Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Bakı üçün həm fürsətlər, həm də risklər dövrü başlayır”
“Bakı üçün həm fürsətlər, həm də risklər dövrü başlayır”11-11-2024, 10:30 |
Donald Tramp yenidən ABŞ-ın Prezidenti seçildi. Amerikanın dünyanın super gücü olması baxımından bilmək maraqlı olardı ki, ABŞ-ın xarici siyasət kursu necə olacaq və müasir dünya düzəninə necə təsir edəcək? AYNA-nın mövzuya dair suallarını tanınmış rusiyalı politoloq Mixail Neyjmakov cavablandırıb. - Rusiya-Ukrayna müharibəsi kontekstində Moskvaya isti münasibət bəsləyən Donald Tramp ABŞ seçkilərində qalib gəldi. Sizcə, Amerika Ukraynaya hərbi dəstək baxımından əvvəlki kursundan dönəcəkmi? - Nəzərə almaq lazımdır ki, indiyədək Ukraynaya dair “Tramp planı” ilə bağlı bütün fərziyyələr ya onun birinci administrasiyasının tərkibindəki istefada olan liderlərin şərhləri, ya da seçilmiş Prezidentin özünün seçki yarışı zamanı verdiyi çox qeyri-müəyyən bəyanatlar ətrafında qurulub. Donald Trampın ilk prezidentlik dövrünün təcrübəsi göstərdi ki, onun xarici siyasət taktikasının mühüm elementi çox sərt bəyanatlardan praqmatik danışıqlara keçə və geri dönə bilən “isti və soyuq” yanaşma idi. Bənzətmə üçün xatırlayaq ki, Tramp 2019-cu ilin oktyabrında özünün “Twitter” səhifəsindəki şərhində Türkiyə iqtisadiyyatı “xətti keçərsə” onu “məhv etməyə” hazır olduğunu bəyan etmişdi və artıq 2019-cu ilin noyabrında o və Rəcəb Tayyib Ərdoğan arasında kifayət qədər praqmatik danışıqlar aparılmışdı. Rusiya-Ukrayna münaqişəsi çərçivəsində ABŞ-ın seçilmiş Prezidentinin belə yanaşması alternativ olaraq həm Moskva, həm də Kiyev üçün problemlər yarada bilər. Yəni, əgər indi, Cozef Bayden administrasiyası hələ də hakimiyyətdə olduğu bir vaxtda, 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına hazırlaşan Tramp Kiyevin qorxuları və Moskvanın ümidləri ilə oynamağa cəhd edə bilərsə, vəzifəyə oturandan sonra ola bilsin ki, əvvəlcə o, Ukrayna tərəfini bir qədər arxayınlaşdıraraq, Rusiyaya qarşı daha sərt danışsın, yenidən “stavkaları qaldıra” bilsin. Eyni zamanda, Donald Trampın yenə də ilk prezidentlik müddətinin təcrübəsinə əsaslanaraq, həqiqətən də onun üçün mahiyyətcə faydalı olan xarici siyasət xəttinin həyata keçirilməsi üçün ABŞ tərəfdaşlarının çiyninə daha çox xərclər qoymağa çalışır. Ona görə də Vaşinqtonun Kiyevi dəstəkləmək üçün alətləri dəyişə bilər. Məsələn, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun 2024-cü ilin yayında danışdığı “Lend-Lease” prinsiplərinə əsaslanaraq, o, bir sıra proqnozlara görə, bəlkə də, yenidən Tramp administrasiyasına qayıda bilər. Bu, o demək deyil ki, Moskva ilə Vaşinqton arasında münasibətlərin müəyyən dərəcədə yumşaldılması, eləcə də Rusiya-Ukrayna münaqişəsinin “dondurulması” qeyri-mümkündür. Amma istənilən halda onlara gedən yol Kremllə Ağ Evin gələcək sahibi arasında mürəkkəb danışıqlardan (o cümlədən qeyri-ictimai danışıqlardan) keçir. Üstəlik, belə bir danışıqlar prosesi vaxtaşırı kəsilə bilər. - Bildiyiniz kimi, Trampın hakimiyyəti dövründə onun neytrallığı, eləcə də Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsindən kənarlaşması 44 günlük müharibə zamanı Bakıya öz ərazi bütövlüyünü qismən bərpa etməyə imkan verdi. Sizcə, gərginliyin hələ də qaldığını nəzərə alsaq, Azərbaycan-Amerika münasibətlərində buzların əriməsi baş verəcəkmi? - ABŞ-da prezidentlik yarışı zamanı hər iki əsas namizəd erməni icmasından olan seçicilərə müraciət edib. Ola bilsin ki, bu elektoral qrupun dəstəyinə hətta prezident seçkilərində də deyil, partiya üzvlərinin Konqress üçün kampaniyalarının bir hissəsi kimi ümid edirlər. Bütövlükdə, Bakı üçün Respublikaçı administrasiya ilə işləmək Demokratlar administrasiyası ilə müqayisədə daha asan olacaq. Bununla belə, nəzərə almaq lazımdır ki, ilk Tramp administrasiyasının 2020-ci ilin payızında Amerikanın əvvəlki prezidentlik yarışı fonunda Cənubi Qafqazdakı vəziyyətdən faktiki olaraq uzaqlaşması o demək deyil ki, məsələn, 2025-ci ildə də Ağ Ev tam eyni şəkildə hərəkət edəcək. Aydındır ki, Cənubi Qafqaz çətin ki, Tramp administrasiyasının diqqət mərkəzində olsun. Lakin Birləşmiş Ştatlar, istənilən administrasiya altında, tez-tez Amerika maraqlarının sıx olduğu regionlarda dövlətlərlə işləməkdə “yellənçək prinsipi” ilə səciyyələnir – növbə ilə münaqişənin bir tərəfinə, sonra isə digərinə dəstək siqnalları verir. Ona görə də Vaşinqtonun Cənubi Qafqazla işləməyə yanaşması Trampın dövründə də davam edə bilər. ABŞ-ın yeni administrasiyası da məhz ona görə Bakıya müəyyən təzyiqlər edə bilər ki, Azərbaycanın regionda 2020-ci ildən sonra mövqeyi güclənib, yəni Vaşinqtonun maraqları baxımından ona müəyyən “saxlama” lazım ola bilər. - Biznesmen Trampa yad olmayan iqtisadi və maliyyə tərəfini də qeyd etmək istərdim. Bu məsələdə Amerika maraqlarının qarışdığı Azərbaycanla münasibətləri korlamaq düzgün olmazdı. Amma burada erməni lobbisi amili də var ki, bu da Trampa təzyiq göstərə bilər. Sizcə, Tramp hansı yolu tutacaq? - Trampın Cənubi Qafqaz xəttinin qurulmasında təkcə ABŞ-da İrəvana daha çox rəğbət bəsləyən elita təbəqəsinin yeni administrasiyaya təzyiqi deyil, həm də ətraf regionlardakı xarici siyasət vəziyyəti də rol oynaya bilər. Bu amil isə öz növbəsində Bakı üçün həm risklər, həm də fürsətlər gətirə bilər. Məsələn, nəzərəçarpan ehtimalla Trampın dövründə ABŞ-ın Tehrana təzyiqləri arta bilər. Və bu, ABŞ üçün İranla həmsərhəd dövlətlərlə, o cümlədən Azərbaycanla işləməyin əhəmiyyətini müəyyən qədər artıra bilər. Amma bir daha təkrar etmək yerinə düşər ki, ABŞ-ın bu cür taktikasında təkcə bonuslar deyil, həm də Vaşinqtonun işləməkdə maraqlı olduğu dövlətlərə təzyiqlər ola bilər. Odur ki, Bakı da ABŞ-ın yeni administrasiyası ilə praqmatik, lakin heç də həmişə sadə olmayacaq danışıqlara hazırlaşmalıdır. Geri qayıt |