Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan Bakıya gəlməkdən çəkinir

Paşinyan Bakıya gəlməkdən çəkinir


Bu gün, 07:09
Paşinyan Bakıya gəlməkdən çəkinir
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirinə qatılmayacaq, ölkəni Azərbaycanda başqa şəxs təmsil edəcək.

Tədbirin Bakıda keçirilməsini dəstəkləyənlərdən biri olan Paşinyan sonda özü qatılmamaq qərarı verib. Maraqlıdır, Ermənistanın Baş naziri tədbirə gəlməkdən niyə imtina edib?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Nikol Paşinyanın COP29 kimi beynəlxalq tədbirə qatılmamasının ciddi səbəbi var: “Birincisi, bu tədbirin başlamasına bir neçə ay qalmış Ermənistanda müxalifət Paşinyana qarşı gələcəkdə zərbə vurmaq üçün ideoloji informativ baza yaradıb. Bu baza ondan ibarətdir ki, guya qondarma rejimin “liderlər”i Bakıda saxlanıldığı halda, Paşinyan Azərbaycan paytaxtına gəlirsə, deməli Baş nazir təslimçi siyasət aparır. Paşinyan isə ölkə daxilində gələcəkdə siyasi manevrlərini itirməmək üçün bu addımı atmaqdan qorxdu və siyasi müxalifətin tezisləri ilə razılaşmaq məcburiyyətində qaldı. İkinci səbəb isə Paşinyanın sülh sazişinə hazır olmamasıdır. Paşinyan özü də bunu yaxşı bilir. Bilir ki, Azərbaycan və Ermənistan COP29-a qədər sülh imzalanması təklifi ilə çıxış etsələr də, saziş Paşinyanın mövqeyi üzündən imzalanmadı. Çünki Paşinyan yarımçıq sülh sazişi imzalamasını ortaya qoydu. Bu şəraitdə o, Bakıya gələcəyi təqdirdə çox çətin suallar qarşısında qalacağından ehtiyat edir”.

Aydın Quliyev bildirib ki, Paşinyanın Bakıya gəlməməsinin daha bir səbəbi müharibədə ağır məğlubiyyətə uğramasıdır: “Müharibədən sonra Paşinyanın Bakıya gəlməsi onun üçün psixoloji çətindir. Əgər bu tədbir İrəvanda baş tutsaydı və Azərbaycan Prezidenti İlham Əliyev ora dəvət olunsaydı, dövlətimizin başçısı heç bir kompleks yaşamadan həmin tədbirə qalib ölkənin başçısı kimi qatılardı”.
Geri qayıt