Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Demokratların dövründə Azərbaycana milyardlar gətirən müqavilə imzalanıb...”
“Demokratların dövründə Azərbaycana milyardlar gətirən müqavilə imzalanıb...”4-11-2024, 11:19 |
“Zənnimcə, tarixən ən professional, ən maraqlı seçki kampaniyaları həmişə ABŞ-də olub... Konkret Trampla Harrisin mübarizəsinə gəldikdə, görürük ki, bir xal, bir səs qazanmaq uğrunda da ölüm-dirim mübarizəsi aparılır. Və kiçik istisnalarla hər şey normal rəqabət, demokratik çərçivədə gedir. Əlbəttə, Trampla müqayisədə Harrisin şansı çoxdur. Düzdü, Trampa qarşı hər halda rəsmən sui-qəsd adlandırılmış olaylar baş verdi. Amma bunlar da onun reytinqinin o qədər də artırmadı. Və hesab edirəm ki, Birləşmiş Ştatların növbəti prezidenti olmaq üçün Harrisin şansları daha çoxdur. Lakin ABŞ-də gözlənilmədən hər şey baş verə bilir”. Bu fikirləri Moderator.az-a açıqlamasında “Noyabrın 5-də isə ABŞ-də prezident seçkiləridir. Sizcə, hansı namizədin şansları çoxdur; respublikaçı Trampın, yoxsa demokrat Harrisin” sualına cavab verərkən beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ifadə edib. “Bir sıra yerli şərhçilər Azərbaycan üçün Rusiya prezidenti Putinlə yaxın münasibətlərdə olan respublikaçı Donald Trampın qalib gəlməsinin daha sərfəli olduğunu söyləyirlər. Ancaq bu günlərdə Tramp sosial şəbəkədəki paylaşımında Azərbaycanın ərazisinin bir parçasını Qarabağ əvəzinə "artsax" adlandırdı və faktiki olaraq dövlətimizi ermənilərə qarşı vəhşiliklər törətməkdə və onları, özü də guya 120 min ermənini zorla köçürməkdə ittiham etdi. Siz necə düşünürsüz? Belə bir durumda Tramp hakimiyyətə gələcəyi halda Azərbaycana qarşı ədalətli mövqe tutarmı” sualını isə analitik belə cavablandırıb: “Hamı bilir ki, Tramp populist siyasətçidir. O, seçkilər ərəfəsində artıq üçüncü dəfədir ki, Pompeonu Ukraynaya göndərir. Seçilmək üçün hər cür oyunlara əl atır, ağlına gələn fikirləri ifadə edir. Və Trampın öz “X” hesabındakı açıqlamasında gündəmə gətirdiyi Qarabağdan köçmüş guya 120 min erməninin geri qayıtması məsələsi artıq dünəndə qalıb. Və hazırda bu məsələ nə Birləşmiş Ştatların, nə də Avropanın gündəmindədir. Eyni zamanda Trampın Qarabağa “artsax” deməsi də bir şeyi dəyişmir; Qarabağ dünya durduqca əzəli və əbədi Azərbaycan torpağıdır və həmin ərazidə yalnız Azərbaycan vətəndaşları yaşaya bilər. O da var ki, Tramp bu cür açıqlamaları ABŞ-dəki erməni diasporundan səs toplamaq məqsədi ilə edir. Amma oradakı ermənilər əsasən demokratlara dəstək verirlər və buna davam edəcəklər. Qaldı respublikaçı Trampın, yaxud demokrat Harrisin hakimiyyətə gələcəyi halda Azərbaycana münasibətdə ədalətli olub-olmayacaqlarına, unutmayaq ki, respublikaçıların hakimiyyətdə olduğu vaxtlarda, o cümlədən 2020-ci ildə - Trampın özünün hakimiyyətdə olduğu bir dönəmdə ABŞ ilə münasibətlər normal olub, torpaqlarımızın azad olunmasına şərait yaranıb, demokratların dövründə isə neft və qazımızın xaricə, Avropaya ixracına, ölkəmizə milyardlar gətirən “Əsrin müqaviləsi”nin imzalanmasına şərait yaradılıb... Bütün hallarda istər Tramp, istərsə də Xarris hakimiyyətə gələcəkləri halda Azərbaycanla münasibətləri Birləşmiş Ştatların milli maraqlarının tələb etdiyi formada quracaqlar..." Geri qayıt |