Əsas Səhifə > Ana xəbərlər, Güney Press > ABŞ səfiri söylədi, İrəvan etiraf etdi

ABŞ səfiri söylədi, İrəvan etiraf etdi


Bu gün, 10:30
ABŞ səfiri söylədi, İrəvan etiraf etdi
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan və Ermənistanın hidroloq və mühəndislərinin bölgədə sərhəd çaylarının su ehtiyatlarının vahid idarəetmə sxeminin yaradılması istiqamətində birgə işi barədə məlumat verib. Səfir bu işi dəstəklədiyini bildirib. Ancaq bundan dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi xəbəri təkzib edib. Ermənistan XİN sərhədyanı su ehtiyatlarının idarə edilməsində Ermənistanla Azərbaycan arasında rəsmi əməkdaşlığın olmadığını bildirib. Ancaq Ermənistan XİN-in açıqlamasındakı sonrakı cümlə təmasların etirafına işarədir: “Bu mövzuda təmaslar yalnız iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olub”.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub:

"O deməyib ki, su ehtiyatlarının birgə idarə olunması mövzusunda iki ölkənin rəsmiləri danışıqlar aparırlar. Səfirin sözlərinə görə, Vaşinqton təmasları dəstəkləyir. Bəs niyə Ermənistan XİN tərəfdaşı olan ölkənin səfirinin sözlərini dərhal təkzib etmək istəyib? Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayarkən, bölgənin ekologiyasına böyük zərər vurub. İndinin özündə Ermənistan Araz çayını çirkləndirir və rəsmi Bakı bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırır. Ermənistandakı müəssisələr və mədənlər çirkli sularını və tullantılarını Araz çayına axıdırlar. Ona görə bu problem də iki ölkə arasında müzakirə predmeti olmalıdır. Rəsmi İrəvan bilir ki, ətraf mühitin çirklənməsində məsuliyyəti var. Bu səbəbdən rəsmi danışıqlardan yayınmağa çalışır".

Geri qayıt