Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Yeni ili bölgələrdəki hotellərdə qarşılamaq neçəyə başa gəlir?
Yeni ili bölgələrdəki hotellərdə qarşılamaq neçəyə başa gəlir?9-12-2024, 15:11 |
Yeni il bayramını Azərbaycanda, xüsusən də bölgələrdə keçirmək istəyirsinizsə, hotel qiymətləri müxtəlif faktorlardan asılı olaraq dəyişir. Buraya, əsasən, Yeni il gecəsi üçün təklif olunan xüsusi paketlər, qala proqramlar, hotelin ulduz reytinqi, xidmətlər daxildir. Bayramla əlaqədar bir neçə gün qeyri-iş günü olacaq. Bu səbəbdən də bir çoxları yeni ili bölgələrdə yerləşən hotellərdə qarşılayacaqlar. Trend Yeni il bayramı ilə əlaqədar olaraq, Azərbaycanın bəzi bölgələrində hotel qiymətlərini araşdırıb. Qarabağın gözü olan Şuşada yerləşən “Şuşa” hotelində yeni ili qeyd etmək istəyən iki nəfər, iki gecə - üç gün üçün 1900 manat ödəməlidir. Yeni il tədbirində bir çox tanınmış müğənnilərin iştirakı nəzərdə tutulub. Gəlmək istəyən qonaqlar portaldan qeydiyyatdan keçməlidirlər. Şuşada fəaliyyət göstərən digər tanınmış hotel “Xarıbülbül”də isə bayram günü proqram təşkil olunacaq. Burada qiymətlər bir nəfər üçün səhər yeməyi daxil də daxil olmaqla, bir gün üçün standart otaqda gecələmək 200 manatdır. İki nəfər üçün isə 240 manat təşkil edir. Yeni ildə hansı qiymətlərin olacağı barədə isə hələ dəqiq məlumat yoxdur. Xankəndidə yerləşən “Qarabağ” hotelində qiymətlər iki nəfər üçün 240 manatdan başlayır. Məbləğə səhər yeməyi və fitnes zalı xidməti daxildir. Laçında “Abdallar”, “Lachİnn”, “Həkəri” hotelləri qonaqları qəbul etməyə hazırdır. Hotellər prefabrik evlərdir. Bir nəfər üçün qiymət 60 AZN təşkil edir və ən əsası da tələblərə cavab verən şəkildə qurularaq istifadəyə verilib. Laçına səfər üçün icazəni “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə etmək mümkündür. İsmayıllıda yerləşən "Basqal Resort & Spa" hotelində isə Yeni il gecəsi qiymətə səhər və axşam yeməyi nəzərdə tutulub. Qala gecəsi də daxil olmaqla, 1 520 manat olacaq. Yeni il paketi iki gecəlik nəzərdə tutulub. "Shamakhi Palace"da isə 31 dekabr tarixində iki gecəlik paketin qiyməti iki nəfər üçün 1 510 manatdır. Qiymətə üç dəfə qidalanma daxildir. "Shahdag Hotel & Spa"da Yeni il üçün üç gecəlik, səhər və axşam yeməyi və qala gecəsi daxil olmaqla, 1830 AZN təşkil edir. Qiymət iki nəfər üçün nəzərdə tutulub. "Quba Palace" hotelində qiymətlər dekabrın 31-dən yanvarın 2-ə qədər 2500-2700 manat aralığında dəyişir. Bu qiymət iki nəfər üçün təyin edilib. Məbləğə gündə üç dəfə qidalanma, SPA, sauna və keçiriləcək Yeni il şou-proqramlarına qatılmaq daxildir. Qubada "Macara Lake Park" hotelində dekabrın 31-dən yanvarın 2-ə qədər üç günlük qiymət (iki nəfər üçün) 1450 manatdır. Qiymətə səhər və axşam yeməkləri daxildir. Şabranda "Qalaaltı" hotelində isə 31 dekabr – 2 yanvar tarixlərində iki nəfər üçün qiymət 1430 manatdan başlayır. Bu məbləğə gündə üç dəfə qidalanma, SPA, sauna və sair xidmətlər daxildir. "Qafqaz Tufandağ" hotelində iki nəfər üçün qiymət üç günlük istirahət və səhər yeməyi daxil olmaqla 1620 manatadır. "Lankaran Springs Wellness Resort"da Yeni il gecəsi isə üç gün - iki gecə qonaqlama, üç dəfə qidalanma və qala gecəsi ilə birgə iki nəfər üçün 1 399 AZN təşkil edir. Geri qayıt |