Əsas Səhifə > Ana xəbərlər, Güney Press > COP29 - yaşıl həyat, sülhə çağırış, iqtisadi güc,
COP29 - yaşıl həyat, sülhə çağırış, iqtisadi güc,11-11-2024, 14:00 |
Bu gün Bakıda start götürən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP29 bütün tərəfləri ilə ölkəmizin dünyadakı uğurudur. Konfransın siyasi, diplomatik, iqtisadi, ekoloji və s. müstəvilərdəki əhəmiyyəti bardə Modern.az-a Milli Məclisin deputatları danışıb. COP29 sülhə çağırış... Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, qlobal tədbirdə iştirakla paralel olaraq, ölkəmizə səfər edən çoxsaylı dövlət və hökumət başçıları, hökumət üzvləri, digər siyasi, ictimai, elmi xadimləri, QHT nümayəndələri hökumətizin fossil enerjidən əldə edilən gələrləri ölkənin hərtərəfli dirçəlişinə və insan kapitalının inkişafına yönəltməsinin şahidi olurlar: “Onlar həmçinin, İslam Əməkdaşlıq Təşkilatının üzvü, əhalisinin böyük əksəriyyətinin islam dininə etiqad edən Azərbaycanda paralel olaraq dünyəvi dəyərlərin cəmiyyətdə harmoniyalı şəkildə yer tutması nümunəsi və ölkənin inklüziv inkişafına xidmət etməsi ilə tanış olurlar. Ölkəmiz əleyhinə aparılan intensiv qarayaxma kampaniylarına rəğmən, ümumilikdə bu nüfuzlu qlobal tədbir Azərbaycanın inkişafına dair beynəlxalq səviyyədə müsbət qiymətləndirmələrin artmasına töhfə verəcəkdir”. Onun sözlərinə görə, Bakı platforması COP29 – BMT İqlim Dəyişiklikləri üzrə Konfransı çərçivəsində dünya siyasi liderlərini və iqlim diplomatiyasının əsas oyunçularını bir araya gətirib: “Azərbaycanın ev sahibliyi etdiyi bu nüfuzlu BMT tədbiri, iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğuna dair Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun təsdiqidir. Bu diplomatik addım, Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, təmiz enerji istehsalının artırılmasını və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına xidmət edir. Azərbaycan, iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı irəlilədərək, bu sahədə əhəmiyyətli bir vasitəçiyə çevrilmişdir. Bu cür təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Belə ki, Azərbaycan tədbirdə ambisiyalı Fəaliyyət Planını təqdim edib, bu isə maliyyə, insan kapitalı və sülh kimi sahələri əhatə edən 14 təşəbbüsü özündə ehtiva edir. Bakı iqlim platforması həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin birgə iştirakı ilə enerji keçidi, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlığın artırılmasına dair hədəflərin müzakirəsini mümkün etmişdir. Bakı platformasında əsasən Yeni Maliyyə Hədəflərinin müzakirəsi aparılır. COP29-un əsas maliyyə hədəfləri, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və dayanıqlıq qabiliyyətlərini artırmaq üçün yeni maliyyə mexanizmləri yaratmaq və mövcud maliyyə dəstəyini genişləndirməkdir. Bu konfransda 2025-ci ildə müddəti bitən və sənayeləşmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə illik 100 milyard dollar dəstək verməsini nəzərdə tutan əvvəlki hədəfi əvəz edəcək Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) müzakirə olunur”. R.Nəbiyev vurğulayıb ki, yeni maliyyə hədəfləri həm dövlət, həm də özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə daha fəal iştirakını təşviq etmək məqsədini daşıyır: “COP29-da Azərbaycan, beynəlxalq iqlim maliyyəsinin daha geniş əsaslara keçməsi üçün bu maliyyə dəstəyinin artırılmasını və iqlim layihələrinə yeni sərmayələrin qoyulmasını təşviq edəcək. Bu hədəflər, həmçinin inkişaf etmiş ölkələrin, iqtisadi gücə malik digər dövlətlərin və özəl sektorun bərabər şəkildə töhfə verməsi üçün çağırışları əhatə edir. Konfransda həmçinin Azərbaycanın COP29 Atəşkəs Təşəbbüsü diqqət çəkir ki, bu da bütün ölkələri konfrans müddətində sülhə çağırır və qədim Olimpiya Oyunları ənənəsinə bənzər bir truce (atəşkəs) ideyasını vurğulayır. Ərazilərinin 30 il beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlanılan Azərbaycanın bu təşəbbüslə çıxış etməsi regionda da dayanıqlı sülh və sabitlikdə maraqlı olduğumuzu dünyaya bəyan edir”. COP29-BMT-nin ən yadda qalan toplantısı Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, bu gün Birləşmiş Millətlər Təşkilatının ən yüksək tədbirlərindən biri olan COP29 Azərbaycanda keçirilir: “Dünyanın bir çox ölkələrinin prezidentləri, dövlət başçıları, hökumət və parlament nümayəndələri və minlərlə digər qonaqların iştirakı ilə ölkəmizdə tədbir öz işinə başlayır. Düşünürəmki, bu böyük tədbirdə təkcə konfrans olmayacaq, eyni zamanda dünya üçün mühüm töhfələr verəcək fikirlər səsləndiriləcək və kifayət qədər uğurlu təkliflərin şahidi olacağıq. Bu, BMT tarixində ən yadda qalan tədbirlərdən biridir. Azərbaycanda son illər ənənəvi olaraq ekoloji cəhətdən böyük və uğurlu işlərə şahidlik edirik. Bu il ərzində bütün respublika üzrə təbiətin qorunması və yaşıllaşdırılması ilə bağlı addımların atılmasına, parkların və yaşıllıq zolaqlarının salınmasına şahidlik etdik. Eyni zamanda təbiətin qorunması ilə bağlı mühüm layihələr reallaşdırıldı”. COP29 -un Azərbaycanda keçirilməsi ən böyük uğurlardan biridir: “Bu tədbirdə iştirak edən insanlar həm Azərbaycanın müasir quruculuq işlərinə, dünyanın siyasi proseslərinə təsir imkanlarına və dünyanın ən qlobal problemlərinə verdiyi mühüm töhfələrə şahidlik edəcəklər. Şübhəm yoxdur ki, qonaqlar öz vətənlərinə yüksək əhval ruhiyyə və təəssüratla qayıdacaqlar. Onlar qayıtdıqdan sonra Azərbaycanın mühüm işlərdə verdiyi töhfələri öz ölkələrində də qeyd edəcəklər. Bütövlükdə dünyanın bu sahədə olan probleminin aradan qaldırılmasında dünya liderlərinin, fikirləri və təklifləri çox maraqlı olacaq. Qonaqlar Azərbaycanın bu tədbirin reallaşmasında təşəbbüs göstərməsinə və yüksək səviyyədə ev sahibliyi etməsinə şahidlik edəcəklər”. COP29- İqtisadi güc siyasi uğurlara yol açır Millət vəkili Azər Badamov bildirib ki, COP tədbirlərinin keçirilməsi üçün ölkələrin böyük iqtisadiyyatı olmalıdır: “Əgər ölkənin iqtisadi gücü yoxdursa, belə böyük tədbirlərə heç vaxt ev sahibliyi edə bilməz. O cümlədən COP29-u Azərbaycnada keçirilməsi ilə bağlı qərar veriləndə heç bir il müddət də qalmamışdı. Baxmayaraq ki, vaxt az idi, Azərbaycan bu tədbirə yüksək səviyyədə hazırlıq tədbirləri gördü. Azərbaycan bu gündən bu tədbirə ev sahibliyi edir”. A.Badamovun sözlərinə görə, xarici ölkələrin dövlət başçıları da COP29-a gəlmək üzrədir: “67 mindən çox qonaq bu tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. O cümlədən 100-dən çox dövlət başçısının ölkəmizə gələcəyi gözlənilir. Bu həm də Azərbaycanın dünyaya inkişaf etmiş ölkə olduğunu göstərməsidir. Ölkəmizdə olmamış dövlət başçıları, siyasətçilər gələndə görəcəklər ki, qərbin anti-Azərbaycan, islamafob siyasətinə baxmayaraq Azərbaycan onların gözündə gördüyü kimi deyil. Azərbaycan inkişaf etməkdə olan sivil bir dövlətdir və dünyaya açıqdır. Eyni zamanda ölkəmiz beynəlxalq tədbirləri keçirmək iqtidarındadır. Bu təbii ki, Azərbaycanı dünyaya daha da yaxşı tanıdacaqdır. İqtisadi cəhətdən güclü olmağımız siyasi uğurlarımızın davamlı olmasına yol açır. İqtisadi gücümüz olmasa tədbir keçirə, özümüzü siyasi müstəqil ölkə kimi təqdim edə bilməzdik. Bu gün Azərbaycan sözün əsl mənasında öz siyasi müstəqilliyinə qovuşmuş bir ölkədir və heç kimin iradəsindən, mövqeyindən, sözündən asılı olmadan öz müstəqil siyasətini yürüdür. Baxmayaraq ki, COP29 ərəfəsində də anti-Azərbaycan qüvvələrinin təzyiqi ilə üzləşdik, Azərbaycan öz iradəsindən və mövqeyindən dönmədi və tədbirə yüksək hazırlıq işlərini davm etdirdi. Bu gündən başlayaraq 22 noyabra qədər ölkəmiz qonaqlarını qəbul edəcək. Qlobal gündəliyi əhatə edən aktual məsələləri məhz Bakıda müzakirə olunacaq, dünyanın nəbzi paytaxtımızda döyünəcək. Bütün dünyanın diqqəti Azərbaycanda olacaq, bu tarixi bir hadisədir.Bu münasibətlə xalqımızı təbrik etmək istəyirəm. Azərbaycan güclü olduğunu bir daha sübut etmiş oldu. Ölkəmizdən ayrılacaq dövlət başçıları və digər qonaqlar yüksək təəssüratla Azərbaycanı tərk edəcəklər. Onlar burada yüksək qonaqpərvərlik görəcək və Azərbaycanlıların necə insan olmaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Onlar burada təsir yaratmağa çalışan anti-Azərbaycan qüvvələrin fikirlərinin yanlış olduğunu öz gözləri ilə görəcəklər”. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə dünyanın etimadıdır Milli Məclisin deputatı Naqif Həmzəyev isə bildirib ki, Azərbaycan uzun illərdir ki, ekoloji layihələri öz ərazisində uğurla keçirir: “Xüsusilə də ənənəvi enerji resurslarına malik ölkə olmağımıza baxmayaraq, biz alternativ enerji resurslarının istehsal edilməsinə ən çox sərmayə yatıran ölkəyik. Azərbaycan bununla da kifayətlənməyərək yaşıl enerjinin Avropaya ixrac edilməsi ilə bağlı meqa layihə həyata keçirir. Artıq bu layihənin icrası ilə bağlı şərqi Avropa ölkələri ilə də tərəfdaş qismində çıxış edirik. Bu layihənin icrası Avropa enerji təhlükəsizliyində və xüsusilə də Avropanın yaşıl enerjyə keçidində müsbət rol oynayacaq. Bütün bunlarla yanaşı Azərbaycan regionda yaratdığı yeni reallıqlar fonunda iqlim dəyişikliklərinə qarşı birgə mübarizənin vacibliyini anlayır və elə bu səbəbdən yalnız özünü yox, eynin zamanda köməyə ehtiyacı olan digər dövlətləri də düşünür. Məhz Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dönəmində bunu dəfələrlə sübut etmişdir. Sonrakı dövrdə də ölkəmiz bu prizmadan məsələrə yanaşaraq dünya dövlətlərini həmrəyliyə səsləmişdir”. N.Həmzəyevin sözlərinə görə, COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadla bağlıdır: “Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmiş və bu tədbirlər yüksək səviyyədə həyata keçirilmişdir. Azərbaycanın sadaladığım məsələlərlə bağlı müsbət yanaşması nəticə etibarilə COP29 tədbirinin də Azərbaycanda keçirilməsinə gətirib çıxardı. Dünya liderləri artıq Azərbaycana gəlməkdədirlər. Biz yaxın günlər ərzində ölkəmizdə çox önəmli qərarların alınacağını və bir çox problemlərin həlli ilə bağlı birgə qərarlar veriləcəyinə şahidlik edəcəyik. Azərbaycana təşrif buyuracaq dünya liderləri və bütün ekspertlər, ekoaktivistlər Azərbaycandan çox gözəl təəssüratlarla ayrılacaqlar. Uzun illər burada qəbul edilmiş qərarlar, xüsusilə də iqlim dəyişikliyinə qarşı birgə mübarizə, istiləşmənin qarşısının alınması ilə bağlı birgə qərarların qəbul edilməsi uzun illər Azərbaycan və Bakını yaddaşlarda saxlayacaq. İnanırıq ki, bu tədbirin ölkəmizdə keçirilməsi gələcəkdə də bu cür mötəbər tədbirlərin keçirilməsi üçün zəmin yaratmış olacaqm və Azərbaycanın artan nüfuzunu dayanıqlı edəcək”. Geri qayıt |