Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir”

“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir”


Bu gün, 09:28
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir”
Əksər dövlət qurumları, eləcə də özəl şirkətlər ilin sonu yaxınlaşdıqca işçiləri məcbur edirlər ki, yaydan qalan əmək məzuniyyətini götürsünlər. Məzuniyyətə çıxmayacaqları təqdirdə onlara kompensasiya ödəməyəcəklərini bildirirlər. Bununla bağlı sosial şəbəkələrdə vətəndaşların şikayətlərinə çox rast gəlinir. Müxtəlif yerlərdə çalışan şəxslər bu məsələdə hüquqşünaslardan məsləhət istəyirlər.

Bəs əmək məzuniyyətinə çıxmaq məcburidirmi? Bu məsələ qanunla necə tənzimlənir?Ümumiyyətlə, harada işləməsindən və vəzifəsindən asılı olmayaraq, istənilən şəxs ödənişli məzuniyyətə çıxa bilərmi?

Əmək məzuniyyəti kimlərə verilir?

Əmək Məcəlləsinə əsasən, həm dövlət, həm də özəl işdə çalışan və əmək müqaviləsi olan hər bir kəsin ödənişli məzuniyyətə çıxmaq hüququ var. Ödənişli məzuniyyət o deməkdir ki, işçi işə getmədiyi, yəni məzuniyyətdə oldğu halda maaşını da alır.

Yeni işə başlayan şəxs 6 aydan sonra məzuniyyət götürə bilər. Məzuniyyət müddəti minimum 21 gündür. Lakin vəzifəsindən asılı olaraq bəzi işçilərə 30 gün, eləcə də ümumi əmək stajına görə əlavə məzuniyyət verilir. Məsələn, işçinin 5 ildən 10 ilədək əmək stajı olduqda 2 gün, 10 ildən 15 ilədək stajı olduqda 4 gün, 15 ildən çox stajı olduqda isə 6 gün əlavə məzuniyyət verilir. Bundan başqa, 14 yaşadək iki uşağı olan qadınlar əlavə 2 gün, ikidən daha çox uşağı olanlara isə əlavə 5 gün məzuniyyət verilir. 5 günlük əlavə məzuniyyət 16 yaşadək sağlamlıq imkanları məhdud uşağı olan qadınlara da şamil edilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ var.

Pedaqoji və elmi fəaliyyətlə məşğul olan bəzi işçilər 56 gün, müharibədə xəsarət alanlar, eləcə də Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları və digər işçilər 46 gün, əlilliyi olan şəxslər 42 gün məzuniyyətə çıxa bilər. Bəs əmək məzuniyyətini hissələrə bölərək, gələn ilə də saxlamaq mümkündürmü?

DƏMX: İşçinin məzuniyyətini növbəti ilə saxlamaq hüququ var

Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlayır və növbəti ilin həmin günü başa çatır. 1 iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Əgər işçi bundan əvvəlki il məzuniyyətə çıxmayıbsa, yəni onun 2 iş ilinə görə məzuniyyət hüququ varsa, o, məzuniyyətindən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Amma bu zaman işəgötürənin də razılığı mütləqdir. İşçi və işəgötürən ayrı-ayrılıqda əmək məzuniyyətini başqa vaxta keçirə bilməzlər. Bu, hökmən hər iki tərəfin razılığı əsasında olmalıdır:

“Yəni işçinin arzusu və işəgötürənin razılığı ilə məzuniyyət hissələrə bölünərək, verilə bilər. Bu şərtlə ki, əmək məzuniyyətinin bölünmüş hissələrindən birinin müddəti 2 həftədən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildikdə, onun qalan hissəsi məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunədək, yaxud da işçinin arzusu ilə növbəti iş ilinin məzuniyyəti ilə birləşdirilib, verilə bilər”.

Vəkil: “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir”

Bəs ilin sonu yaxınlaşdıqca işçilər hansı səbəbdən məcburi məzuniyyətə göndərilir? Vəkillər Kollegiyasının üzvü Rəsul Cəfərovun fikrincə, əksər şirkətlər bunu kompensasiya ödəməmək üçün edirlər, amma bu, qanun pozuntusudur. Əgər işçi hər hansı səbəbdən əmək məzuniyyətindən istifadə etmək istəmirsə, bu zaman ona müvafiq hesablanmış qaydada kompensasiya məbləği ödənilməlidir:

“Bəzən elə olur ki, məzuniyyət növbəti ilə qalır və həmin ildə də işçi işdən çıxır. Onun işdən çıxma səbəbindən asılı olmayaraq, əvvəlki ildə istifadə etmədiyi məzuniyyətə görə işəgötürən ona kompensasiya ödəməlidir. İşəgötürən də pul vermək istəmədiyi üçün işçilərə bildirir ki, il bitənə qədər öz məzuniyyət hüququnuzdan istifadə edin. İşəgötürən faktiki məzuniyyətin növbəti ilə keçirilməsinə razılıq vermir, bunu istəmir. Bu zaman artıq işçi özü qərar verməlidir – istəsə məzuniyyətindən istifadə edər, istəməsə yox”.

R.Cəfərovun sözlərinə görə, məzuniyyətini başqa vaxta keçirmək və kompensasiya almaq işçinin hüququdur. Amma digər tərəfdən də işəgötürən işçinin istirahət saatlarını, məzuniyyət günlərini təmin etmək vəzifəsini daşıyır. Bu səbəbdən də qarşılıqlı razılaşma əldə olunmalıdır.

Hüquq müdafiəçisi: “Məzuniyyət yalnız işçinin ərizəsi əsasında verilə bilər”

Mütəxəssislər hesab edir ki, bəzi işçilər də bu məsələdə sui-istifadə hallarına yol verirlər. Kompensasiya almaqdan ötrü heç bir halda məzuniyyətə çıxmaq istəmirlər.

“Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası“nın sədri Sahib Məmmədovun sözlərinə görə, işçinin məzuniyyətə çıxması Əmək Məcəlləsinin tələbidir. Amma bir çoxu bu hüquqlarından imtina edərək, məzuniyyət ərizəsi yazmırlar.

“Əmək Məcəlləsinə əsasən, əgər işçi məzuniyyət ərizəsi yazmırsa, ona məzuniyyət verilə bilməz. Məzuniyyət yalnız işçinin ərizəsi əsasında verilə bilər. Ona görə də bu çox ciddi problem yaradır. İşçilərin bir çoxu ərizə yazmırlar, işdə qalırlar, həm əməkhaqqı, həm də kompensasiya alırlar. Amma indi Əmək Məcəlləsinə dəyişiklik ediləcək. İşəgötürənin hüququ olacaq ki, işçi ərizə yazmasa belə onu əmək məzuniyyətinə məcburi göndərə bilsin”, – S. Məmmədov bildirib.

Məcəlləyə ediləcək dəyişiklikdən kim qazanacaq: işçi, yoxsa işəgötürən?

Əmək Məcəlləsində hazırda məzuniyyətə görə məcburilik tələbi yoxdur. Amma məcəlləyə təklif edilən dəyişikliklərə əsasən, məzuniyyətin digər təqvim ilinə keçirilməsi ilə bağlı hallar müəyyən edilir. Buna səbəb bir çoxunun kompensasiya xatirinə məzuniyyətdən imtina etməsidir.

Mütəxəssislərin fikrincə, qanunvericiliyə nəzərdə tutulan bu dəyişikliklər daha çox işəgötürənin xeyrinə olacaq. Amma müəyyən işlər də var ki, orada çalışan insanlar əmək qabiliyyətini bərpa etmək üçün mütləq istirahət etməlidir. Çünki məzuniyyət işçinin həm istirahəti, həm də əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulub.

Ancaq hələ ki, indiki Əmək Məcəlləsində işçinin məzuniyyətə çıxmamaq hüququ var. Bu halda məzuniyyət ya növbəti ilə keçirilməlidir, ya da kompensasiyası ödənilməlidir. Yəni işçi həm 1 aylıq maaşını, həm də istifadə etmədiyi məzuniyyətin pulunu almalıdır.

Əmək hüquqları pozulan şəxslər hara müraciət etməlidir?

Hüquqşünaslar bu məsələdə hüququ pozulan şəxslərə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməyi məsləhət görürlər. İşçilər şikayətlərini qurumun email ünvanına, sosial şəbəkələrinə, “142 çağrı mərkəzi”nə, eləcə də “DOST” mərkəzlərinə yaza bilər. Onlar mediasiyadan keçmək şərtilə işəgötürəni məhkəməyə verməklə də əmək hüquqlarını bərpa edə bilərlər.

İnzibati Xətalar Məcəlləsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək cərimə tətbiq edilir.

Geri qayıt