Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Provayderlərlə bağlı şikayətlər nə vaxt həll olunacaq?

Provayderlərlə bağlı şikayətlər nə vaxt həll olunacaq?


Bu gün, 10:22
Provayderlərlə bağlı şikayətlər nə vaxt həll olunacaq?
Azərbaycanda vətəndaşlar hələ də internetin keyfiyyətindən, sürətindən və provayderlərin problemə laqeyd yanaşmasından şikayətçidirlər. Sosial şəbəkələrdə hər gün müxtəlif adda fəaliyyət göstərən internet provayderlərinin yarıtmaz fəaliyyəti pislənir. İnsanlar iddia edirlər ki, internetin sürəti onlara vəd edildiyi kimi deyil, bəzi hallarda isə internetin verilişi saatlarla, günlərlə tamamilə dayandırılır.

Problem nə qədər qaldırılsa da, belə şikayətlərin ardı-arası kəsilmir.

Xüsusilə, vətəndaşlar avqust ayında internetin minimum tariflərinin artırılmasından sonra onlara qiymətə uyğun xidmət göstərilməsini tələb edirlər.

Xatırlatmaq yerinə düşər ki, avqustun 15-dən etibarən Azərbaycanda minimum internet paketinin qiyməti 25 manat olub. “Aztelecom”un yaydığı məlumatda bildirilir ki, əvvəl 18 manata 40 Mbits sürət təklif olunurdu, avqust ayından etibarən isə GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıb. Yəni sürət və keyfiyyət artıb, hər meqabayta düşən məbləğ isə əksinə azalıb.

Bəs qurumun dediyi kimi, ucuz qiymətə “yüksək sürətli” internet alan vətəndaşlar kimə müraciət etsinlər? Provayderlər vətəndaşa niyə normal xidmət göstərmirlər?

Mövzu ilə əlaqədar Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, problemin kökü inhisarçılıqdadır:

“Bizdə problem provayderlərdən daha çox mərkəzləşdirilmiş internetin paylanma məsələsindədir. Yəni burada bəlli inhisarçılıq var, bir şirkət ölkəyə interneti gətirir və provayderlərə satır. Ondan sonra provayderlər də həmin yanaşma ilə aldıqları interneti əhaliyə satırlar. Yəni inhisarçılıq məsələsinə son qoyulmasa, müxtəlif mənbələrdən internetin provayderlər tərəfindən alınmasına şərait yaranmasa, təəssüf ki, bu problemin həlli də mümkünsüz görünür”.

Geri qayıt