Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bazarda nə baş verir: 100 minlik avtomobillər də ucuz satılır
Bazarda nə baş verir: 100 minlik avtomobillər də ucuz satılır2-12-2024, 16:32 |
Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. Bazara elektriklə işləyən, eləcə də hibrid avtomobillər daxil olub. Bununla yanaşı, Azərbaycan bazarına Çin avtomobillərinin də axını sürətlənib. Bu durum avtomobil almaq istəyənləri çətin seçim qarşısında qoyur. Avtomobil seçərkən nələrə diqqət etmək lazımdır? Hansı avtomobil daha səmərəli ola bilər? Ümumiyyətlə, avtomobil bazarında son durum necədir? Məsələ ilə bağlı avtomobil alqı-satqısı ilə məşğul olan Əlisahib Əliyev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Azərbaycanda avtomobillərin daha çox xarici görünüşünə üstünlük verilir: “Məsələn, görünüşü gözəl olan premium sinif “Mercedes G klass” yaxud “Porche” alırıq, onu daha çox işimizlə əlaqədər olaraq şəhər daxilində sürürük. Sonra tıxacdan narazılıq edib “benzini çox “içir”” deyə satmağa qərar veririk. Amma əslində avtomobili təyinatına görə almalıyıq. Şəhərdaxili gündəlik istifadə etmək istəyən alıcı elektrik mühərrikli avtomobili rahatlıqla ala bilər. Yaxud, gün ərzində avtomobildən çox istifadə edən, amma hər dəfə şarj etməyə vaxtı olmayan sürücü əgər sərfəli avtomobil istəyirsə, hibrid əldə edə bilər. Ümumiyyətlə, hibrid avtomobillər universaldır. Həm yanacağı az sərf edir, həmdə ekoloji baxımdan daha səmərəlidir”. O bildirib ki, avtomobil bazarında yeni hibrid avtomobillərin qiymətləri elektriklə işləyənlərdən bir az bahadır: “Hazırda bazarda, yerli istehsalı da əlavə etsək, 22-23 min manatdan başlayan qiymətlərlə yeni avtomobil almaq mümkündür. Əlbəttə ki, burada seqment fərqinə görə qiymətlər dəyişir. Bazarda təkliflər çoxdur, 23-33 min manat arası kifayət qədər avtomobil var. Hazırda bu qiymətlərə olan avtomobillərə tələbat çoxdur. Çünki taksilərlə bağlı yeni qaydalardan sonra bu maşınlara tələbat artıb. Bu amilləri nəzərə alsaq, yetərincə seçimlər var”. Həmsöhbətimiz qeyd edib ki, avtomobil seçərkən bir sıra amillər nəzərə alınmalıdır: “Əgər qısa məsafələr üçün avtomobil axtarsaq, elektriklə işləyən və ya hibrid avtomobillər sərfəli ola bilər. Uzaq məsafələr üçün isə hibridlər və ənənəvi yanacaqla işləyən avtomobillər daha məqsədəuyğundur. Texniki xidmət və ehtiyat hissələrinə gəldikdə, ənənəvi və Çin avtomobilləri üçün texniki xidmət məntəqələri daha genişdir. Elektrikli avtomobillər üçün xüsusi şarj məntəqələri və təmir mərkəzləri lazım ola bilər. Bu amillərə də diqqət etmək lazımdır. Ümumiyyətlə, elektrikli avtomobillər uzunmüddətli investisiya baxımından qənaətli ola bilər, amma avtosalonlarda ilkin qiyməti yüksəkdir. Əgər siz ekoloji təmizliyə və yanacaq qənaətinə üstünlük verirsinizsə, hibrid və ya elektriklə işləyən avtomobil yaxşı seçimdir”. Ə.Əliyev vurğulayıb ki, ili köhnə olan markalara satışlarda 3 -10 min manat endirim təklif edilir: “Məsələn, 15 min manata təklif olunan “Chevrolet” avtomobili 12 500 manata, 30 min manata olan “Hyundai” 21-22 min manata təklif olunur. 100 min manata olan premium seqmetli avtomobillərin qiyməti isə 85 min manata enib. Hətta 100 min manatdan yuxarı qiymətə satılan avtomobillərə 10 min manatdan çox endirim verənlər də var. İlin sonu olduğu üçün avtomobil bazarında bir qədər satış var”. Geri qayıt |