazisi və dövləti olmadığını etiraf edir. Açıqlama da buna xidmət edir. Bu iddialarından geri çəkilməyin Ermənistanın sonu olacağını Paşinyan da başa düşür”.

Geri qayıt