Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı”

Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı”


Bu gün, 06:32
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı”
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov MDB ölkələrini istənilən provokasiyaya hazır olmağa çağırıb. O bildirib ki, qarşıdakı iki ay ərzində postsovet ölkələri ehtiyatlı olmalıdırlar.

Sitat:

“İstisna deyil ki, Baydenin getməyə hazırlaşan komandası daxili siyasi mübarizə çərçivəsində amerikalılar üçün Avrasiyadakı əsas regionlarda situasiyanı maksimum gərginləşdirməyə çalışacaqlar. Bu, ilk növbədə postsovet regionunda baş verəcək”.

Bayden hansı addımları ata bilər? Postsovet ölkələrinin yerləşdiyi Cənubi Qafqazda nələr gözlənilir? Azərbaycan üçün hansı təhlükələr var?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Bortnikovun səsləndirdiyi fikirlər diqqətə alınmalıdır, çünki o, FTX rəhbəridir və xeyli kəşfiyyat məlumatlarına malikdir:

“Bu tipli açıqlamalar bəzi hallarda təbliğat xarakteri də daşıyır. Keçmiş postsovet məkanında, Güney Qafqazda, müəyyən qədər də Orta Asiyada Qərblə Rusiya arasında rəqabət gedir. Buraya Ukrayna müharibəsini də daxil etsək, açıq qarşdurmanın olduğunu görərik. Yəni tərəflər savaş halındadır. Bir-birinə qarşı müxtəlif vasitələrdən istifadə etməklə müharibə aparırlar.

Bayden administrasiyasının gedərayaq postsovet məkanında müəyyən addımlar atmaq niyyəti ola bilər. Lakin hazırda buna imkanlarının olduğunu düşünmürəm, çünki öz dönəmlərinin sonuna yaxınlaşırlar, cəmi iki ay qalıb”.

Politoloqun sözlərinə görə, Kollektiv Qərb və ABŞ Gürcüstanda keçirilən parlament seçkilərinə şübhə ilə yanaşırlar:

“Gürcüstan hakimiyyətinə təzyiq etmək istəyirlər. Müxalifətin etiraz aksiyalarının ABŞ tərəfindən dəstəklənəcəyi ehtimalları var. Bu dəstəyin Gürcüstanda necə nəticələr verəcəyini söyləmək çətindir.

Bayden administrasiyası hakimiyyəti dövründə Ermənistan-Azərbaycan münaqişəsinə müəyyən qədər təsir etməyə çalışdı. Rəsmi Bakıya qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etdi, lakin heç bir ciddi uğur əldə edə bilmədilər”.
Geri qayıt