Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Güzəştli kreditlərə hamının "əli çatırmı"?

Güzəştli kreditlərə hamının "əli çatırmı"?


Bu gün, 16:27
Güzəştli kreditlərə hamının "əli çatırmı"?
"Büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair məlumata əsasən, 2025-ci və sonrakı üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib".

Bunu bunu parlamentin bugünkü plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, növbəti dövrdə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində payının artırılması və bir sıra digər çağırışlar aktual olaraq qalır.

Bu gün ölkədə əsas vəsait işğaldan azad edilmiş ərazilərə və müdafiəyə yönəlib. Bəs qeyri-neft sektorunun inkişafı deyərkən əsas gəliri hansı sahədən əldə edə bilirik?

İqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, qeyri-neft sektorunun inkişafından daha çox danışlır, ancaq bu istiqamətə diqqət zəifdir:

"Əslində bu gün qeyri-neft sektoruna dövlət büdcəsindən ayrılan vəsaitdən daha çox ona münbit vergi mühitinin yaradılması vacibdir. Çünki hazırda Azərbaycanda vergi sistemi iqtisadiyyatın toxumlarının əzilib öldürülməsi ilə məşğuldur. Hesab edirəm ki, müasir mərhələdə müdafiə qabiliyyətinin artırılması və Qarabağın, işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işləri bütün məsələlərdən vacibdir. Çünki həm Azərbaycana beynəlxalq təzyiqlər güclüdür, bunu qarşılamaq üçün müdafiə qabiliyyətini yüksəltməlidir. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə varlığını gücləndirməlidir ki, bütün dünyaya öz torpaqlarını bərpa etdiyini göstərsin".

Ekspertin fikrincə, ancaq bir istiqamətə fokuslanıb digər istiqamətləri, ölkənin iqtisadiyyatını da unutmaq olmaz:

"Qeyri-neft sektoruna ayrılan vəsait nədir? Belə ki, qeyri-neft sektoruna ayrılan vəsait güzəştli kreditlərdir. O güzəştli kreditləri kimlərin aldığı çoxlarına bəlli deyil. Ancaq o bəllidir ki, həmin güzəştli kreditlərə hamının əli çatmır. Yəni, hamının əli çatan, münasib qiymətə olan, normal həcmdə olan kreditlər verilməlidir. Güzəştli faizlə əldə edilən bu kreditin kapital olaraq istehsala və yaxud xidmətə yatırıb gəlir əldə etməsi üçün münbit vergi mühiti olmalıdır.

Məsələn, ötən ilin yanvar ayından Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə fəaliyyətə başlayan mikrosahibkar 20 faiz vergi verməlidir. Eləcə də 500 manata kassa aparatı almalıdır. Digər xərcləri də bunun üzərinə gələndə sahibkarlığa başlayan şəxsin birinci aydakı vergi sisteminə ödəməli olduğu xərc təxminən 1000 manata yaxındır. Bu nə deməkdir? İş görmək istəyən sahibkardan birinci gün həmin məbləği nəyə görə alırsız? Vergi sisteminə dəyişiklik edilməlidir. Hesab edirəm ki, ən vacib məsələ Milli Məclisdə Vergi Məcəlləsinin müzakirəsi olmalıdır".

Geri qayıt