Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ağ Evin erməni planı: Səbəb Azərbaycan deyil
Ağ Evin erməni planı: Səbəb Azərbaycan deyil9-12-2024, 14:02 |
Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ müdafiə naziri Lloyd Ostinlə görüşüb və bu görüşün detalları yerli mediasında geniş yer alıb. Görüş zamanı Papikyan Ermənistan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar barədə məlumat verib, ABŞ ilə hərbi təhsil, döyüş hazırlığı və sülhməramlı missiyalarda iştirak kimi sahələrdə əməkdaşlıq perspektivlərini vurğulayıb. Lakin ABŞ-nin Qafqaza marağı azalıb. Co Bayden administrasiyası hazırda Ukrayna-Rusiya müharibəsinə və Yaxın Şərqdəki problemlərə fokuslanıb. Cənubi Qafqaz və Ermənistan kimi məsələlər Vaşinqton üçün prioritet təşkil etmir. Gələcəkdə Donald Trampın hakimiyyəti dövründə Ermənistanın ABŞ-nin xarici siyasət gündəmində daha da aşağı mövqe tutacağı gözlənilir. Donald Trampın siyasət kursunda isə ABŞ-nin xarici siyasətində “Biirinci Amerika” (America First) yanaşmasının yenidən güclənəcəyi gözlənilir. Bu yanaşma minimal xarici müdaxilələri və ABŞ-nin daxili problemlərinə fokuslanmağı nəzərdə tutur. Trampın İrana qarşı sərt mövqeyi və Ermənistanın İranla yaxın münasibətləri Vaşinqtonun İrəvana olan münasibətini daha da çətinləşdirə bilər. Bayden administrasiyası dövründə ABŞ Ermənistana müəyyən dərəcədə hərbi yardımlar göstərmişdi. Bunun bariz nümunəsi olaraq, ABŞ-nin Ermənistana müasir silah-sursat və hərbi texnologiyalar göndərməsini göstərmək olar. Lakin Tramp dövründə belə yardımların dayandırılması ehtimalı yüksəkdir. Trampın Ukraynaya hərbi yardımın azaldılmasını dəstəklədiyini nəzərə alsaq, Ermənistan kimi ölkələr üçün hər hansı hərbi dəstək daha da uzaq perspektivə çevrilir. Papikyanın səfəri daha çox Ermənistan ictimaiyyətinə ünvanlanmış populist addım təsiri bağışlayır. Hərbi-siyasi baxımdan bu səfərin əhəmiyyəti olduqca azdır. Görüşdə səsləndirilən ümumi vədlər və müzakirələr konkret nəticələrə çevrilmədən yalnız siyasi nümayiş xarakteri daşıyır. Ermənistanın regiondakı geosiyasi mövqeyi və resurslarının məhdudluğu Vaşinqton üçün onu daha da əhəmiyyətsiz tərəfdaşa çevirir. ABŞ-nin Cənubi Qafqazda daha çox enerji və nəqliyyat marşrutlarına maraq göstərməsi, Ermənistanın isə bu sahədə zəif mövqedə olması onun strateji əhəmiyyətini azaldır. Suren Papikyanın ABŞ-yə səfəri və Lloyd Ostinlə görüşü ilk baxışdan tarixi və əhəmiyyətli hadisə kimi təqdim edilsə də, əslində populist xarakter daşıyır. Ermənistanın ABŞ ilə hərbi-siyasi əməkdaşlığının uzunmüddətli perspektivləri qeyri-müəyyən olaraq qalır. ABŞ-nin xarici siyasətində Cənubi Qafqazın prioritet olmaması, Ermənistanın məhdud potensialı və İranla yaxın əlaqələri, eyni zamanda Donald Trampın hakimiyyətə gəlməsi ilə gözlənilən dəyişikliklər bu əməkdaşlığı daha da zəiflədə bilər. Tramp İranın və oradakı rejimin rəqibidir. Ermənistanın hakim dairələri ilə İran rejimi arasında həddindən artıq sıx münasibətləri nəzərə alsaq, İrəvan Vaşinqtonun ciddi təzyiqi ilə üzləşə bilər. Türkiyəli hərbi ekspert Yücel Karauz “Cebheinfo.az”-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan özünə yeni istiqamətlər və tərəfdaşlar axtarışındadır. Bu çərçivədə bəzən Amerika Birləşmiş Ştatları ilə, bəzən isə Avropa ilə əməkdaşlıq etməyə çalışır: "Ermənistanın müdafiə nazirinin ABŞ-yə səfərini də bu kontekstdə dəyərləndirmək lazımdır. Artıq ABŞ-Ermənistan münasibətlərində müəyyən irəliləyişlər var. Bu irəliləyiş bölgədə güc balansını dəyişəcək bir addım kimi görünsə də, ABŞ-nin xüsusən də 2020-ci ildə formalaşmış və Azərbaycanın ərazi bütövlüyünü əsas götürən bu balansı dəyişdirəcəyinə inanmıram. Çünki burada realist bir yanaşma və geosiyasi, geostrategik bir reallıq mövcuddur”. Y.Karauz qeyd edib ki,bu geosiyasi və geostrateji fonda ABŞ Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasındakı tarazlığa diqqət yetirsə də, əsas məqsədi bölgədə Rusiyan və İranı əhatə etməkdir: “Bu kontekstdə ABŞ-nin Azərbaycan-Ermənistan arasındakı atəşkəs və barışıq prosesi çərçivəsində tərəflər arasındakı güc balansını dəyişdirmək niyyətində olmadığını düşünürəm. Bayden administrasiyasının 2020-ci ildən bəri həyata keçirdiyi siyasət, 2024-cü il yanvarın 20-də vəzifəyə başlayacaq Donald Trampın mövqeyi, Ermənistan-Azərbaycan münasibətlərində mövcud balansın geosiyasi və geostrategik reallıqlar çərçivəsində qorunacağına işarə edir. Bu baxımdan, indiki səylər 2020-ci ildən bəri davam edən prosesin tərkib hissəsidir. Lakin bu səylərin əsas hədəfi Azərbaycan deyil, daha çox Ermənistan-Amerika münasibətlərindən istifadə edərək Rusiyanı və İranı əhatə etməkdir”. Geri qayıt |