Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı qışa hazırdırmı?

Bakı qışa hazırdırmı?


6-11-2024, 15:16
Bakı qışa hazırdırmı?
Bir neçə gün əvvəl aramsız intensiv yağışlar nəticəsində paytaxt küçələrinin subasmaya məruz qalmasından sonra yol infrastrukturunda bir sıra işlərin görülməsi zərurəti yaranıb. Bu işlər çərçivəsində görülməsi vacib olan ən başlıca məsələlərdən biri mərkəzi kanalizasiya sisteminin yenilənməsidir. Bəs görəsən intensiv yağışlardan sonra bu istiqamətdə hansı işlər aparılıb?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu İqtisadiyyat.az-a deyib ki, hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilir.

Onun sözlərinə görə, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir: “Buna səbəb odur ki, xətlər intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilməsidir. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir”.

Qurumun sözçüsü bildirib ki, bundan başqa qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurma hallarıdır: “Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir”.

C.Musaoğlu söyləyib ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir:

“Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Don vurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur”.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə İqtisadiyyat.az-a deyib ki, bu məsələ ilə əlaqədar görülməsi lazım olan çoxlu işlər var. Onun sözlərinə görə, xüsusən yol infrastrukturunun daha səmərəli və uzunmüddətli istifadəsi üçün yararlı vəziyyətə gətirilməsi vacib və önəmlidir:

“Biz təəssüflə qeyd edirik ki, hər il bu sahədə daha çox inkişafa nail olacağımızı gözlədiyim anda baxıb görürük ki, əksinə olaraq geri gedirik. Çünki yollar bir mərkəzdən idarə olunmur və ya tikilmir. Bu işlərlə bir neçə qurum məşğul olur. İcra hakimiyyətləri və ya bələdiyyə də yol tikir. Bəzən onların büdcəsi buna imkan vermir. Bu gün yol çəkilir, lakin sabah sırdan çıxır. Ona görə də məsələləri mərkəzləşdirilmiş qaydada həll etmək lazımdır”.

E.Muradlı əlavə edib ki, su-kanalizasiya sistemi ilə də bağlı ciddi işlər görülməlidir: “Yağış sularının idarə edilməsi ilə bağlı Cənab Prezident tərəfindən tapşırıq verilib, komissiya yaradılıb, ancaq çox təəssüf ki, bu komissiya bəzən tutarlı addımlar ata bilmir. Bəzən aidiyyəti qurumlar gözləyir ki, hər hansı bir yolla bağlı konkret istiqamət göstərsinlər. Lakin özlərinin bu məsələyə yanaşma tərzi fərqli olmalıdır. Bu gün formal yanaşmalar mövcuddur və ona görə də bu, sonradan bir sıra problemlərin yaranmasına səbəb olur. Bu ilin qışa hazır olub-olmamasını hesab edirəm ki, biz qışda görəcəyik. Hər il bununla bağlı müxtəlif proqnozlar verilir, paytaxtın qışa tam hazır olduğu deyilir, lakin görünən əksinə olur. Bu proses digər dünya ölkələrində də baş verir. Müşahidə etsək görərik ki, digər ölkələr də qış aylarında bizim kimi əziyət çəkir, amma elə ölkə var ki, onlarda qışa hazırlıq yaxşı səviyyədədir, çünki onlar profilaktik tədbirləri mütəmadi olaraq davam etdirirlər”.

Qeyd edək ki, paytaxtın qışa hazırlığı ilə bağlı hansı profilaktik tədbirlərin həyata keçirildiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətinin rəhbəri Metin Hüseynova dəfələrlə zəng etsək də, telefonlarımıza cavab vermədiyi üçün onunla əlaqə saxlamaq mümkün olmayıb.

Geri qayıt