Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda enerji ucuzlaşacaq?

Azərbaycanda enerji ucuzlaşacaq?


Bu gün, 07:02
Azərbaycanda enerji ucuzlaşacaq?
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanda inşa edəcəyi 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası 2026-cı ildə istifadəyə veriləcək.

Bunu Energetika Nazirliyinin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, Biləsuvar və Neftçala günəş elektrik stansiyalarının istifadəyə verilməsi 2026-cı ilin aprel ayının sonuna qədər gözlənilir:

"İlin sonunadək isə 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda bütün layihələr üzrə işlər qrafikə uyğun olaraq aparılır”.

Qeyd edək ki, bu gün ölkədə mövcud enerji qiymətləri əhali tərəfindən heç də birmənalı qarşılanmır.

Bəs gələcəkdə günəş və külək elektrik stansiyaları fəaliyyətə başladığı təqdirdə ənənəvi enerji ucuzlaşa bilərmi?

Enerji məsələləri üzrə ekspert İlham Şaban “Cebheinfo.az”-a bildirib ki, ənənəvi enerji ucuzlaşmayacaq:

“Çünki bizdə hazırda ənənəvi enerjidən yaşıl enerjiyə keçid siyasəti yürüdülür. Bu keçid siyasətini yürütdüyümüzdən, hazırda innovativ sayılan yaşıl enerjinin qiyməti də bahadır. İkinci bir tərəfdən dövlət bu sektora özünün büdcəsindən vəsait xərcləmək niyyətində deyil. Necə ki, son 20 ildə qaz, su elektrik stansiyalarının tikintisinə dövlət büdcəsindən və kreditlər hesabına təqribən 4 milyard dollar vəsait xərclənmişdi. Ötən il “Elekrtoenegetika haqqında” qəbul edilən qanunun fəlsəfəsi 5 il ərzində elektroenergetika sektorunun bazar reyslərinin üzərinə tam keçidinə nail olmaqdır.

Yəni, qanunda yazılıb ki, Azərbaycanda artıq dövlət elektrik enerjisinin satış qiymətini tənzimləməyəcək. Mən deyərdim ki, bu, inqilabi bir arzudur. Bu yöndə də addımlar atılır. Çünki Türkmənistan, İran kimi ölkələr enerjini dotasiya ilə öz xalqına satır, onların iqtisadiyyatlarının bərbad gündə olduğu, hansısa elmi araşdırma ilə deyil, sadəcə o ölkəyə ayağını basan kimi görünür".

Ekspertin fikrincə, hər bir sektor özünü dolandırmalıdır:

"Bu baxımdan, Azərbaycanda elektrik enerjisinin diferensial qiymətləri var. Yəni daha çox istifadə etdikcə, daha çox ödəyirsən. Bu, Azərbaycanda elektrik enerjisinin digər enerji ölkələri isə müqayisədə daha qənaətcil, daha rasional istifadə edilməsinə səbəb olan amillərdən biridir. Elektrikin qiyməti 2028-ci ilə qədər müəyyən qədər artacaq.

Bu artım nəticəsində də məhz özəl sektor- hansısa xaricdən gələn, elə Azərbaycanın içində olan şirkət, yaxud öz həyətində, damında, günəş panelləri, külək turbinləri quraşdıran istehsalçılar onu həm də dövlətə satmaq imkanı əldə edəcəklər, onların da marağında olacaq. Ancaq ümuməm elektrik enerjisinin ucuzlaşması ilə bağlı ilk addımı atırıq. Ötən ilin oktyabrında ilk dəfə Azərbaycan tarixində Qaradağda iri günəş elektrik stansiyası istifadəyə verildi. Ancaq Avropa, Amerika, Çin, ərəb ölkələrinin 20 illik təcrübəsi var. Heç birində mən elektrik enerjisininin rəsmən ucuzlaşmasını görməmişəm.

Lakin Amerikada, o cümlədən, Avropada, məsələn, saat 7-dən saat 9-dək paltaryuyan, qabyuyan, elektrik avadanlığı ilə işləyən maşınları işə salmağı tövsiyə ediblər. Çünki bu saatlarda sayğac nə yazsa ona pul alınmayacaq. Bunu da ona görə edirlər ki, stansiyanı dayandırıb yenidən işə salmaq özü xərc tələb edir. Onu bu proseslə əvəz edirlər. Yəni, insanlar bu illüziya ilə yaşamasınlar ki, artıq günəşdən, küləkdən elektrik enerjisi alacağıq, bizdə işıq havayı olsun. Havayı olan izafidir. İnsan onun qədrini bilmir. Bu, kapitalizmin bir nömrəli təfsilatıdır. Bizim yolumuz isə kapitalizm yoludur. Biz sosializm, ibtidai icma quruluşu yolu gedən ölkə deyilik”.
Geri qayıt