Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var

Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var


Bu gün, 07:14
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var
Ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı çox deyil.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021/2022-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı 5765 nəfər, 2022/2023-cü tədris ilində 6223 nəfər, 2023/2024-cü tədris ilində isə artaraq 6 680 nəfər olub. Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda isə Azərbaycanda 2022-2023-cü tədris ilində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaşın təhsil aldığı qeyd olunub.

Onu da qeyd edək ki, Azərbaycana təhsil alan xarici tələbələr arasında Türkiyədən gələnlər üstünlük təşkil edir. Belə ki, 3 021 tələbə ilə Türkiyə ilk sırada, 1 069 tələbə ilə İran ikinci, 609 tələbə ilə Rusiya üçüncü yerdə dayanır.

100-dən çox ölkədən cəmi bu qədər tələbənin gəlməsinin səbəbləri nələrdir? Bu sayı artırmaq üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov bir sıra məqamlardan bəhs edib.

O bildirib ki, xarici ölkələrdən Azərbaycana təhsil almaq üçün gələn tələbələrin sayının təxminən 9 min nəfər civarında olması ölkəmizin ali təhsil sektorunun beynəlxalqlaşma prosesində irəliləyiş göstərdiyini, lakin potensialın tam olaraq istifadə edilmədiyini göstərir: “Xarici ölkələrdən gələn tələbələrin sayının artırılması yalnız ali məktəblərin maliyyə baxımından qazanclarını artırmaqla kifayətlənmir, həm də ölkənin ali təhsil sisteminin inkişafına, beynəlxalq əlaqələrin gücləndirilməsinə və mədəniyyətlərarası inteqrasiyanın təşviqinə mühüm töhfə verir. Bu sahədə rəqabət güclüdür və tələbələrin cəlb olunması üçün bir sıra strateji addımlar atılmalıdır”.

Mütəxəssis vurğulayıb ki, xarici tələbələrin sayını artırmaq üçün ilk növbədə Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalqlaşma səviyyəsini yüksəltmək lazımdır: “Universitetlərdə ingilis dilində tədris proqramlarının sayı artırılmalı, eyni zamanda, təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilməlidir. Hazırda bir çox tələbə beynəlxalq səviyyədə tanınan diplomlar almaq istəyir. Buna görə də Azərbaycan universitetlərinin beynəlxalq akkreditasiyalardan keçməsi və tanınmış reytinq sistemlərində mövqelərinin gücləndirilməsi prioritet olmalıdır. Məsələn, “QS World University Rankings” və “Times Higher Education” kimi reytinqlərdə yüksək yerlərdə qərarlaşmaq tələbə cəlbində böyük rol oynayır”.

Kamran Əsədov ikinci mühüm amilin xarici tələbələr üçün daha əlverişli mühit yaratmaqdan ibarət olduğunu bildirib: “Bu, ilk növbədə, onların yaşayış şəraitinin, o cümlədən yataqxana yerlərinin artırılması və keyfiyyətinin yaxşılaşdırılması ilə mümkündür. Eyni zamanda, tələbələr üçün viza prosedurlarının sadələşdirilməsi və təhsil haqqı ödənişlərində güzəştlərin tətbiqi onların Azərbaycana marağını artırar. Hazırda bəzi ölkələr, xüsusilə Avropa və Asiya dövlətləri xarici tələbələri cəlb etmək üçün təhsil haqqını azaltmaq, hətta pulsuz təhsil imkanı təklif etməklə böyük uğur qazanır.

Azərbaycanın mədəni müxtəlifliyi və təhlükəsiz mühiti xarici tələbələr üçün böyük üstünlükdür. Bu faktoru nəzərə alaraq, ölkəmizin universitetləri mədəniyyətlərarası dialoq və müxtəliflik mövzusunda kampaniyalar təşkil etməli, beynəlxalq tələbələrə uyğunlaşdırılmış proqramlar təqdim etməlidir. Həmçinin, xarici ölkələrdə Azərbaycanın təhsil imkanlarının geniş tanıdılması üçün effektiv marketinq strategiyaları tətbiq olunmalıdır. Məsələn, beynəlxalq təhsil sərgilərində fəal iştirak, sosial media kampaniyaları və xaricdəki Azərbaycan səfirlikləri vasitəsilə maarifləndirici tədbirlər xarici tələbələrin diqqətini çəkməkdə təsirli ola bilər”.

Müsahibimiz qeyd edib ki, beynəlxalq tələbələrin artmasının ali təhsil müəssisələrinin maliyyə baxımından qazanclarına təsiri olduqca əhəmiyyətlidir: “Xarici tələbələrdən alınan təhsil haqları universitetlərin maliyyə resurslarının artırılmasına, tədris mühitinin yaxşılaşdırılmasına və daha çox elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsinə imkan yaradır. Bundan əlavə, beynəlxalq tələbələrin xərcləri yalnız universitetlə məhdudlaşmır, eyni zamanda, ölkə iqtisadiyyatına birbaşa töhfə verir. Onların yaşayış, nəqliyyat və digər gündəlik xərcləri yerli iqtisadiyyatın inkişafını stimullaşdırır. Məsələn, UNESCO-nun məlumatına əsasən, beynəlxalq tələbələr ABŞ-a hər il təxminən 40 milyard dollardan çox gəlir qazandırır. Azərbaycan bu modeldən qaynaqlanaraq beynəlxalq tələbələrin iqtisadi təsirini gücləndirə bilər”.

Kamran Əsədovun sözlərinə görə, xarici tələbələrin artmasının başqa bir faydası da ali təhsil sektorunun beynəlxalq əlaqələrini genişləndirməkdir. Belə ki, həmin tələbələr məzun olduqdan sonra Azərbaycanın “təhsil səfirləri” kimi çıxış edərək ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verə bilərlər: “Xarici tələbələrin iştirakı təhsil prosesində müxtəlif mədəniyyətlərin və ideyaların qarşılıqlı təsirini təmin edir ki, bu da həm yerli tələbələrin, həm də müəllimlərin bilik və bacarıqlarını genişləndirir.

Azərbaycanda xarici tələbə sayını artırmaq üçün əlavə olaraq aşağıda qeyd etdiyim tədbirlər həyata keçirilə bilər:

1. Xarici tələbələr üçün xüsusi təqaüd proqramlarının yaradılması. Məsələn, Türkiyədə “Türkiye bursları” kimi proqramlar xarici tələbələri geniş şəkildə cəlb edir.

2. Beynəlxalq tərəfdaşlıq əlaqələrinin artırılması. Xarici universitetlərlə ikili diplom proqramları, mübadilə proqramları və birgə tədqiqat layihələri təşkil etmək tələbələrin marağını artırar.

3. Universitetlərdə beynəlxalq tələbə xidmətlərinin gücləndirilməsi. Xarici tələbələrə dəstək mərkəzlərinin yaradılması, dil kurslarının təşkili və mədəni adaptasiya proqramlarının tətbiqi mühüm əhəmiyyət kəsb edir”.

Ekspert vurğulayıb ki, ümumilikdə, xarici tələbələrin sayını artırmaq Azərbaycanın ali təhsil sektorunun beynəlxalq səviyyədə rəqabət qabiliyyətini gücləndirə, iqtisadi inkişafına töhfə verə və ölkənin qlobal təhsil xəritəsində daha əhəmiyyətli mövqeyə sahib olmasına şərait yaradar.

Onun fikrincə, bu məqsədə çatmaq üçün strateji yanaşmalar və müasir təhsil modellərinin tətbiqi vacibdir.
Geri qayıt