Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan üçün sevindirici proqnoz

Azərbaycan üçün sevindirici proqnoz


Dünən, 17:19
Azərbaycan üçün sevindirici proqnoz
Bütün mənfi təşəbbüslərə rəğmən Azərbaycanda yüksək səviyyədə baş tutan COP29 sammiti fonunda ölkəmizə qarşı təzyiqlər daha da artır. Sammitdən sonra Qərbin Bakıya qarşı kampaniyanı gücləndirəcəyi proqnozlaşdırılır.

Avropa İttifaqı və bəzi siyasi dairələrin Azərbaycanı ekologiya və iqlim məsələsi deyil, məhz siyasi mövzuda sıxışdırmağa çalışması diqqət çəkir. Bakıda iqlim dəyişikliyi ilə bağlı vacib sammitin keçirildiyi müddətdə keçmiş qondarma rejimin separatçıları haqda çağırışlar edilir. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir.

Bu təzyiqlər COP29 yekunlaşdıqdan sonra bitəcək? Qərb cəhdlərinin uğursuzluqla nəticələndiyini görüb Bakı ilə münasibətləri normallaşdırmağa çalışa bilərmi?

Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, Qərblə Azərbaycan arasında soyuq müharibə hələ bir müddət davam edəcək:

“COP29 tədbiri Qərb üçün bir fürsət idi, bu tədbirdən istifadə edərək Bakıya təzyiq göstərməyə başladılar. Azərbaycan da bu hücumlara, şər-böhtanlara cavabsız qalmadı. Bakının xüsusilə Fransanın müstəmləkələri ilə bağlı mövqeyi təqdirəlayiqdir. Yeri gəlmişkən, Azərbaycanın neokolonializmə qarşı mübarizəsi Fransa, Hollandiya və bu qəbildən olan dövlətləri narahat edir.

Fikrimcə, Qərbin ölkəmizə qarşı təzyiqləri sammitdən sonra da davam edəcək. Lakin onu da qeyd etmək lazımdır ki, Donald Trampın ABŞ prezidenti seçilməsi ilə dünya siyasətində dəyişikliklər olacaq. Qlobalçıların müəyyən etdiyi bir tendensiya vardı. Trampın hakimiyyətə gəlişi onların planlarını bir qədər blokladı. Bu səbəbdən beynəlxalq güclər yeni dönəmə uyğun fərqli strategiya müəyyənləşdirəcəklər. Bunu nəzərə alaraq deyə bilərik ki, Azərbaycanla bağlı bəzi korrektələr ola bilər”.

Politoloq bildirib ki, hazırda Avropa İttifaqında sağçılar hakimiyyətə gəlir:

“Nəticədə Avropa siyasətinin palitrası dəyişir. Yəni bir dövlətin başı öz daxili işlərinə qarışa bilər. Bu da ölkəmizə qarşı təzyiqləri səngidəcək faktorlardandır. Trampın hakimiyyətə qayıdışının Avropa siyasətinə təsirləri olacaq”.

Geri qayıt