Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar”
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar”Bu gün, 07:35 |
“Əslində, Ermənistanın hazırkı siyasətində heç bir yenilik yoxdur. Faktiki olaraq, Ermənistan dövləti yaranandan etibarən, onların rəhbərlərinin dediklərinə inanmağın özü sadəlövhlükdür. Burada söhbət ondan gedir ki, ermənilərin dedikləri ilə əməlləri heç vaxt üst-üstə düşməyib və onlar heç vaxt Azərbaycana qarşı ərazi iddiası, habelə digər iddialardan əl çəkməyib”. Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Nadir Şəfiyev deyib. Politoloq Ermənistanın silahlanması fonunda sülh danışıqlarından yayınması ilə verdiyi bəyanatları şərh edib. Onun sözlərinə görə, ilk gündən yürüdülən siyasət bu günə kimi davam edir: “Sadəcə olaraq, 2020-ci ildə onların burnu əzilmiş və sınmış vəziyyətdə idilər. Ona görə məcburiyyət qarşısında qalıb sazişin imzalanmasına getmişdilər və geri çəkilmişdilər. Hazırda isə beynəlxalq miqyasda havadarlarının aktivləşməsini görərək ermənilərin özləri də fəallaşırlar və həmin qudurğanlığı biz yenidən görürük. Bu, həmin Paşinyandır ki, biz nə qədər onu digərlərindən daha ağıllı saysaq da, Cıdır düzündə rəqs edirdi, kabab yeyib, araq içərək, azərbaycanlıları hədələyirdi və “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlədirdi”. N. Şəfiyev əlavə edib ki, bu gün vəziyyət bir qədər başqa cürdür: “Bu gün onlar zəif tərəfdir və ona görə də dilləri qısadır. Amma Fransa, Hindistan, Almaniya və digər Qərb dövlətlərinin onlara dəstək verməsi, eləcə də hazırda Donald Trampın seçilməsi ilə onun ətrafında vəzifəyə təyin olunmuş, ən azından, 3 nəfərin ermənipərəst mövqedə və Amerikanın erməni konqresi ilə yaxın münasibətlərdə olmaları erməniləri dikləşdirir. Amma qanuni və hüquqi tərəfi götürəndə hamı çox gözəl başa düşür ki, sülh müqaviləsinin imzalanmasında Azərbaycanın tələbləri tamamilə müvafiq normalara uyğundur. Çünki bu yaxınlarda Ermənistanın hüquqşünasları da bəyanat vermişdilər ki, həmin məsələ ilə bağlı hətta ratifikasiya dövründə də problem yarana bilər”. “Bu nə ilə bağlıdır? Əgər sülh müqaviləsi indi olduğu kimi imzalanarsa, Ermənistan konstitusiyasında dəyişikliklər edilməzsə və bunun ratifikasiyası üçün parlament razılıq versə belə, Konstitusiya Məhkəməsi onun hüquqi cəhətdən Ermənistan qanunvericiliyinə uyğun olmadığını təsbit edib ləğv edə bilər, yəni ratifikasiyanı qəbul etməz. Belə olan halda, sülh müqaviləsi, sadəcə olaraq, bir kağız parçası olacaq. Bunun üçün heç uzaq gələcəyi də gözləmək də lazım deyil. Hazırda Ermənistanın mövcud Konstitusiya Məhkəməsi bu qərarı və müqaviləni təsdiqləməyəcək. Ona görə ki Ermənistanın konstitusiyasında göstərilən müstəqillik aktında Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd və ərazi iddiası var. Bu iddiaya da sülh müqaviləsi, habelə tərəflərin bir-birinin ərazi bütövlüyünün tanınması məsələsi qətiyyən uyğun gəlmir”, – deyə o, söyləyib. “O ki qaldı Ermənistanın hazırda ritorikasının getdikcə sərtləşməsinə, bu, beynəlxalq aləmdə müəyyən dəyişikliklərin baş verməsi, Ermənistanın silahlandırılmasında Qərb ölkələri ilə Hindistanın xüsusi canfəşanlıq göstərməsi və təəssüflər olsun ki, eyni zamanda, bizim cənub qonşularımızın Ermənistana dəstək verməsi ilə bağlıdır. Son nəticədə isə bu, hazırda formalaşmaqda olan ABŞ-nin yeni seçilmiş prezidentinin ətrafında ermənipərəst qüvvələrinin olması ilə də əlaqədardır”, – həmsöhbətimiz fikirlərini yekunlaşdırıb. Geri qayıt |