Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Üçtərəfli razılaşmanın “sağ qalan” yeganə maddəsi də artıq işə yaramır...

Üçtərəfli razılaşmanın “sağ qalan” yeganə maddəsi də artıq işə yaramır...


12-11-2024, 06:52
Üçtərəfli razılaşmanın “sağ qalan” yeganə maddəsi də artıq işə yaramır...
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Bu, 4 il əvvəl Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs razılaşmasından bu günə “sağ qalan” qalan yeganə maddədir. “10 noyabr bəyanatı”-nın qalan 8 maddəsinin bir hissəsi yerinə yetirilib, bir neçəsi isə bölgədə yaranan yeni reallıqların təsiri ilə aktuallığını itirib. Azərbaycanın Qarabağ bölgəsində bu bəyanatı nəticəsində çəkilmiş müvəqqəti xətlər silinib, Ermənistan və Rusiya ordusu ölkədən çıxarılıb, sona qədər Azərbaycanın qanunları altında yaşamaqdan imtina edən erməni əhalisi isə köçüb.

Beləliklə:

Dörd ildə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa edib, Qarabağda separatçı hərəkatın liderləri həbs edilərək Bakıya gətirilib, hazırda istintaq altındadırlar;

Azərbaycan və Ermənistan arasında sülh danışıqları başlayıb, layihənin əhəmiyyətli hissəsi razılaşdırılıb və proses davam etdirilir;

Sülh danışıqları Rusiyanın və Qərbin təsirindən çıxarılıb, ikitərəfli xarakter alıb;

Sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı prosedur razılaşdırılıb, Qərb bölgəsində 12 kilometrlik hissədə sərhəd məftilləri çəkilib, işğal altında olan 4 kənd Azərbaycana qaytarılıb.

Hazırda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətlərindən biri 10 noyabr bəyanatının sonuncu bəndinin yerinə yetirilməsidir. Bölgədə nəqliyyat, kommunikasiya əlaqələri bərpa olunmalıdır, Ermənistan öz ərazisindən Azərbaycana Naxçıvan eksklavına maneəsiz keçidi təmin etməlidir. Bu maddə həm də Rusiyanın danışıqlar prosesində iştirakına hüquqi əsaslar yaradan yeganə üçtərəfli razılaşmanın bir hissəsidir. Ötən 4 ildə bölgədə reallıqların dəyişməsi bu məsələnin həlli ilə bağlı tərəflərin mövqelərində də ciddi dəyişikliklərə gətirib çıxarıb;

Ermənistan Qərbin ciddi dəstəyi ilə Rusiya qarşısında mövqelərini bərpa edərək, ona müqavimət göstərir. İrəvan Rusiya qoşunlarına Azərbaycana maneəsiz keçid verəcəyi Zəngəzur dəhlizinə buraxmaq istəmir;

Azərbaycan Ermənistandan almaq istədiyi maneəsiz keçidə üçüncü ölkənin təhlükəsizlik qüvvələrinin nəzarət etməsində maraqlı deyil. Amma Rusiya ilə qarşıdurmaya getmir, Ermənistanın bu məsələdə tutduğu anti-Rusiya mövqeyindən faydalanır;

Rusiya ən yüksək səviyyədə Azərbaycan və Ermənistan arasında münaqişədən “sağ qalmış” yeganə rıçaqını itirmək niyyətində deyil və İrəvana ciddi təzyiqlər edir...

Bakı və İrəvanın mövqeyində Zəngəzur keçidi ilə bağlı fikir ayrılıqları olsa da, bu, prinsipial xarakter daşımır, daha çox Rusiyanı neytrallaşdırmaq üçün qarşılıqlı paslaşmaya bənzəyir. Bir neçə ay əvvəl tərəflərin bu məsələni sülh danışıqlarından çıxararaq gələcək müzakirə etmək barədə razılığa gəlmələri Moskvanı möhkəm qıcıqlandırmışdı. Çünki hər iki ölkə mövzunu 10 noyabr bəyanatı çərçivəsində deyil, ikitərəfli qaydada müzakirə edərək razılığa gələcəklərinə ümid bəsləyirlər.

Proses isə dayanmayıb, ötən həftə Baş nazirlərin müavinləri sərhədlərin delimitasiyası ilə bağlı görüşdə ayrıca olaraq bu mövzunu masaya yatırıblar. Yəni, ikitərəfli qaydada, Rusiyasız...

Hadisələrin gedişindən belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan və Ermənistanın razılığa gəlməsi mövqelərdəki ziddiyyətlərdən daha çox geosiyasi amillərlə bağlıdır. Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı aqibəti, Birləşmiş Ştatlarda hakimiyyətə gələn Donald Tramp administrasiyasının Cənubi Qafqaz siyasəti, Avropa İttifaqı və Türkiyənin regionda fəallığını artırması Bakı və İrəvanı konkret qərarlar qəbul etməyə sövq edəcək. Proseslər yekun mərhələdədir, sülh danışıqlarında yeni formullar tapılır, sərhədlərin delimitasiyası razılaşdırılıb, nəqliyyat əlaqələrinin bərpası, kommunikasiyaların açılması da eyni qaydada həllini tapa bilər. Amma Rusiyanın müqavimətinə, Ermənistana qarşı hədə-qorxularına baxmayaraq, artıq 10 noyabr bəyanatının “sağ qalan” 9-cu maddəsi aktual deyil, yeni reallıqlara uyğun gəlmir. Bakı və İrəvan ikitərəfli əsasda bu məsələdə ortaq məxrəcə gələ biləcəklər. Regiondakı digər aktorlar - Türkiyə, İran, ABŞ, Avropa İttifaqı da Orta Dəhlizin əsas həlqələrindən biri olan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər.

Pressklub.az
Geri qayıt