Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj...

Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj...


Bu gün, 16:57
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj...
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Deputatlar gündəlikdə olan 15 məsələnin müzakirəsinə toplanıblar. Qanun layihələrinin müzakirəsindən əvvəl bir neçə millət vəkili cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

Deputat Vüqar Bayramov ölkədə həyata keçirilən sosial siyasəti təqdir edib. Millət vəkili deyib ki, sosial təminatının daha da gücləndirilməsi “cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir”.

Deputat sosial yönümlü xərclərlə bağlı rəqəmlər səsləndirdi

"Bu, özünü dövlət büdcəsinin sosial yönümlü xərclərinin dinamik olaraq artmasında da göstərməkdədir. 44 günlük Vətən müharibəsindən sonra, yəni 2021-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin məbləği 12 milyard 202 milyon manat idisə, bu göstərici 2022-ci ildə 13.7 milyard manat, 2023-cü ildə 15.2 milyard manat, 2024-cü ildə 15 milyard 539 milyon və nəhayət 2025-c il üçün 16 milyard 909 milyon manat nəzərdə tutulub. Göründüyü kimi, sosialyönümlü xərclər hər il əvvəlki ilə nisbətən artımla icra edilib. Bu, eyni zamanda, 2021-c il ilə müqayisədə illik sosial ayırmaların gələn il 4 milyard 707 milyon artırılacağı deməkdir. Digər tərəfdən, son 5 ildəki sosial paketlərin maliyyələşdirilməsinə əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Bu müddətdə həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait yönəldilib və 2025-ci ilin proqnoz göstərici nəzərə aldıqda bu rəqəm 22 milyard manatadək yüksələcək”, - deyə Bayramov vurğulayıb.

“Onların saxta rəqəmləri heç bir halda Azərbaycanda güclənən sosial təminat sisteminə kölgə sala bilməz"

“Qərəzli və doğru olmayan sosial rəqəmlərə guya istinad edərək müqayisələr aparan marjinal və populist siyasi qüvvələrin isə diqqətinə ölkələrin rəsmi statistikasına əsaslanan bir sıra real göstəriciləri çatdırmaq istərdim. 2025-ci ildə Azərbaycanın dollar ifadəsində 10 milyard dollarlıq sosial ayırmaları Cənubi Qafqazın digər iki ölkəsinin birgə sosial xərclərindən 2.2 dəfə çox olacaq. Eyni zamanda, Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın xarici borclar və qrantlar ilə formalaşan ümumi büdcəsindən 67 faiz çoxdur. Əlavə müqayisəyə ehtiyac varmı? Bu baxımdan, yanlış müqayisə aparmağa cəhd edənlər diqqətli olsunlar və onların saxta rəqəmləri heç bir halda Azərbaycanda güclənən sosial təminat sisteminə kölgə sala bilməz", - deyə millət vəkili fikrini tamamlayıb.

“İlham Əliyev BMT qərarını həyata keçirib sonra Baş Katibini qalibiyyət paytaxtına gətirən tək rəhbər oldu”

İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc isə çıxışında Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edib: “1927-ci ildən başlayaraq, nüfuzlu “Time” jurnalı "İlin Adamı"nı elan edir. 100 illik mükafatçılar sırasında Ruzvelt, Stalin, Çan Kayşi və onlarla dövlət rəhbərləri ilə yanaşı, İraqa və Əfqanıstana qoşun yeridən liderlərin də adları var. Lakin bizi çoxmilyonlu dərginin əsaslandığı seçimin meyarları deyil, SSRİ-nin dağılmasında və yeni dünya təhlükəsizliyinin qurulmasında müstəsna rol oynayan Qarabağ konfliktini həll edən bir liderə ədalətli qiymətin verilməsi düşündürür. Yaxşı xatırlayırıq ki, 1989-cu ilin 25 dekabrında “Newsweek” jurnalı üz qabığını “İlin xalqının azadlığı üçün ayağa durun” sərlövhəsi ilə bəzəyərək, azərbaycanlıları dünyaya nümunə göstərmişdi. Əlbəttə, məqsəd əsla millətimizin müstəqillik mübarizəsinə dəstək deyil, SSRİ-nin dağılmasına təkan vermək idi. Cəmi 3 il sonra nəinki Amerika mediası, o cümlədən, qlobal Qərb mətbuatı xalqımızı ermənilərə qarşı çoxsaylı milli-dini cinayətlərdə ittiham edərək, ona qarşı sanksiyalara çağırırdılar”.

“Uzun illər meydanlarda millətin gələcəyini istismar edənlər “Newsweek” jurnalının üzünü görmədikləri qərarını öz nailiyyətləri kimi təqdim edərək, “ilin xalqı”nı bir milyonluq köçkünə, ölkəsini çadırlar və çiy kərpiclər məmləkətinə çevirdilər. 2022-ci ildə də eyni üsulla Konqres, Bundestaq və Senat binalarında şərəfinə titutllu sözlər və mükafatlar yağdırılan Volodimir Zelenskini Çörçildən böyük elan edib məğrur ukrayna xalqını didərginə, ərazisini xarabazarlığa çevirdilər. Ona görə Azərbaycan xalqının lideri İlham Əliyev heç bir dünyəvi ada, titula iddia etmədən, öz millətinin xilaskarı kimi çıxış edərək, qlobal layları tərpətməyi bacardı. BMT qərarını həyata keçirib sonra Baş Katibini qalibiyyət paytaxtına gətirən tək rəhbər oldu”, - deyə Z.Oruc bildirib.

“Qorxurlar ki, İlham Əliyevi “ilin adamı” elan etsələr...”

Millət vəkili qeyd edib ki, “biz “Time jurnalı”nın Azərbaycan liderini və xalqını 2024-cü ilin qalibi elan etməsini” gözləmirik: “Lakin İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən icazəsiz qazanıldığı üçün qlobal müharibə partiyası, onun mətbuat şəbəkəsi ölkə rəhbərinə qarşı çirkli kampaniya aparır. Qələbəmizi əlimizdən almağa, mümkün olmadıqda onu ləkələməyə çalışanlar qorxurlar ki, İlham Əliyevi “ilin adamı” elan etsələr, əsarətə və işğala məruz qalan bütün xaqlara lider nümunəsi, millətlərə parlaq simvol verərlər. Zəfərdən sonra bütün qitələri, dinləri və mədəniyyətləri İqlim Zirvəsinə toplayan dövlət başçısı dünyadakı siyasi böhranlara və nüvə təhülkəsinə yol verməmək üçün hamını sülhə çağırır”.

“Polşa Prezidentinin "binokl siyasətinə" qoşulması təəssüf doğurur”

“Bəli, azərbacanlılar 1989-cu ildə deyil, məhz indi, çoxəsrlik məğlubiyyət və köçkünlük tarixini yendikdən sonra dünyanın bir nömrəli xalqına çevriliblər. Türk dünyası, müsəlman aləmi, nəhayət, ədalət tərəfdarı olan hər bir insan qələbəmizi özününkü saya bilər. Əsl "Time" bir ilin deyil, bir əsrin lideri olmaqdır!”, - Z.Oruc fikrini tamamlayıb.

Deputat Aydın Mirzəzadə isə Polşa Prezidenti Anjey Dudanın Azərbaycan əleyhinə addımını tənqid edib. Millət vəkili deyib ki, Polşa Prezidenti yazılmamış bütün qanunları pozub: “Polşa Prezidentinin Ermənistanın alətinə çevrilməsi, "binokl siyasətinə" qoşulması təəssüf doğurur. Çox istəyərdik ki, Polşa hökuməti buna görə bizə cavab versin”.

Bəzi qanun və əsasnamələrə dəyişiklik qəbul edilib

Daha sonra deputatlar gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıblar. İclasda “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Gömrük orqanlarında xidmət haqqında və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamələrə dəyişikliklər müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən, prokurorluq orqanlarına qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyəcək.

Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər. Bundan başqa, sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar. Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər. Təklif olunan digər dəyişikliyə əsasən, intizam tənbehi verilən gömrük işçilərinə tənbeh götürülənə qədər xüsusi rütbələr verilməyəcək. Hazırda qüvvədə olan qanuna əsasən, barəsində cinayət işi qaldırılan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbə müvafiq olaraq cinayət işinə bəraət qazandıran əsaslarla xitam verilənə və ya xidməti araşdırma qurtarana qədər verilmir.

Layihəyə əsasən, gömrük orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti araşdırma qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilməyəcəklər. Öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə isə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.

Gömrük, daxili işlər və ədliyyə orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq. Qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Geri qayıt