Əsas Səhifə > Ana xəbərlər, Güney Press > COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın...
COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın...12-11-2024, 14:56 |
Azərbaycanda noyabrın 22-dək davam edəcək BMT-nin COP29 tədbiri ayın 11-dən öz fəaliyyətinə başlayıb. Dünyanın xeyli ölkəsinin nümayəndəsi COP29 çərçivəsində Bakıda keçirilən tədbirdə, panellərdə iştirak edir, faydalı çağırışlar, təkliflər, tövsiyələr səsləndirirlər. Lakin fərqli səbəb və bəhanələr gətirərək tədbirə qatılmayan dövlətlər də oldu. Məsələn, Kanada, Hindistan, Çin, Avstraliya, Kanada, Belçika, Norveç rəsmiləri COP 29 tədbirində iştirakdan imtina ediblər. Həmçinin, Almaniya, İran, Braziliya, Böyük Britaniya, Rusiya rəhbərlikləri də müxtəlif səbəblərdən tədbirə qatıla bilməyəcəklərini açıqlayıblar. Onları tədbirdə üçüncü dərəcəli rəsmilər təmsil edəcək. İran prezidenti Məsud Pezeşkianın Bakıya gələcəyi ilə bağlı əvvəlcə müsbət cavab verəlsə də, sonradan Pezeşkian İsrail "təhlükəsinə" görə, ölkəni tərk edə bilməyəcəyini söyləyib. Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın COP 29-da iştirak etməməsinə də münasibət bildirib. O bildirib ki, Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib: "Ermənistan qeydiyyatdan keçsə də, hələ onlar tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb. Əgər Ermənistan tərəfi özü bu tədbirdə iştirak etmirsə, bundan başqa, regional əməkdaşlıqdan, ölkələrarası təmasdan danışırsa, bu, bir daha onu göstərir ki, Ermənistan bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Amma düşünürük ki, Ermənistan tərəfi konvensiyanın üzvü kimi dəvət almışdı və tərəf kimi də tədbirdə iştirak edə bilərdi. Hər bir halda Ermənistanın öz qərarıdır. Təkrar qeyd etmək istərdim ki, Azərbaycan konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Lakin Azərbaycana qarşı əks təbliğat kampaniyasında Ermənistan və onunla əlaqəli dairələr yaxından iştirak edirlər". Belarus prezidenti Aleksandr Lukaşenko da deyib ki, hazırda iqlim dəyişikliyi, xüsusən də qlobal istiləşmə ilə bağlı ölkələr tərəfindən görülən səylər yetərsizdir. Bəzi Qərb ölkə liderlərinin Bakıda keçirilən sammitdə iştirakdan niyə imtina etmələri ilə bağlı sualı isə Lukaşenko belə cavablandırıb: "Onlar düşünürlər ki, hər şey yaxşı olacaq və iqlim dəyişməyəcək. Başqa sözlə, onlar düşünür ki, onsuz da keçinərlər. Keçinə bilməzlər. Amma onların gəlməməsindən narahat olmağa dəyməz. Allah görür!”. Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, bir-birinə acıq edib bunu da Azərbaycandakı bəzi olmayan problemləri bəhanə edərək beynəlxalq tədbirə gəlməyən ölkələr, əslində dünyanın başına ekoloji problemləri açan ölkələrdir. Analitik vurğulayıb ki, yaratdıqları problemləri həll etmək əvəzinə buna saymazlıq göstərərək problemlərin həll olunmasına çalışılan tədbirə gəlməmək dünya ictimaiyyətinə qarşı hörmətsizlik və təhqirdir: "Məsələnin gülünc tərəfi odur ki, demokratiyadan dəm vuraraq tədbirə qatılmayan bir-iki dövlət rəhbərinin işarəsi ilə onların əlaltıları olan ölkələrin başçıları da Azərbaycana gəlməyib. Bəziləri də, məsələn İran, Hindistan kimi ölkələr də "bizim rəhbərimiz kimdən balacadır" prinsipini rəhbər tutaraq digər sayılan ölkə rəhbərlərinin acığına tədbirə gəlməyiblər. Təbii ki, burda erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətinin də müəyyən qədər təsiri var. Amma bunun geniş şəkildə olmadığı qənaətindəyəm. Bu, beynəlxalq tədbirdir. Tədbirin təşkili əslində hər dövlətə nəsib olan iş deyil, eyni zamanda da, hər dövlətin bacardığı iş deyil". Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın bu sahədəki təcrübə və imkanları bu kimi tədbirləri keçirməyə imkan verir: "Amma bir çox özündən razı ölkələr maliyyə və təcrübəsizlik, təşkilatı bacarığın olmaması səbəbindən belə tədbirlərin öz ölkələrində keçirilməsini arzu etsələr də, buna layiq görülmürlər. Bu da onları qıcıqlandırır. Hesab edirəm ki, tədbir Azərbaycan dövləti tərəfindən layiqincə keçiriləcək və başa çatdırılacaq. Azərbaycan COP29 tədbiri ilə dünyanın ekoloji problemlərinin həlli üçün öz töhfəsini verəcək. Bundan kənarda qalan dövlətlər utansın". Geri qayıt |