Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var"
"Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var"Bu gün, 17:05 |
"Azərbaycanda həkim çatışmazlığı var. 1992-ci ildə ölkəmizdə təxminən 28 minə yaxın həkim var idisə, hazırda bu rəqəm 33 mindən çoxdur. Yəni, artım beş mindir. Doğrudur, əhali də artıb". Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib. O bildirib ki, ildə Azərbaycan Tibb Universitetində minə yaxın həkim hazırlanmasına baxmayaraq, həkim çatışmazlığından şikayətlənirik: "Bu ona görə belədir ki, ölkədən həddən çox axın var. Başqa yerlərə işləməyə gedirlər. Türkiyədə, Almaniyada, Fransada, ABŞ-də işləyənlər çoxdur. Bunun qarşısını birbaşa ala bilmərik. Amma elə bir şərait yarada bilərik ki, həkimlərin burada qalmaq üçün marağı olsun. Məsələn, rezidentura sistemi ilə bağlı demək istərdim. Niyə bizdə həkimlər erkən vaxtdan buradan çıxıb gedir? Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikası var. Amma icbari tibbi sığorta ora xəstə vermir. Bu rezidentlər harada və necə öyrənsin? Onlar təcrübə toplamalıdırlar. Əslində Səhiyyə Nazirliyi və TƏBİB arasında gizli də olsa, səlahiyyət mübarizəsi var. Bu işə xeyli mane olur. Bir icra strukturunun iki yerə bölünməsi, işin effektivliyini xeyli aşağı salır. Əsas problem bundadır. Ona görə də həkimlərin çoxu rezidenturada xəstə tapmır, öyrənə bilmir, məcbur olaraq Almaniya, Türkiyəyə gedir, sonra orada qalır". A.Qeybulla vurğulayıb ki, 65 yaşdan sonra həkimləri işdən çıxarırlar: "Bu həkimləri başqa yerdə yerləşdirmək olar. Onları həkimlərin az olduğu yerlərə göndərmək mümkündür. Müəyyən təcrübə toplamış həkimi o yaşında bayıra atmaq nə dərəcədə məntiqə uyğundur? Düşünürəm ki, xeyli yanlışlıqlar var və işimizi iflic duruma salıb". Qeyd edək ki, Milli Məclisin noyabrın 1-də keçirilən plenar iclasında çıxış edən bir neçə deputat Azərbaycanda həkim çatışmazlığının olduğunu bildirib. Geri qayıt |