Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Şirvanda insult keçirən adama əlillik verilmir

Şirvanda insult keçirən adama əlillik verilmir


Dünən, 19:02
Şirvanda insult keçirən adama əlillik verilmir
Şirvan şəhər sakini Babayeva Elmira Bayım qızı şəhər Mərkəzi Xəstəxanasındakı özbaşınalıqdan şikayətçidir. Tribunainfo.az-a göndərdiyi şikayət məktubunda sözügedən şəxs bildirir ki, aylardır yollarda qalıblar.
O qeyd edib ki, Xavandi Samit Sədulla oğlu beyin insultu keçirib. O bildirib ki, əri yataq xəstəsidir, danışa bilmir, özü yemək yeyə bilmir. “22.09.2024-dən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında yatıb. Müalicə həkimi Elşən Qafarovdur. O, həm də həkim məsləhət komissiyasının üzvüdür. Mənim yoldaşıma əlillik təyin olunmalı olduğu halda xəstəni və bizi süründürməçiliyə salıb. 4 dəfə qəbulunda olmuşuq. Xəstənin də vəziyyəti ilə tanış olmasına baxmayraq hər dəfə bir bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşaml günlərinə təyin edirdi”.
Elmira Babayeva yazır ki, bir neçə gün bundan əvvəl qəbulunda olduqları Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar edib. “Deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib. Xəstəyə I qrup əlillik təyin olunmalıdır. Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir xəstənin vəziyyəti Bakıda dəyərləndirilməlidir. 1-cisi xəstənin müalicə həkimi elə o Elşən Qafarovun özüdür. Həkim kimi özü özünü nə üçün inkar edir ?! 2-si 22.09.2024-dən 14.10.2024-cü ilədək xəstəxanada müalicə alarkən bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır ?”
Şirvan sakini deyir ki, ailəsinin maddi durumu ağırdır. 7 nəfərlik ailə üzvləri bir yerdə yaşayır. “Ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Demək olar ki, ölüm ayğında olan həyat yoldaşıma əlillik verilməsi üçün kommisiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər”.
Şikayətçi şikayətinin araşdırılmasını, həyat yoldaşına əlillik dərəcəsinin verilməsini istəyir. Bununla əlaqədar olaraq, o, dövlət başçısı və Birinci Vitse-Prezidentə müraciət edərək, onlardan kömək istəyib.

Geri qayıt