Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi

"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi


Bu gün, 02:09
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi
"Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütünlüklə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?"
Bu sözləri bu gün Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında bəzi deputatların 2025-ci il büdcə paketi ətrafında tənqidi çıxışlarına şərh verərkən deyib.

Xüsusilə, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun, eləcə də, Səyyad Aranın və Jalə Əliyevanın çıxışları spikerin etirazına səbəb olub.

Siyavuş Novruzov sənədsiz evlərlə, Naxçıvandakı sosial vəziyyətlə, eləcə də, sosial müdafiə sahəsindəki problemlərlə bağlı tənqidi fikirlər söyləyib. Hətta əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə mübahisə də edib.

Modern.az sayrının məlumatında deyilir ki, Komitə rəhbəri torpaqların kateqoriyasının dəyişməsinin problemə çevrildiyini bildirib: “Vətəndaş bunun üçün 6 nazirlikdən icazə almalı və axırda da baş nazir qol çəkməlidir”.

Deputat Səyyad Aran təmsil etdiyi dairədə sosial və mədəniyyət sahəsində vəziyyətə toxunub. Müharibə iştirakçılarına dövlət qayğısı ilə bağlı çatışmazlıqlar olduğunu deyib. Səyyad Aran bunları "xırda-para nöqsanlar" adlandırıb. O, məktəblərlə, bağçalarla bağlı da nöqsanlar sadalayıb.

Deputat Jalə Əliyeva sosial evlərin tikilməsinə icra orqanlarının həssas yanaşmadığını deyib, tibbi sığorta, xəstəxanaların vəziyyəti və sair haqda danışıb.

Səyyad Aran bütün bu nöqsanları "xırda-para" adlandırsa da, Milli Məclisin sədri deputatı və onun başqa "tənqidçi" həmkarlarını məsələləri "qlobal səviyyədə" təqdim etməkdə günahlandırıb.

Doğrudan da, deputatlar bir yandan, hökumətin bütün sosial siyasətini alt-üst edən, dövlətin aztəminatlı təbəqələrə büdcə rəqəmlərində hər il artan dəstəyini şübhə altına alan çıxışlar edirlər, o biri yandan isə, bunu "xırda-para" məsələlər adlandırırlar. Siyavuş Novruzov deyir ki, Milli Məclis diskussiya yeridir. Yəni burda nə istəsən danışmaq olar.

Doğrudan da, qanunla müəyyən edilib ki, Milli Məclisin deputatı parlamentdə söylədiyi fikirlərə görə məsuliyyət daşımır. Ancaq bu, onun, ümumiyyətlə, heç bir məsuliyyət daşımadığı anlamına da gəlmir.

Vəkil məhkəmədə öz müvəkkilini müdafiə edərkən hər cür faktdan və dəlildən istifadə edə bilər. Ancaq qanunla müəyyən edilmiş faktdan və dəlildən. Həqiqiliyi şübhə doğurmayan faktlardan və sübutlardan söhbət gedir. Bu, eynilə deputatlara da aiddir.

Milli Məclisin sədri də bu cür çıxışları əhali arasında "çaxnaşma salmaq" cəhdi kimi qiymətləndirir. Məsələ spikerin kimliyində də deyil; vaxtilə Hüseyn Abdullayev də Siyavuş Novruzov kimi Milli Məclisi "diskussiya klubu" kimi təsəvvür edəndə, parlament sədri də başqa bir adam idi, deputatların çoxu da. Onun parlamentdə əlbəyaxa çıxdığı Fəzail Ağamalı hazırda yüksək məbləğlə pensiyaya çıxıb, amma keçmiş deputat Hüseyn Abdullayev həbsxanaya düşüb. Adam həvəskar bəstəkar ola bilər, ancaq həvəskar siyasətçi olmaq olmur. O da ola deputat. Siyasətdə həvəskar olmaq da bir yerə qədər. Ancaq bir yerdə mütləq cəzalandırılır. Siyavuş Novruzov da, deyəsən, Hüseyn Abdullayevin yolunu getməyə çalışıb. Sanki indiyə qədər bu cür problemləri görmürdülər. Dəfələrlə deputat seçilən adamların dairələrində bu cür "xırda-para nöqsanlar" dəfələrlə artıbsa, millət vəkili də bunu görə bilməyibsə, bunu hara yazaq?! Ömrü boyu heç bir nöqsan "görməyib", birdən-birə millət dərdinin tərcümanı rolunu oynamaq istəyən adamın çıxışı, əlbəttə, "çaxnaşma salmaq" kimi "tövsif" olunacaqdı.

Yeri gəlmişkən, əgər deputat əlində əsaslı dəlillər, həqiqi faktlar olmadan bunu publik müzakirəyə çıxarırsa, bu, artıq məsuliyyət yarada bilən bir vəziyyətdir.

Adətən belə məsələləri Azərbaycanda onların aid olduğu dövlət təşkilatları ilə işçi qaydada həll etmək təcrübəsindən istifadə olunur. Əslində dünya parlamentlərində də bu cür prosedurlar qoyulub. Məntiqi də sadədir: hər bir deputat öz dairəsindəki bütün şikayətləri parlamentin plenar iclaslarına daşısa, o zaman heç qanunvericilik işləri üçün vaxt və imkan da qalmaz. Bu, dünya mediasında da belədir; Türkiyə mediası, məsələn, fərdi oxucu şikayətləri ilə məşğul olmur. Çünki bununla məşğul olan səlahiyyətli orqanlar var. Mərhum Qənirə Paşayeva öz zamanında ona edilən bütün şikayət və müraciətləri plenar iclaslara çıxarsaydı, Milli Məclis gərək ancaq bunları müzakirə edəydi. Amma o, başqa deputatlardan daha çox problem həll edə bilirdi.

Eyni zamanda, dediyimiz kimi, "nə istəyirəm, deyirəm" yanaşması mütləq bir yerdə mənfi nəticələr doğurur. Elə həssas məsələlər var ki, onlar publik açıqlananda cəmiyyətdə silkələnmə, çalxalanma, Sahibə Qafarovanın dediyi kimi, çaxnaşma yarada bilər. Hərbi ekspert Ədalət Verdiyevə hərbi məsələlərlə bağlı şərhlər vermək səlahiyyəti verilmişdi. Peşəkar zabit kimliyinə güvənilmişdi. İndiyə qədər dövlətin müdafiə və təhlükəsizliyinə faydalı şərhlər verirdi. Ancaq son açıqlaması, məzmunu hərbi sirr təşkil edən məlumatları və görüntüləri yayması- bir ciddi səhv onun həyatını qaraltdı. Adam həbsə düşdü. Həm də belə ağır ittihamlarla.

Elə səhvlər var, sadəcə, səhvdir - bağışlanandır. Amma bəzən bu, bir nöqtədə "bağışlanmaz" kimi də qəbul edilə bilər. Milli Məclisin Daxili Nizamnaməsi, İntizam Komitəsi təkcə əlbəyaxa döyüşən deputatları, yaxud onlardan birini cəzalandırmaq üçün deyil. Eyni zamanda, dövlətin fikrincə, bağışlanmaz olan səhvlərə görə məsuliyyət tələb etmək üçün düşünülüb. Əslində bu qurum deputatların davranışından da çox, danışdıqları ilə məşğuldur. O cümlədən, parlament divarlarından kənardakı davranış və danışıqlarla. Məsələn, mərhum deputat Rəfail Cəbrayılov mandatından "parlamentdənkənar" məqsədlərlə istifadə etmişdi və cəzalanmışdı. Elə Siyavuş Novruzovun özü bir neçə il qabaq lazım olmayan vaxtda, lazım bilinməyən... toyda iştirakına görə az qala "outside" qalacaqdı, möcüzə sayəsində xilas oldu. Sadəcə, yüngül "siyasi zədələrlə" canını qurtardı. Ancaq indi, məşhur musiqili kinokomediyada deyildiyi kimi, bir az "zilə çıxıb". Xəbəri yoxdur ki, mandatı verən kimdirsə, musiqini də o, sifariş edir. Bu cür hallar təkrarlananda adamları "kamera orkestrinin konsertinə" göndərə bilərlər.

Yox, bu, zarafat deyil. Ya da çox ciddi zarafatdır. Ağır nəticələr verən qara yumor deyək.

Hərçənd elə mövzular var, onlarla zarafat eləmək olmaz. Çünki zarafat deyil! Yumorun istənilən rəngini qəbul etməyən mətləblər var. Məsələn, "postmüharibə sindromu" kimi. Cəmiyyət bu mərhələni bacardıqca tez, ola bildiyi qədər ağrısız, mümkün qədər itkisiz, ya da az itki ilə keçməlidir. Elə məsələlər var, bütövlükdə cəmiyyətin həssas nöqtəsidir.

Bilmirik, Siyavuş Novruzov tarixi necə bilir. İnqilabların mahiyyətindən necə anladığını da "Molotov kotleti" aydın göstərir. Vaxtilə demişdi ki, müxalifətçilər kitab oxumur. Ancaq özü nə oxuyub?! Əgər oxuyubsa. Tarix, həm də ən yeni tarix göstərir ki, ən dağıdıcı sosial partlayışlar, ən qanlı inqilablar, müharibələr belə bir sözdən, bir fikirdən, bir cümlədən başlayıb. Əgər, Milli Məclisin sədri Siyavuş Novruzovun, Səyyad Aranın və sair çıxışlarında "çaxnaşma" ehtimalının konturlarını görübsə, deməli, bu fikirlər xaosa, iğtişaşa, hətta inqiıaba çağırış kimi, səbəb verən, ya da bəhanə ola biləcək mesajlar kimi yozula da bilər. Demirik ki, belədir. Məhz belə yozula bilər.

Deputatlar bütün ölkələrdə bütün məsələləri müəllifi, yaxud təşəbbüskarı, ən azı tərəfdarı olduğu qanunlarla - qanunvericilik, hüquq alətləri ilə həll etməyə çalışır. Qanunvericiliyin, hüququn fəlsəfəsi budur. Hüquq üzrə fəlsəfə doktoru da bunu bilmirsə, onun ara-sıra fəlsəfə doktoruna görünmək "hüququ" var. Xalqa "dəlicəsinə sevgi nümayişi", "qəhrəmancasına populizm" dünyada çoxdan trenddən düşüb.

Əlbəttə, cəmiyyətin problemlərini qaldırmaq, demək, çatdırmaq lazımdır. Ancaq buna da gərək siyasi-mənəvi haqq qazana biləsən. Camaatın dərdini demək hələ camaatın dərdini çəkmək demək deyil. Hər halda bu, həmişə belə olmur. Hamıda olmur. "Xırda-para" məsələlərlə qəhrəman olmaq alınmır. Hardan və necə alındığı şübhə doğuran medallara daha birini əlavə etmək üçün bunlar yetməz.

Siyavuş Novruzov artıq az qala "əbədi deputat" statusu qazanıb; hər seçkidə qutudan çıxıb. Lap "kinder-sürpriz" kimi. İndi ağlına gəlib ki, Milli Məclisdə diskussiya etmək olar?! Axı vaxt vardı, elə Siyavuş Novruzov özü müxalifətçi, ya iqtidarçı, fərqi yoxdur, diskussiyaya cəhd edən bütün deputatların "ağzından vururdu". Özünü "diskussiya polisi" hesab edirdi; nəyi demək, nəyi deməmək lazım olduğunu "öyrədir", parlamentar davranış tənzimləyicisi, mənsub olduğu düşərgəyə sədaqət abidəsi rolunu oynayırdı. Amma indi özü gəlib, öz qazdığı "quyu"ya düşüb. Bu qədər müddətdə deputat mandatı daşıyan adamlar birdən ayılıb ki, sən demə...

...İndiyə qədər də Günəş Qərbdə batırdı axı.

Bahəddin Həzi,
Bizimyol.info
Geri qayıt