Əsas Səhifə > Ana xəbərlər, Güney Press > MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi?

MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi?


Bu gün, 16:19
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi?
Bu gün ən müzakirə edilən məsələlərdən biri də Mənzil Tikinti Kooperativlərinin (MTK) fəaliyyəti ilə bağlıdır. Onlardan razı olan da var, narazı qalan da...

Vətəndaşların narazılığına əsas səbəblərdən biri mənzil kommunal haqqlarının MTK-lar tərəfindən tez-tez artırılmasıdır.

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün hündürmərtəbəli binaların mənzillərinin və qeyri-mənzillərinin mülkiyyətçiləri (qanunda onlara sahə mülkiyyətçiləri deyilir) olan şəxslərin mənzil haqqları, kommunal haqqlar ödəməsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənmişdir:

“Məbləğin miqdarını sahə mülkiyyətçilərinin ümumi yığıncağı müəyyən edə bilər. Sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini də yarada bilər. Həmin cəmiyyətlərin ali orqanı olan ümumi yığıncağa da bu səlahiyyəti, yəni mənzillərə göstərilən kommunal xidmətlərin dəyərini müəyyən etmək səlahiyyəti də verə bilər”.

Vəkil bildirib ki, Mənzil Tikinti Kooperativləri yüksək mərtəbəli binaları tikib dövlət komissiyalarına təhvil verdikdən sonra MTK-nın fəaliyyətinə xitam verilməlidir:

“Bundan sonra binaların sahə mülkiyyətçiləri ümumi yığıncaqlarının qərarı ilə 3 idarəetmə formasından birini seçə bilərlər. Ya birbaşa özləri öz binalarını idarə edə bilərlər, eyni zamanda kommunal xidmət haqqlarını da özləri müəyyən edə bilərlər, yaxud kənar idarəedici təşkilata verə bilərlər. Həmin təşkilat da sakinlərlə müqavilə bağlayaraq mənzil kommunal haqqının dəyəri müəyyən edilə bilər. Üçüncü yol isə bu barədə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin və ya ixtisaslaşdırılmış mənzil kooperativlərini yarada bilərlər ki, həmin təşkilatlar da bu yöndə fəaliyyət göstərə, eyni zamanda həmin təşkilatların ümumi yığıncaqları kommunal haqqlarının ümumi dəyərini müəyyən edə bilərlər”.

Geri qayıt