Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində niyə iştirak etmədi?

İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində niyə iştirak etmədi?


9-11-2024, 17:01
İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində niyə iştirak etmədi?
Macarıstanın paytaxtı Budapeştdə Avropa Siyasi Birliyinin beşinci sammiti keçirilib. Amma İlham Əliyev sammitə getməyib. Tədbirdə bir çox ölkələrin liderləri, məsələn, Rəcəb Tayyib Ərdoğan, Nikol Paşinyan iştirak ediblər.

Eyni zamanda, Turan-ın xəbərinə görə, rəsmi Bakı bu mövzuya münasibət bildirməyib.

Xatırladaq ki, Avropa Siyasi Birliyi (European Political Community, EPC) Avropanın gələcəyi ilə bağlı ən yüksək səviyyədə siyasi və strateji müzakirələr üçün yaradılmış hökumətlərarası formatıdır. Onun yaradılmasını 2022-ci ilin mayında Fransa Prezidenti Emmanuel Makron təklif edib.

Layihənin məqsədi bütün Avropa ölkələrinin siyasətini koordinasiya etmək və Avropa qitəsində təhlükəsizliyi və sabitliyi gücləndirmək üçün siyasi dialoqa dəstək verməkdir.

Avropa Siyasi Birliyinə Aİ-nin üzvü olmayan ölkələr - Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan daxildir.

Nə baş verib ki, Əliyev birdən-birə ümumavropa forumunda iştirakdan imtina etmək qərarına gəlib? Bəlkə, bəzi dövlətlərin rəhbərləri ilə üz-üzə gəlmək istəmir? Məsələn, Makronla? Yoxsa, onun iştirakı edəcəyi ümumi yığıncaqda Azərbaycanın daxili siyasi vəziyyəti ilə bağlı kəskin tənqidlər eşidicəyindən qorxur? Başqa hansı variantlar və ya izahatlar ola bilər?

Müstəqil politoloq Xəqani Cəfərli Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin beşinci sammitində iştirak etməməsi həqiqətən təəccüb doğurur. “Çünki cəmi dörd ay əvvəl, Avropa Siyasi Birliyinin Britaniyada, London yaxınlığındakı Oksfordşirdə keçirilən 4-cü sammitində iştirak edib. Prezident Avropa Siyasi Birliyinin Çexiyanın paytaxtı Praqada keçirilən birinci sammitində də iştirak edib. Sonra 2023-cü ilin iyununda Moldova paytaxtında keçirilən ikinci sammitdə iştirak etsə də, həmin ilin oktyabrında İspaniyada keçirilən üçüncü sammitdə iştirak etməyib.

Prezident İlham Əliyevin bu sammitlərin bəzilərində iştirak edib, bəzilərinin iştirak etməməsinin səbəbi ictimaiyyətə açıqlanmayıb. Dövlət başçısının belə tədbirlərdə iştirak etməməsinin səbəbi barədə cəmiyyətə rəsmi məlumat verilsəydi, daha düzgün olardı. Bu cür məlumat verilməyəndə fərziyyələr yaranır. Məsələn, o zaman belə fikirlər səslənmişdi ki, Fransa prezidentinin bu tədbirdə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyi və rəsmi Bakının bununla razılaşmaması Əliyevi İspaniyada keçirilən sammitdə iştirak etməməyə vadar edib”, - ekspert xatırladıb.

O qeyd edir ki, Macarıstan Azərbaycanın yaxın tərəfdaşı və hətta müttəfiqi sayıla biləcək dövlətdir. “Prezident İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında şəxsi münasibətlər də çox yaxşıdır. Belə bir vəziyyətdə prezident İlham Əliyevin Macarıstanda keçirilən sammitdə iştirak etməməsi təəccüb doğurur.

Mənim şəxsi qənaətim ondan ibarətdir ki, o, COP29-un açılışına çox az vaxt qaldığına görə Macarıstanda keçirilən Avropa Siyasi Birliyinin beşinci sammitində iştirak etməyib. Digər səbəb isə Zəfər günü ilə bağlı tədbirlər ola bilər”, - deyə X.Cəfərli bildirib.

Geri qayıt