Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edirBu gün, 14:15 |
Sabah, noyabrın 28-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlu Əliyevin verdiyi iddia üzrə məhkəmənin hazırlıq iclası olacaq. Musavat.com xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hazırda sabiq deputata qarşı şabranlı sahibkar Mansur İbrahimovun iddiasına baxılır. Mansur İbrahimov “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılmasını” tələb edir. O, bu iddia ilə 6 il əvvəl Şabran Məhkəməsinə müraciət edib. Məhkəmə sahibkarın iddiasını təmin edib. Lakin illərdir ki, qarşı tərəf olan sabiq deputat ən müxtəlif iddia, vəsatət və şikayətlərlə Mansur İbrahimova məxsus bağların ona qaytarılmasını əngəlləyir. Mansur İbrahimov Musavat.com-a deyib ki, sabiq deputat məhkəməyə müraciət etmək hüququndan sui-istifadə edir: “Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər, iddilar parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı. Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etdikləri iddia da bu qəbildəndir, artıq 3-cü dəfədir ki, verilib. Ona görə də bu sürtülmüş, məhkəmələrdə dəfələrlə baxılmış iddiaya yenidən baxılana kimi proses dayandırılıb. Ümid edirəm ki, hakim Fərman Həmidli dəfələrlə baxılıb rədd edilmiş, sırf vaxt uzatmağa hesablanan sürtülmüş iddianı rədd edəcək”. Mansur İbrahimov bildirib ki, uzun illərdir ki, Şabran rayonu ərazisində bağ torpaq sahələri PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev tərəfindən zəbt olunub: “6 il əvvəl zəbt olunmuş bağlarımın, “Turaz” və “Dostluq” adlı şirkətlərimin zəbtdən azad edilməsi üçün Şabran rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə xeyrimə qərar versə də, qarşı tərəf olan İlham Əliyevin şikayət vermə hüququndan sui-istifadəsi nəticəsində bu günə qədər bağlarım zəbtdədir. Məhkəmələrin isə sonu görünmür. İlham Əliyev qayınatası vəzifədə olarkən mənə onun əlaqələrindən istifadə etməklə təzyiqlər göstərib bağlarımı zəbtdə saxlayırdı. Bu gün isə eyni mahiyyətli, əsassızlığı, qanunsuzluğu məhkəmə qərarları ilə təsdiq olunan iddialarla, vəsatətlərlə, şikayətlərlə vaxtı uzatmaqla bağlarımı zəbt altında saxlayır. İlham Əliyev 6 ildir ki, məhkəməyə şikayət vermə hüququndan sui-istifadə etməklə məhkəmə davalarını sonu görünməyən bir şouya çevirib. Ən son belə şou-iddia ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib. 2024-cü il mayında Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə onun İlham Əliyevə qarşı iddiasına baxılarkən qarşı tərəf prosesin uzadılmasına xidmət edən növbəti vəsatətlə çıxış etdi. İlham Əliyev mənə, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair vəsatətlə çıxış etdi. Hakim Fərman Həmidli vəsatətin əsassız və qanunsuz olduğunu əsas gətirib rədd etdi. Bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etdilər. Hakim Almaz Süleymanova İlham Əliyevin şikayətini qanunsuz və əsassız hesab etdi. İş materialları yenidən baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidlinin icraatına qaytarıldı. Əvvəldən də bəlli idi ki, bu şikayətləri də qanunsuz və əsassızdır, sadəcə vaxt uzatmağa xidmət edir. Belə də oldu, 1 aydan artıq müddət sərf olundu, İlham Əliyevin şikayəti təmin edilmədi. Bundan sonra da gah vəkili qəfil xəstələndi, gah guya barışıq üçün vaxt istədilər. Sonra da vəkilin atası, ardından da qardaşı rəhmətə getdi. Artıq 2024-cü ilin noyabr ayıdır, iddiam üzrə məhkəmə baxışı isə yekunlaşmayıb. Halbuki mən iddianı 2020-ci ilin sentyabrında qaldırmışam. 4 il 2 aydır ki, Azərbaycan məhkəməsinə iddiam üzrə qərar verilməsinə imkan vermirlər. Azərbaycan məhkəməsini heç bir əsası olmayan, sırf vaxt uzanmasına xidmət edən vəsatətlərlə, iddialarla məşğul edirlər. Bu qəbildən olan daha bir iddianı Sumqayıt Kommersiya Məhkəməsinə veriblər. Hansına ki, Sumqayıt Kommersiya Məhkəməsində baxılıb! İlham Əliyev Sumqayıt Kommersiya Məhkəməsində bu ilin mayında mənə, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair vəsatətlə çıxış edib və qeyd etdiyim kimi, hakim Fərman Həmidli vəsatətin əsassız və qanunsuz olduğunu əsas gətirib rədd edib. Sumqayıt Apellyasiya Məhkəməsinə şikayətlərini də hakim Almaz Süleymanova təmin etməyib. Bununla belə, eyni vəsatəti 6 ay sonra iddia şəklində Sumqayıt Kommersiya Məhkəməsinə təqdim ediblər. Məhkəmə də həmin iddianı icraata götürüb. Sizdən xahiş edirəm ki, Azərbaycan məhkəməsindən bu şəkildə istifadə edilməsinin qarşısı alınsın. Bu, sırf hüquqdan, məhkəməyə müraciət hüququndan sui-istifadədir. Sizdən xahiş edirəm ki, məhkəmədən bunca sui-istifadənin qarşısını alın. Bu adamlar məhkəməyə müraciət hüququndan bağlarımı mümkün qədər uzun müddət zəbt altında saxlamaq üçün istifadə edirlər”. Mansur İbrahimov deyib ki, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova da müraciət edərək qarşı tərəfin məhkəməyə əsassız, hüquqdan sui-istifadə etməklə müraciətlərinin qarşısının alınması üçün müvafiq göstərişlər verilməsini, işin şəxsi nəzarətinizə götürülməsini xahiş edib. Geri qayıt |