Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qafqazda qanlı ssenarilər

Qafqazda qanlı ssenarilər


6-11-2024, 10:36
Qafqazda qanlı ssenarilər
Oktyabrın 26-da Gürcüstanda hakim Gürcü Arzusu Partiyası parlament seçkilərində qalib gəldi. Bunun ardınca ölkədə aksiyalar başladı. Diqqətçəkən məqam budur ki, bir çox qüvvələr hakim partiyanın qələbəsini tanımır.

Ermənistanda da bir müddət öncə aksiyalar olmuşdu. Keşiş Baqrat Qalstanyan davamlı mitinqlər keçirsə də, nəticəsi olmadı.

Bəs Tbilisidə başlayan mitinqlər Qafqaza nə vəd edir? Oradakı aksiyalar Azərbaycandakı siyasi proseslərə necə təsir göstərə bilər? Cənubi Qafqaza təhdid var? ABŞ və Aİ gürcü müxalifətini Qafqazı qarışdırmaq üçün ayaqlandıra bilərmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, bəzi yerli jurnalistlər və ekspertlər hadisələrin miqyasını və hazırda de-fakto Gürcüstanın müstəqil hüququn subyekti kimi suverenliyini təhdid etməyə çalışan qrupların potensialını reallıqdan xeyli üstün dəyərləndirirlər:

“Bəzilərinin bunu yazılarının, şərhlərinin daha çox populyarlıq qazanması baxımından etdiyini başa düşürəm, amma elələri də var ki, hələ də firavan və təhlükəsiz həyatın ünvanını, yaşadığımız bölgəni geosiyasi maraqlarının qanlı arenasına çevirmək istəyən Qərbdə görürlər.

Gürcüstanda baş verən proseslərin müəyyən bir mərhələdən sonra səngiyəcəyini düşünürəm. Çünki hazırda etirazların ön cərgəsində yer alan siyasətçilərin və vətəndaş cəmiyyəti institutlarının xeyli hissəsi Gürcüstanın ABŞ, Fransa və digər ölkələrin satellitinə çevrilməsini arzulamırlar. Onların seçkilərdə və hazırda aksiyalarda iştirakı, istisnasız olaraq Qərbin sifarişlərini yerinə yetirməklə deyil, hakimiyyətə gəlmək niyyətləri ilə bağlıdır. Məhz bu səbəbdən də proseslərin emosional yükünün getdikcə azalacağı qənaətindəyəm. Əks təqdirdə seçki gününün sonunda və növbəti gün etirazların ən sərt formasının şahidi ola bilərdik. Bu, baş vermədi. Səbəblərdən biri də Gürcü Arzusu Partiyasının real qələbəsi və müxalifətin yekdil, vahid qüvvə olmaması ilə bağlıdır. Hesab edirəm ki, tezliklə etiraz dalğasının səngiməsinə şahidlik edə bilərik”.

Geri qayıt