Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda ev tikintisi azalır: Səbəb bu imiş
Azərbaycanda ev tikintisi azalır: Səbəb bu imişBu gün, 08:10 |
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumi sahəsi 1 milyon 349 min 574.8 kvadrat metr olan 10 282 ədəd yaşayış evi tikilib istifadəyə verilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 14% və ya 1 664 ədəd azalıb. Belə ki, 2023-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 1 milyon 397 min 930 kvadrat metr olan 11 946 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi. Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş bina evlərinin sayı 4 633 ədəd, fərdi yaşayış evlərinin sayı isə 7 313 ədəd təşkil edib. Maraqlıdır, yaşayış evlərinin tikintisinin azalmasına səbəb nədir? Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, yaşayış evlərinin azalmasına səbəb tikinti materiallarının qiymətinin artmasıdır: “Ölkəmizdə yanacağın qiyməti artdıqdan sonra bütün sektorlara olduğu kimi, tikinti sahəsinin qiymətlərinə də təsir etdi. Tikinti materiallarının istehsalında və daşınmasında dizel yanacağı çox önəmli rol oynayır. Dizel yanacağının qiymətinin kəskin artması yerli istehsal materiallarının qiymətlərinə önəmli ölçüdə təsir göstərir”. O bildirib ki, ölkəmiz böyük ölçüdə tikinti materialları idxal edir: “Tikinti materiallarını Rusiyadan, Türkiyədən, İrandan, Çindən idxal edirik və yol xərclərinin artması idxal mallarının qiymətinə də təsir göstərir. Xüsusən də Rusiya və Ukrayna arasında müharibə tikinti materiallarının qiymətlərinə böyük ölçüdə təsir etdi”. İqtisadçı vurğulayıb ki, işğaldan azad olunmuş bölgələrimizdə çox böyük sürətlə təmir, tikinti işləri gedir: “Təmir işlərinə dörd il ərzində təxminən 20 milyard manatdan artıq vəsait xərclənib. Ona görə də tikinti materiallarına tələb artıb. Təbii ki, iqtisadiyyatın qanununa görə tələb artdıqca, qiymət də yüksəlir. Buna görədə mənzil qiymətlərinin artmasının əsas səbəblərindən biri də məhz elə bu tikinti materialları bazarındakı bahalıqdır. Yaxın zamanda qiymətlərin sabitləşəcəyini söyləmək təəssüf ki, mümkün deyil”. O qeyd edib ki, tikinti materiallarının ucuzlaşması üçün bəzi tədbirlər görülə bilər: “Tikinti materiallarının qiymətinin ucuzlaşması üçün öncəliklə yerli istehsala təkan verilə bilər. Bu, yaxın perespektivdə reallaşa bilməyəcəyindən, sadələşdirilmiş vergi hesabına idxalı artırmaqla buna nail olmaq olar. Belə olan halda ölkəmizdə tikinti materiallarının qiymətləri ucuzlaşar. Yaxud dizel yanacağının qiyməti ucuzlaşarsa, o zaman tikinti bazarnda da 20-25 faiz arası ucuzlaşma ola bilər”. Geri qayıt |