Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Məhkəmə iki generalla bağlı DTX-da araşdırma aparılmasına qərar verdi

Məhkəmə iki generalla bağlı DTX-da araşdırma aparılmasına qərar verdi


Bu gün, 10:26
Məhkəmə iki generalla bağlı DTX-da araşdırma aparılmasına qərar verdi
Müdafiə Nazirliyi və tabe qurumlarda 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan biri – Quru Qoşunları Maliyyə İdarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov generallar Mais Bərxudarov və Münasib Babayev də daxil, 20-yə yaxın şəxsin məhkəməyə çağrılıb dindirilməsini tələb edir.

Ancaq məhkəmə dindirmə tələbi ilə razılaşmasa da, B.Bayramovun ərizəsində o adamlarla bağlı yazılanların araşdırılması üçün onu Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX-ya) göndərmək qərarı verib.

Gununsesi.info bildirir ki, polkovnik Bayramov daha üç nəfərlə – Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədov, Hərbi Hava Qüvvələri Maliyyə İdarəsinin sabiq rəisi Cəlal Kazımov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadə ilə birlikdə mühakimə edilir.

Artıq dindirmələr və sənədlərin tədqiqi mərhələsi də bitib. Növbəti məhkəmə iclasında prokurorun təqsirləndirilən general və polkovniklərə cəza istəyəcəyi gözlənilir.

Bu dəfə dövlət ittihamçısı ötən məhkəmə iclasında B.Bayramovun təxminən bir ay öncə vəzifəsindən azad edilən korpus komandirləri M.Bərxudarov və M.Babayevin ünvanına səslənən korrupsiya ittihamları, eləcə də onların sürücüsü, aşpazı, mühasibi, yavəri və başqa vəzifələrdə çalışmış 15-ə yaxın şəxsin məhkəmədə dindirilməsi barədə vəsatətə münasibət bildirib.

Polkovnik Bayramov bu şəxslərin dindirilməsi haqda tələbini belə əsaslandırmışdı ki, M.Bərxudarov və M.Babayev hətta evlərinin, ailələrinin də xərclərini onlara ödətdirirdi. İndi isə həmin xərclər yeyinti kimi onların üzərində qalıb.

B.Bayramovun dediyinə görə, general Bərxudarov üçün hər ay Beyləqanda “Real” adlı ərzaq mağazasına və “Zirvə” adlı hədiyyə-dəftərxana ləvazimatları mağazasına 2 min manat pul ödənilirdi. Bu, 24 ay davam edib və toplam 48 min manat pul xərclənib. Mağazalardan alınan malları isə Bərxudarovun yavəri Ülfət Abbasquliyev, sürücüsü, ya da mühasibi götürüb aparırdı.

O, M.Babayevə hər ay 3 min manat verdiyini vurğulayıb. Bu, 26 ay sürüb və toplam 78 min manat ödənib: “Bundan başqa, Hadrut qəsəbəsindəki evinə alınan qızdırıcı üçün 8 min manat ödəmişəm”.

Onun sözlərinə görə, 2020-ci ilin dekabrından 2021-ci ilin avqustunadək M.Babayevin Hadrutdakı evinin xərclərindən ötrü də 6 min manat gedirdi. Alış-verişlə ya generalın sürücüsü Xəyal, ya da aşpazı məşğul olurdu: “Pulları mühasibə verirdim. Hələ mən ad günü, bayramlara görə verilənləri saymıram”.

Məhkəmə qərarında da vurğulayıb ki, polkovnik Bayramovun vəsatətində cinayət xarakterli məlumatlardan bəhs olunur. Bu səbəbdən onun ərizəsi araşdırılıb, hüquqi qiymət verilməsindən ötrü istintaq orqanına – DTX-nın İstintaq Baş İdarəsinə göndərilir.

Geri qayıt