Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan Suriyaya səfir təyin EDƏCƏK?

Azərbaycan Suriyaya səfir təyin EDƏCƏK?


10-12-2024, 09:34
Azərbaycan Suriyaya səfir təyin EDƏCƏK?
Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd hakimiyyəti devrildi. “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi silahlı müxalifət 12 gün ərzində paytaxt Dəməşqə çatdı. Qruplaşmanın Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra prezident Bəşər Əsəd ailəsilə birgə ölkədən qaçıb və Rusiyaya sığınıb.

Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd hakimiyyətini devirən “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyət tam təhvil alınana qədər dövlət qurumları Əl-Cəlalinin nəzarəti altında qalacaq.

Qeyd edək ki, Suriyadakı hadisələrə Azərbaycanda da fərqli reaksiyalar verilib.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. İki arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. Ötən il Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Əl-Miqdad Azərbaycanda səfərdə olub.

Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur. Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. Diplomat 2014-cü ilin noyabr ayında geri çağırılıb. Azərbaycan daha sonra Livana səfir təyin etsə də, Suriyaya səfir göndərməyib.

Yeri gəlmişkən, Milli Məclisdə də Suriya ilə parlamentlərarası işçi qrupu yoxdur.

Suriyada vətəndaş müharibəsinin başladığı dövrdə Azərbaycanın xarici işlər naziri vəzifəsini tutan Elmar Məmmədyarov Modern.az-a danışıb.

O qeyd edib ki, yeni hakimiyyətin Suriyada hansı addımlar atacağını gözləmək lazımdır: "Əlbəttə, Suriya Yaxın Şərqdə önəmli ölkəydi. Amma orada cürbəcür məsələlər var. Yeni hakimiyyətin qonşularla və daxildə necə siyasət yürüdəcəyi önəmli məsələdir. Onların hansı addımları atacağı bizə məlum olduqdan sonra nəsə dəqiq şərh vermək olar".

E.Məmmədyarov qeyd edib ki, Suriya ilə diplomatik münasibətlər məsələsi də yeni hakimiyyətin addımlarından asılı olacaq:

"Azərbaycanın Suriyada səfirliyi vardı. 2011-ci ildə vətəndaş müharibəsi başlayanda səfirliyi çıxardıb, Beyruta köçürdük. İndi hakimiyyətdə olanlar ABŞ və Türkiyə başda olmaqla bütün ölkələr tərəfindən terror qruplaşması kimi tanınır. Görək beynəlxalq oyunçular onlara qarşı hansı addımları atacaqlar. Orada həm Rusiya, həm İran, həm ABŞ, həm də İsrail faktoru var. Suriyada oyunçular çoxdur. Məncə, Azərbaycan üçün tələsməyə ehtiyac yoxdur. Gələn il ABŞ-da administrasiya dəyişəcək. Yeni administrasiyanın hansı addımları atacağı məsələsi də vacibdir. Yenə deyirəm, məncə tələsməyə ehtiyac yoxdur".

Geri qayıt