Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır"

"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır"


Bu gün, 09:27
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır"
Bir neçə gün yağan yağış Bakını iflic vəziyyətinə gətirdi. Bəh-bəhlə cəmiyyətə sırınan tunellər su basdı. Avtomobillər suyun içərisində çıxılmaz vəziyyətə düşdü və bu yağış iki can aldı. Müvafiq qurumlar dedilər ki, “yağış normadan yuxarı yağıb”. Bir başqası, bunu təbii fəlakət adlandırdı. Bir deyən olmadı ki, iş səhv görülüb. Tunellərdə nasosxanalar, drenaj sistemləri işləməyib. Su bu səbəbdən, bizim səhvimiz üzündən tunelə dolub. O iki nəfər də bizim məsuliyyətsizliyimiz səbəbilə həyatını itirib.
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yağan yağışın güclü olması bir təbiət hadisəsidir. Amma təbiət hadisəsi olmasına rəğmən burada insan həyatının itirilməsi faktı var: “ Prokurorluq mütləq şəkildə bununla bağlı cinayət işi başladacaq. Prokurorluq cinayət işini başladandan sonra iki insanın ölümünə səbəb olan halların araşdırılmasını həyata keçiriləcək. Məsələn; tuneli su basması, kanalizasiya və drenaj sistemlərinin işləməməsi, suyun axmasının hansı səbəbdən ləngiməsi və s. araşdırılmağa başlanacaq və ilkin araşdırmada cavabdeh dövlət təşkilatlarının, dövlət qurumlarının - Bakı şəhəri İcra Hakimiyyəti və onun yerli struktur bölmələri, çoxmənzilli kommunal təsərrüfatları, eyni zamanda keçmiş “Azərsu” yəni indiki “Dövlət Su ehtiyatları Agentliyi”, o cümlədən Avtomobil Yolları Dövlət Agentliyi bunların hər birinin qanunvericilik çərçivəsində sənədləri və əsasnamələri araşdırılacaq. Bunların vəzifə öhdəliklərində əgər həmin qabaqlayıcı tədbirlərin görülməsi varsa, bu mütləq şəkildə prokurorluq tərəfindən araşdırılmalıdır. Eyni zamanda prokurorluğun müstəntiq müvafiq sorğu verərək həmin işlərin, ümumiyyətlə 2023-cü ildə görülmüş tədbirlər planı ilə bağlı məlumatlar və rəsmi sənədlər əldə edə bilər. Ora xərclənən pulları araşdıra bilər”-deyən hüquqşünas bildirib ki, araşdırma müfəssəl yerinə yetirildiyi təqdirdə bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyəti yaranacaq. Belə olan təqdirdə də bununla bağlı vəzifə səlahiyyətlərini aşmaq cinayəti ilə bağlı məsuliyyət yaranır.

Hüquqşünas həmçinin bildirib ki, burada eyni zamanda səhlənkarlıq cinayəti törədilib.

“O cümlədən, dövlət əmlakının talanması cinayəti törədilib. Əgər həqiqətən də, "silinmiş" ödənilmiş pulların təyinatı üzrə ödənilmədiyi müəyyən olurlarsa cinayət işi açılır. Bu araşdırma başlamalıdır.

Eyni zamanda bir məsələyə diqqət çəkim. Bakı şəhəri icra hakimiyyətinin başçısı Eldar Əzizov ifadəsində daha doğrusu jurnalistlərə verdiyi müsahibəsində 2 termin “təbii fəlakət” və “fövqəladə vəziyyət” terminləri işlədir. Qeyd edim ki fövqəladə vəziyyət Azərbaycan Respublikasının prezidenti tərəfindən elan olunmalıdır. Bu, bir konstitusion vəzifəsidir prezidentin və konstitusiyanın 109-cu maddəsinin tələbinə uyğun olaraq, prezident ölkədə fövqəladə vəziyyət elan edir və ya müəyyən bir ərazidə. Prezident tərəfindən elan olunmuş fövqəladə vəziyyət 24 saat içində Milli Məclisə göndərilir və Milli Məclis tərəfindən təsdiq olunur. Ümumiyyətlə, icra hakimiyyəti başçısının belə ifadə işlətməsi birmənalı şəkildə qarşılanmamalıdır”-deyə hüquqşünas qeyd edib.

Ramil Süleymanov bildirib ki, bu, daha çox nəyisə ört-basdır etmək üçün niyyətlənmiş açıqlamadır. Ona görə də bu məsələdə Prokurorluğun üzərinə böyük iş düşür. Hüquqşünas vurğulayıb ki, prokurorluq tərəfindən bu hadisə cinayət hadisəsi kimi dəyərləndirilməlidir və araşdırma aparılmalıdır.
Geri qayıt