Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil

Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil


Bu gün, 11:38
Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil
“Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıda keçirilən COP29-a qatılmayacağı gözlənilən idi. Ursula fon der Lyayenin Bakıya gəlməməsi Avropa Birliyinin Bakıda keçirilən qlobal tədbirdə iştirak etməyəcəyi demək deyil, çünki Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tədbirdə iştirak edəcəyi gözlənilir”.
Bu sözləri “Sherg.az"a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib. Bununla belə, ekspert hesab edir ki, Ursula fon der Lyayenin Bakıda keçirilən COP29-da iştirak etməməsi heç şübhəsiz ki, Avropa İttifaqının Azərbaycana qarşı xüsusən də Qərbin Cənubi Qafqaz siyasəti ilə bağlıdır:

“Həm də, Avropa Komissiyasınn prezidenti seçkisində Lyayenin namizədliyinin Fransa ilə razılaşdırılması, onun Makrona beynəlxalq arenada, xüsusən də Azərbaycana münasibətdə siyasətinə dəstək şərtlərindən olduğu ehtimal olunurdu.
Ursula fon der Lyayenlə yanaşı Bakıya gəlməyəcək liderlərin siyahısı qənaətimizi təsdiq edir. Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Co Bayden də da Bakıya gəlməyənlər sırasındadır. Əlbəttə ki, ABŞ-də keçirilən prezident seçkilərində Co Baydenin komandasının (demokratlar) namizədi Kamala Harrisin uduzması müəyyən mənada diqqəti daxilə cəlb edib. Rusiya Prezidenti Vladimir Putinin də Bakıda keçirilən COP29-da iştirak etməyəcəyi məlum olub. Rusiya prezidentinin tədbirdə iştirak etməməsi, Qərb-Rusiya qarşıdurması fonunda Bakıda keçirilən qlobal tədbirdə gərginlik yaratmamaq niyyətinə də bağlı ola bilər. Qaldı ki Braziliya Prezidenti Luis da Silvaya, onun Bakıda keçirilən tədbirə qoşulmamasının səbəbi sağlamlığı ilə bağlıdır.
Heç bir səbəb və əsas olmadan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin BMT-nin Bakıda keçirdiyi COP29 qlobal iqlim tədbirində iştirak etməməsi, ümumən Avropa Birliyinin Cənubi Qafqaz üzrə siyasətində Azərbaycana təzyiq etmək xarakteri daşıyır. Bu ilin aprel ayında Azərbaycan Beynəlxalq Haaqa Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb və yaxın günlərdə Azərbaycan Ermənistana qarşı kompensasiyanın məbləğini açıqlayacaq. Əlbəttə ki, bu hüquqi proses də ermənipərəst qüvvələri Azərbaycana qarşı təsirini gücləndirən şərtlər daxilindədir”.
Ekspert hesab edir ki, bir müddət əvvəl Avropa Parlamentinin anti-Azərbaycan Qətnaməsi də məhz Avropanın Azərbaycana qarşı ardıcıl və planlı siyasətinin sübutlarındandır. Qərb-Rusiya qarşıdurması fonunda Avropa Birliyi də daxil olmaqla, Qərbin Gürcüstanda Rusiyaya uduzması, əlbəttə ki, Qərbi daha da qıcıqlandırıb: “Moldovada qərbyönümlü Maya Sandunun yenidən prezident seçilməsi böyük mənada Qərbə, Avropaya heç nə vermir. Çünki Maya Sandu keçən prezidentliyi dövründə Rusiyaya qarşı əhəmiyyətli bir addım atmağa cürət etmədi. İşğalçı Ermənistanı həmişə dəstəkləyən Avropa Birliyi, xüsusən Fransa və bir sıra digər dövlətlərin indi də Ermənistanı silahlandırmaqla Azərbaycana qarşı revanşa sürükləməyi, sözsüz ki, Azərbaycanı cəzalandırmaq, Cənubi Qafqazdan Rusiyanı sıxışdırmaq və Cənubi Qafqazda siyasi-hərbi, iqtisadi təsir imkanları əldə etmək niyyətinə bağlıdır. Cənubi Qafqazın açar dövləti Azərbaycana Qərbin, Avropanın təsir imkanının qazanılması bütünlüklə Cənubi Qafqazı qazanmağa bərabərdir.
ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın yenidən prezident seçilməsi, heç şübhəsiz ki, qlobal dünya bölgüsündə axara əhəmiyyətli təsir vəd etsə də, Rusiyaya qarşı ümumən Qərbin planlarının dəyişəcəyi ehtimalı azdır. Rusiyaya qarşı ABŞ əsas aparıcı qüvvədir, ancaq Rusiyaya loyal münasibəti ilə fərqlənən Donald Trampa bu siyasi xətti tam dayandırmaq imkanı verilməyəcək. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə prezidentləri Donald Trampı prezident seçilməsi münasibətilə təbrik ediblər. Bu arada Trampın türk dövlətləri birliyinə isti münasibətini də qeyd etmək lazımdır. Bişkekdə isə keçirilən zirvə toplantısında Türk Dövlətləri Birliyinin bayrağı qəbul edilib.
Hələ seçkilərdən öncə Donald Trampın hakimiyyətə gəlmək ehtimalının yüksək olduğunun fərqində olan Avropa İttifaqı, Avropanın yeni hərbi ittifaq yaratmaq istəyini və bu İttifaqın NATO ilə hərbi müttəfiqlik edəcəyini bildirib. Donald Trampın yenidən prezident seçilməsi böyük müharibələrin dayanacağı anlamına gəlməməlidir. Xüsusən də Avropanın Cənubi Qafqazda yeni müharibə planlarını gerçəkləşdirmək cəhdi davam edəcək. Bakıda keçirilən COP29-a Avropa Birliyinin münasibətinə də bu kontekstdən yanaşmaq lazımdır. Ancaq o da həqiqətdir ki, Avropa Birliyi Ursula fon der Lyayenin Bakıya gəlməməsinə rəğmən, Şarl Mişelin Bakıda keçiriləcək tədbirə qatılacağı onu göstərir ki, Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil.
O ki qaldı COP29-un maliyələşdirilməsindən Avropa Birliyinin yayınmasına, əlbəttə ki, bu addım birliyin COP29-un Bakı tədbirinin nüfuzunu zədələmək niyyətinə bağlıdır. Çünki Avropa Birliyi, onun nəzdində olan təşkilatlar və hətta Avropa Parlamenti də COP29-un Bakı tədbirini boykot etməyə dəfələrlə çağırış edib”.

Geri qayıt