Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır
İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır3-11-2024, 14:28 |
Britaniya Xarici İşlər Nazirliyi İrana qarşı sanksiyaları genişləndirməyə hazır olduğunu açıqlayıb. Bildirilir ki, bu, Tehranın nüvə silahı yaratmasının qarşısını almağa kömək edəcək. Eyni zamanda İranın nüvə proqramının heç vaxt indiki kimi yüksək səviyyədə olmadığı da qeyd edilib. İran həqiqətən nüvə silahı yarada bilərmi? Bundan istifadə region ölkələrinə, ümumilikdə dünyaya nə vəd verir? Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, ABŞ İrana qarşı sanksiyaların bir il daha uzadılması barədə qərar qəbul edib: “Bu, İranın Yaxın Şərqdə öz proksi qüvvələri ilə münasibətlərinin inkişaf etdirilməsi, həm də Rusiya-Ukrayna müharibəsində Kremlə silah yardımı göstərməsi ilə bağlıdır. Amma İsrail-İran müharibəsi və İranın nüvə proqramını da istisna etmək olmaz. Yəni İsrail rəhbərliyi tərəfindən bəyan olunduğu kimi, İran nüvə silahı əldə etməyə çox yaxındır və buna imkan verilməməlidir. Böyük Britaniya da ABŞ ilə birlikdə nüvə silahına malik İranın onların Yaxın Şərqdə yeritdikləri siyasətin qarşısını alacaqlarını düşünürlər. Məhz buna görə onlar mümkün vasitələrdən istifadə edərək İranı bu addımı atmaqdan saxlamağa çalışırlar. Amma istəklərinə nə qədər nail olublar, göz qabağındadır. İran heç bir təhdidə baxmayaraq addım-addım nüvə silahına malik olmağa yaxınlaşır. Belə gedərsə, yaxın illərdə biz artıq nüvə silahına malik İrandan danışacağıq”. Politoloqun sözlərinə görə, İranın nüvə silahına malik olması hamı üçün təhlükəlidir: “Bu təhlükə elə ilk növbədə İranın özünə qarşı yönələcək. Çünki onun nüvə silahı əldə etməsinin qarşısını ala bilməyən güclərin malik olduğu nüvə arsenalını məhv etməyə çalışmayacağına heç kim zəmanət verə bilməz. Digər tərəfdən nüvə silahı İranı daha cürətli edəcək və o heç bir dövlətin qarşısında öz ambisiyalarından əl çəkməyəcək. Xüsusilə ABŞ və İsrail İranın nüvə silahına malik olmasının əziyyətini çəkəcəklər. Çünki onlar İranla daha ehtiyatlı münasibət saxlamağa məcbur qalacaqlar. Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə üçün İrandan gələn təhlükə daha da nəzərəçarpacaq olacaq. Heç bir dövlət öz qonşusunun nüvə silahına malik olmasını arzulamazdı. O cümlədən, Cənubi Qafqaz respublikaları”. Geri qayıt |