Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt keçiriləcək?
Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt keçiriləcək?Bu gün, 01:11 |
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı dəqiqləşdirilməyib. TNS-in məlumatına görə, 2024-cü il dekabrına təyin olunmalı olan seçkilər barədə hələ də məlumat yoxdur. Qanunvericiliyə görə, bələdiyyə seçkiləri 5 ildən bir keçirilməlidir. Yəni sonuncu bələdiyyə seçkiləri keçirildiyi gündən 5 il sonra yeni seçkilər keçirilməli, bələdiyyə üzvləri seçilməlidir. Bələdiyyə seçkiləri isə ən azı seçkilərə 60 gün qalmış təyin edilməli və elan olunmalıdır. Ötən bələdiyyə seçkilərinin 5 ilinin tamam olmasına 60 gündən az vaxt qalmasına baxmayaraq, Mərkəzi Seçki Komissiyası hələ bu barədə toplanmayıb və seçki gününü müəyyən etməyib. Məsələ ilə bağlı TNS-in suallarını cavablandıran Mərkəzi Seçki Komissiyasının sədr müavini Arifə Muxtarova bildirib ki, təmsil etdiyi qurum bələdiyyə seçkilərinin keçiriləcəyi vaxtı hələ dəqiqləşdirməyib. Hansı səbəbdən vaxt təyin edilməyib, o da məlum deyil. Sədr müavini bildirib ki, hazırda məzuniyyətdə olduğu üçün bu məsələnin dəqiq səbəbini bilmir: “Mən məzuniyyətdəyəm, seçkilərin keçiriləcəyi vaxt barədə dəqiq deyə bilmirəm, amma keçiriləcək”. Sonuncu dəfə seçilən bələdiyyə üzvlərinin səlahiyyət müddətinin 5 il sonra bitməsinə gəlincə isə A. Muxtarova qeyd edib ki, Məcəlləyə görə, bələdiyyə üzvlərinin səlahiyyət müddəti 5 ilin tamamında bitmir: “Seçki Məcəlləsinin 211-ci maddəsində bu barədə məlumat var, zəhmət olmasa, Məcəlləyə baxın, oradan aydın olacaq”. Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquqşünas Vüqar Babayev TNS-ə açıqlamasında bildirib ki, Seçki Məcəlləsinə görə, (Maddə 211.1), bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Həmin Məcəllənin 211.2-ci maddəsində isə göstərilir ki, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır: “Həmçinin, Seçki Məcəlləsinə görə, bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində mediada rəsmi dərc edilməlidir”. V. Babayev bildirib ki, Məcəlləyə görə bələdiyyə üzvünün səlahiyyət müddəti seçkilərin keçirildiyi gündən hesablanırsa və müddət 5 il müəyyənləşibsə, bu o deməkdir ki, bələdiyyə üzvü seçilən şəxsin səlahiyyəti 2024-cü il dekabrın 23-də başa çatır. Geri qayıt |