Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı

Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı


12-11-2024, 11:51
Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı
Dünən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Hazırda isə isə COP29-un liderlər sammiti keçirilməkdədir. Bütün dünyanın diqqəti Bakıda keçirilən COP29 tədbirinə cəmlənib. İştirakçılar iqlim dəyişmələrinin dünyaya vurduğu zərərlər və onların aradan qaldırılması imkanlarını, buna töhfələri müzakirə edir, təkliflərini səsləndirirlər.

Qeyd edək ki, noyabrın 11-də Bakıda COP29 tədbiri start götürüb. 190-a yaxın ölkənin nümayəndələrinin iştirak edəcəyi tədbir noyabrın 22-də başa çatacaq.

Təbii ki, COP29-un Azərbaycanda keçirilməsinə qarşı olan beynəlxalq qüvvələr isə maksimum çalışırlar ki, bu böyük tədbirə kölgə sala bilsinlər. COP-la bağlı məsələlər ətrafında AYNA-nın suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Cavid Vəliyev deyib ki, Azərbaycanın belə böyük tədbirlərə ev sahibliyi etmək təcrabəsi var:

- Ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlərin hamısı uğurlu olub. Dünən başlayan COP29-un da artıq uğurlu olacağına şübhə yoxdur. Bu tədbir Azərbaycan üçün əvvəlki tədbirlərdən bir qədər fərqlidir. Necə ki, biz dünyanı maraqlandıran digər məsələlərdə əlimizi daşın altına qoyduq, əmək sərf etdik, bu istiqamətdə də siyasət formalaşdırdıq, əmək sərf etdik. İqlim dəyişikliyi mövcud dövrdə artıq dünya üçün təhlükəsizlik problemidir. İqlim dəyişkənliyi dünya dövlətləri üçün az qala suverenlik məsələsidir. İqlimin dəyişməsi nəticəsində qlobal qida təhlükəsi, susuzluq təhlükəsi mövcuddur. Cənubi Qafqaz regionunun əsas ölkəsi olan Azərbaycan iqlim dəyişikliyinin bizim bölgəyə də vurduğu zərərləri hiss edirik. Bunun ən bariz nümunələrindən biri Ermənistanın işğal etdiyi və 30 il işğalda saxladığı ərazilərdə yaratdığı ekoloji problemlərdir. Çayların Ermənistan tərəfindən çirkləndirilməsi faktı var. Bu fəsadları bölgənin insanları öz həyatlarında hiss edirlər. Eyni zamanda, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqazın iqliminə kifayət qədər böyük ziyan vurmaqdadır. Təəssüflər olsun ki, Ermənistan işğala görə cəzalandırılmadığı, beynəlxalq ictimaiyyət tərəfindən qınanılmadığı kimi, Metsamor AES-ə görə də qınanmır. Azərbaycan iqlim dəyişikliyindən narahat olan bir ölkə kimi belə bir tədbirin keçirilməsinə ev sahibliyi etmək niyyətini ortaya qoydu.

- Amma COP29-un Azərbaycanda keçirilməsinə etirazlar da var...

- Əlbəttə, bunlar gözlənilən idi. Anti-Azərbaycan dairələrin fəaliyyətinin nəticəsidir ki, COP29-la bağlı Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır. Azərbaycan bu təşəbbüslə çıxış etdiyi, COP29-a ev sahibliyi etmək təşəbbüsünü ortaya qoyduğu gündən çox fərqli istiqamətlərdən hücumlara məruz qaldı. Amma bu hücumlarla yanaşı, Azərbaycana dəstək verən qüvvələr də var. Dünyanın ağlı-başında olan dövlətləri iqlim dəyişikliyinin qlobal ziyanlarını anlayırlar. Biz Azərbaycana gələn dövlət başçılarının, hökumət başçılarının, xarici ölkə nümayəndələrinin çıxışlarından görürük ki, Azərbaycana necə dəstək verirlər. Əlbəttə, COP29-da iştirak etməyənlər var, bu tədbirə gəlməyənlər var. Hesab edirəm ki, onlar bir tərəfdən məsələni siyasiləşdirirlər, ikincisi, onlar görünür ki, dünyanı maraqlandıran, narahat edən məsələnin həllində iştirakçı olmaq istəmirlər.

- Çoxlarının verdiyi sual var: COP29 bizə nə verir və ya nə qazandıracaq?

- Nəzərə almaq lazımdır ki, COP sıradan bir tədbir deyil və bütün dünyanın diqqətlə izlədiyi bir tədbirdir. Birincisi, Azərbaycan COP29-u təşçkil edərək, böyük müzakirə platformasını təşkil edərək bu istiqamətdə aktiv rol almış oldu. İkincisi, Azərbaycan iqlim dəyişikliyinə yönəlik yaranan təhdidlərlə mübarizə çərçivəsində vacib addımlar atdı və bunu davam etdirir. Məlumdur ki, Azərbaycan alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üçün xeyli yol qət etmişik. Bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıqlar qurulub. Bu, iqlim dəyişikliyinə qarşı mübarizədə çox önəmli addımlardır. Hesab edirəm ki, Bakıda iqlim dəyişikliyi ilə mübarizə istiqamətində çox önəmli təkliflər veriləcək, qərarlar qəbul ediləcək. Nəzərə almaq lazımdır ki, iqlim məsələsi bütün bəşəriyyət üçün vacib məsələdir və iqlim dəyişikliyinə qarşı mübarizədə atılacaq addım bütün dünya insanın qazancıdır. “Buradan biz nə qazanacağıq?”, “COP bizə nə verir?” kimi suallarla bəsit düşünməməliyik.

Dediyim kimi, Azərbaycanda COP keçirilməsinə qarşı olan qüvvələr mövcuddur və bu istiqamətdə qaralama kampaniyalarının şahidi olduq, bu kampaniya indi də davam edir. “Neft-qaz ölkəsi COP tədbiri keçirə bilməz” kimi ittihamlar səsləndirilir. Amma unudurlar ki, Azərbaycan həm də yaşıl enerjiyə keçidi təşviq edən, alternativ enerji mənbələrinin təşviqi üçün var gücü ilə çalışan ölkələrdən biridir. Ona görə də¸qaralama kampaniyası necə deyərlər, fiaskoya uğradı. Əlbəttə, Azərbaycanın bu addımını görən, qiymətləndirən qüvvələr də var ki, onlar COP29-un Bakıda keçirilməsinə dəstək verirlər. Hesab edirəm ki, Azərbaycan COP29 tədbirini yüksək səviyyədə təşkil edib və Bakıda iqlim dəyişikliyi ilə mübarizə istiqamətində çox önəmli qərarlar veriləcəyinə şübhə yoxdur.

Geri qayıt