Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Rusiyanın Cənubi Qafqaza yönələn DİQQƏTİ

Rusiyanın Cənubi Qafqaza yönələn DİQQƏTİ


14-12-2024, 07:28
Rusiyanın Cənubi Qafqaza yönələn DİQQƏTİ
“Ermənistanın ənənəvi təhrikçiləri bu ölkəni silahlandırmaqla bölgədə yeni münaqişə ocağının yaradılmasına cəhd göstərə bilərlər”.

Bunu dəyişkən geosiyasi proseslər fonunda Cənubi Qafqazı qarışdırmaq üçün xarici qüvvələrin Ermənistandan istifadəsi ehtimalından danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin son hakimiyyət bağlarının da qırılmasını Rusiyanın məğlubiyyəti kimi dəyərləndirmək mövcud mürəkkəb geosiyasi reallıqlar fonunda çox bəsit yanaşmadır:

“Doğrudur, Bəşər Əsəd Moskavaya qaçıb. Daha doğrusu, Rusiya ona və ailəsinə sığınacaq verib. Amma bu o demək deyil ki, Bəşər Əsəd hakimiyyətdə olduğu zaman kəsiyində yalnız Rusiyanın bölgədəki maraqlarından çıxış edib. Zənnimcə, Dəməşqdə hakimiyyət dəyişikliyi daha çox İranın məğlubiyyəti kimi dəyərləndirilə bilər. Rusiyanın hərbi bazası, məlum olduğu kimi, Suriya ərazisindədir və rus hərbçiləri ilə hakimiyyəti ələ alan qüvvələr arasında indiyədək hər hansı bir qarşıdurma baş verməyib.

Bazaların Suriya ərazisindən çıxarılacağı ilə bağlı hələlik hər hansı bir qərar yoxdur. Əksinə, Rusiyanın hərbi bazalarının Suriyada qalacağı ilə bağlı razılaşmanın olduğu barədə məlumatlar hazırda üstünlük təşkil edir. Bəşər Əsədin və ailəsinin Moskvada olması isə bir çox aspektlərdən Rusiyanın əlini gücləndirir. Detallarına varmayacağam, amma bütün hallarda nə zamansa Rusiyanın bu amildən yararlana biləcəyi ehtimalını da istisna etmirəm.

Suriyada baş verənlərin Qərbin qələbəsi kimi qələmə verilməsi də tamamilə yanlışdır. Suriyadan sadəcə Bəşər Əsəd gedib, amma çoxsaylı hərbi qruplaşmalar qalmaqdadır və hələlik Suriyada ölkənin bütün ərazilərinə nəzarət edən hər hansı bir hakimiyyət yoxdur. Suriyada, dünyanın istənilən ölkəsində olduğu kimi, yalnız seçkilər nəticəsində legitim hakimiyyət formalaşa bilər. Bu baxımdan, zənnimcə, legitim hakimiyyətin formalaşması prosesinin başa çatmasından sonra kimin qalib gəldiyi daha aydın görünəcək.

Suriyada baş verənlər, müvəqqəti də olsa, bu ərazidə geosiyasi qarşıdurma elementlərini arxa plana keçirib. Bunun müəyyən razılaşmalar əsasında baş verdiyini ehtimal edənlərin də sayı az deyil. Hazırda Rusiyanın diqqəti daha çox Şərqi Avropaya və qismən də Cənubi Qafqaza yönəlib.

Doğrudur, Ermənistanın ənənəvi təhrikçiləri bu ölkəni silahlandırmaqla bölgədə yeni münaqişə ocağının yaradılmasına cəhd göstərə bilərlər. Bunun müəyyən elementləri də nəzərə çarpmaqdadır. Amma Ermənistana ən azı 2-3 il vaxt lazımdır. İndiki şəraitdə Ermənistanın yeni müharibəyə cəhd göstərməsi bu ölkənin xəritədən silinməsi ilə nəticələnə bilər. Bu baxımdan, rəsmi İrəvanın daha çox prosesləri mümkün qədər müşahidə etməyə çalışdığını, riskli addımlar ata bilməyəcəyini düşünürəm”.
Geri qayıt