Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nə üzlə gəlmişdi, nə sözlə getdi

Nə üzlə gəlmişdi, nə sözlə getdi


Bu gün, 09:10
Nə üzlə gəlmişdi, nə sözlə getdi
73 yaşlı amerikalı konqresmen Frenk Peloninin (Frank Pallone) ölkəmizdən o cür, urvatsız şəkildə yola salınması onun indiyədək xalqımıza qarşı etdiklərinin cavabıdır.

Bu adam illərdir ki, həyatını “erməni məsələsi”nə həsr edib. ABŞ konqresində ermənilərin xeyrinə nə qədər sənəd varsa, hamısının altında bu şəxsin də imzası var – “erməni genosidi” haqqında qanun layihəsindən tutmuş Qarabağ məsələsinə dair petisiyalara qədər.

ABŞ konqresində, eləcə də ayrı-ayrı ştatların parlamentlərindəki deputatların, demək olar ki, hamısı başqa-başqa ölkələrin lobbi qruplarına daxil olduğu və bu, ABŞ-də normal sayıldığı üçün Peloninin ermənipərəstliyi dünya hegemonunun qanunvericilik orqanında qıcıq doğurmur. Bu işi görərkən Peloni nə qədər qeyri-obyektivlik, qərəzkarlıq etsə də, açıq-aşkar tərəf tutsa da, bunu nə ona, nə də başqa birinə irad tutmurlar.

Adamın daxilində isə haqq-ədalətdən, hətta cəsarətlə demək olar ki, vicdandan əsər-əlamət yoxdur. Şübhəsiz ki, o, fəal siyasətlə məşğul olduğu ilk vaxtlardan, ötən əsrin 90-cı illərindən ta bu günə qədər Azərbaycan-Ermənistan münaqişəsinin bütün detallarını, ermənilərin ölkəmizin torpaqlarını 30 il işğal altında saxladıqlarını, Xocalı qətlimanın ağır nəticələrini, hər şeyi bilir. Ancaq bunu bilə-bilə bu adam qırmızı sifətlə yenə ermənilərin tərəfini tutursa, “siz də filan vaxt filan şeyi düz etməmisiniz” demirsə, demək, vicdansızdır.

Yəni Frenk Peloninin bu tutumu heç də təkcə erməni lobbisti olaraq erməni diasporundan maddi vəsait almasıyla bağlı deyil, onun içində şərə qulluq etmək azarı, xristian təəssübkeşliyi, müsəlman düşmənliyini mərəzi də var.

Hərdən biz demokratik və mədəni ölkələrin elitar təbəqəsinə mənsub olan yüksək ranqlı adamların çox nəcib insanlar olduğunu düşünür və yanılırıq. Onların sırasında da öz nəfsinə qul olan, yanlış düşüncələrinə əsir düşən, içlərinin xıltıyla yaşayan alçaq adamlar var. Belələrinin əlinə yüksək səlahiyyət keçəndə öz vətəndaşlarına qarşı xoşagəlməz hərəkət edə bilməsələr də, başqa ölkələrə münasibətdə bütün daxili idbarlıqlarını büruzə verirlər.

Bu baxəmdan COP29-un işində iştirak etmək üçün ölkəmizə gəlmiş Frenk Peloni indiyədək etdiklərinin cavabını aldı, adının yazıldığı transparantları gördü, qulağı “rədd ol” sədaları eşitdi.

İndi bir çoxlarına elə gəlir ki, bəlkə də Peloniyə qarşı barıtı bir az çox elədik. Başqa vaxt bizimkilər ölkəmizə yağı kəsilmiş məşhur əcnəbilərin fikrini dəyişdirmək, onları öz tərəfimizə çəkmək yolu tutardılar, bu dəfə elə olmadı.

Düzdür, 73 yaşlı konqresmen pişim-pişimlə yola gələnlərdən deyil. Hətta burada ona gələcəkdə bizim üçün lobbiçilik etməsilə bağlı müqavilə təklif olunsaydı, ABŞ-də təyyarədən düşən kimi brifinq keçirər, “Azərbaycanda məni rüşvətlə ələ almaq istədilər” deyərdi. İndi isə ən çoxu “məni Azərbaycandan qovdular” deyəcək.

Bu, onu göstərir ki, biz artıq özümüzü güclü, mövqeyimizi haqlı, belimizi bağlı sayırıq, Pelonini də heç Rusiyanın ölmüş deputatı Vladimir Jirinovski qədər ciddi fiqur saymırıq. Xatirinizdədirsə, həmişə bizə qarşı artıq-əskik danışan, postsovet ölkələrinə, o cümlədən Azərbaycana qarşı aqressiv çağırışlar edən Volfoviç bir dəfə Bakıya dəvət edildi, üzünə burada necə xoş baxdılarsa, adam Moskvaya qayıdandan sonra ölkəmizi digər SSRİ respublikalarına nümunə göstərdi.

Frenk Peloninin və onun kimilərin bənzər xidmətinə ehtiyac duymur, onlara havayı kürü yedirtmək istəmirik artıq. Bu, müsbət haldır.

Daha bir müsbət hal da odur ki, bizimlə düşmənçilik aparanları əvvəlki illərdə olduğu kimi “Allaha tapşırmaq” yolu tutmuruq.

1988-ci ildən ta güllələnərək öldürüldüyü 1998-ci ilin sabahkı gününə qədər, düz 10 il boyunca ermənilərlə nəfəs alan, onların hər şər işinə ortaq olan Qalina Starovoytova yadınızdadırmı? Bu qadın Rusiyanın Dövlət Dumasının məşhur üzvlərindən biriydi və ermənilərin sevimlisiydi, əleyhimizə gecə-gündüz iş aparırdı. Ona gücümüz çatmırdı, sözü düşəndə deyirdik, “Allah cəzasını versin”. Ancaq Qalina Starovoytovanın cəzasını axırda Sankt-Peterburqdakı evinin girəcəyində banditlər verdi, çünki bu qadın siyasi məsələlərdə qeyri-obyektiv olduğu qədər xarakteri etibarilə də tamahkar idi və öz intriqalarının qurbanı oldu. Maraqlıdır ki, bəzi media dairələri, hətta BBC kimi ciddi media qurumu Staravoytovanın ölümündə “Qarabağ izi” axtarsalar da, heç nə tapmadılar. Bir meddətdən sonra onu öldürən rusları tutub cəzalandırdılar, sifarişçinin kim olduğu isə ört-basdır edildi.

Əzizləndiyi yerə qaçan keçi kimi ildə iki dəfə Xankəndiyə gələn baronessa Kerolayn Koksa da gücümüz çatmırdı, nə onu bu qanunsuz səfərlərdən çəkindirə bilirdik, nə İngiltərədə kimsə baronessaya irad tuturdu. Artıq 4 ildir ledi Koksun ayağı üzrlü səbəbə görə Qarabağdan kəsilib. Yəqin ki, sabah o, Bakıdan keçməklə Xankəndiyə getmək istəsə Frenk Pelonidən artıq etirazla üzləşər. Çünki zamanında bizə çox pisliklər edib və onun etdikləri də unudulmayıb.

Bir sözlə, heyifimiz xalqımıza qarşı düşmənçilik edənlərdə qalmır.

Xalid KAZIMLI - musavat.com

Geri qayıt