Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı isə sözünü deyib: ya sülh müqaviləsi, ya da...

Bakı isə sözünü deyib: ya sülh müqaviləsi, ya da...


9-11-2024, 16:51
Bakı isə sözünü deyib: ya sülh müqaviləsi, ya da...
Sülh sazişi ilə bağlı ümidlər bəslənən 2024-cü ili təzə ildən sayılı həftələr ayırır. Bitməkdə olan ildə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına əsas əngəl isə əfsus ki, hələ də dəyişməz qalır. Söhbət Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalardan gedir.

Rəsmi İrəvan israrla bu problemi sanki görməzdən gələrək, dirənişini davam etdirir. Problemi ört-basdır eləmək və ya gələcəyə saxlamaq üçün yüz cür hoqqadan çıxır...

“Ermənistan Konstitusiyası ilə bağlı məsələ sülh müqaviləsinin tərkib hissəsi deyil”.

Musavat.com-un məlumatına görə, bu sözləri kapitulyant ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan dünən jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistan Azərbaycanla konstitusiyanın dəyişdirilməsi ilə bağlı danışıq aparmır. Həmçinin demilitarizasiya (hərbsizləşdirmə - red.) məsələsi də müzakirə olunmur. Ermənistan tərəfdən etimad yaradılması mexanizmləri, o cümlədən qarşılıqlı nəzarətlə bağlı digər tərəfə bir sıra təkliflər verilib”, - Kostanyan əlavə edib.

Ancaq Ermənistanın konstitusiyası ilə bağlı Azərbaycanla danışıqlar aparmağa gərək yox ki. Danışmaq yox, real iş görmək lazımdır. Həm də çoxdan. Fakt, konkret maneə, konkret problem ortada. Onun həll yolu da 2 x 2 = 4 qədər bəsit. Bu da delimitasiya məsələsi deyil ki, illərlə uzansın.

Qısası, Ermənistan konstitusiyası ilı bağlı Bakı ilə nə müzakirə aparılacaq ki?..

Azərbaycan sözünü deyib. Üstəlik, beynəlxalq hüquqdan kənar yeni bir şey də deməyib. Ayrı sözlə, bu, əslində rəsmi Bakının şərti və ya tələbi sayılmaz. Bu, beynəlxalq hüququn tələbi. Bunsuz qonşular arasında normal birgəyaşayış, qarşılıqlı etimad mümkünsüz – onlarla sülh sənədi imzalansa belə. Çünki qonşu ölkəyə qarşı konstitusion ərazi iddiası istənilən an müharibəyə gətirəcək təhlükəli bir əsas, bəhanə, tezis.

Ermənistan indi müharibə edə bilmir, ona görə yox ki, həqiqətən Azərbaycanla sülh içində yaşamaq istəyir, o səbəbə ki, sadəcə, hələlik yetərli hərbi gücü yoxdur. Amma sabah özünü müharibəyə hazır saysa, kim zəmanət verə bilər ki, havadarlarının diktəsi ilə və indiki konstitusiyanı rəhbər tutaraq, Azərbaycana qarşı yeni işğalçı müharibəyə başlamayacaq?..

Bu mənada rəsmi Bakı tam haqlıdır dönə-dönə bildirəndə ki, kapitulyant ölkənin konstitusiyası beynəlxalq hüquqa uyğunlaşırılmayınca heç bir sülh müqaviləsindən söhbət gedə bilməz, hətta əgər sülh sənədində belə bir bənd olsa: “Azərbaycan və Ermənistan bir-birinə qarşı heç vaxt ərazi iddiası sürməyəcəyi haqda öhdəlik götürür”. Nədən ki, ölkə konstitusiyasının hüquqi qüvvəsi bütün sənədlərdən yüksəkdədir.

Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyovun az öncə xarici mediaya müsahibəsində dəqiq ifadə elədiyi kimi, Bakı Nikol Paşinyanla deyil, Ermənistanla, erməni xalqı ilə sülh müqaviləsi imzalamaq istəyir. Yəni təxminən Qars müqaviləsi kimi, bütün zamanlarda qüvvədə olacaq bir müqavilə!..

O ki qaldı, Kostanyanın qarşılıqlı etimad yaradılması üçün İrəvanın Bakıya guya müəyyən mexanizmlər təklif eləməsinə, etimad yaratmağın ən yaxşı, ən etibarlı yolunu yazdıq. Ermənistan konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını çıxarmadan qarşılıqlı inama necə nail olmaq olar? Mümkünmü?

Odur ki, cənab haylar, nə qədər gec deyil, göydən yerə enin. Sülh oyunbazlığı keçməz və keçməyəcək! Özünüz üçün dəqiqləşdirin: siz kiminlə sülh müqaviləsi imzalamaq istəyirsiz – Azərbaycanla, yoxsa yadplanetlilərlə? Ümumiyyətlə, sülh istəyirsizmi?..

Musavat.com

Geri qayıt