Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik”

“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik”


Bu gün, 00:02
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik”
“Ermənistan uzun müddətdir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı prosesləri uzatmağa çalışır”.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi İrəvan gələcəkdə masa arxasında oturmamaq üçün müxtəlif bəyanatlar verir və fərqli bəhanələr ortaya atır:

“Təbii ki, bütün bunlar təkbaşına deyil, Avropa və ABŞ-dən gələn “tövsiyələrlə” baş tuturdu. Ötən gün isə Rusiyanın Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş çərçivəsində aparılan danışıqlar onu göstərir ki, Azərbaycan diplomatiyası və siyasəti yenə də üstün mövqedədir.

Biz sülh müqaviləsinin imzalanmasının nə qədər vacib olduğu prinsipini Prezident səviyyəsində ortaya qoyaraq, bununla bağlı kəskin arqumentlərimizi Ermənistan tərəfinə bildirmişik”.

Millət vəkili vurğulayıb ki, İlham Əliyev və Nikol Paşinyan arasında Kazanda keçirilən görüşün nəticələri də ölkəmizin uğurudur:

“Bu görüşdə də çox vacib məsələlər müzakirə olundu. Müzakirə zamanı ikitərəfli sülh gündəliyinin daha da inkişaf etdirilməsi barədə razılığa gəlinməsi çox əhəmiyyətlidir.

Çünki məhz bu danışıqların ardından xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin tez zamanda yekunlaşdırılması və ikitərəfli danışıqların davam etdirilməsi barədə tapşırıq verildi. Sözügedən görüşün də nəticəsinin bu şəkildə mətbuata və ictimaiyyətə elan edilməsi Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir”.

Jalə Əliyeva onu da əlavə edib ki, Azərbaycan və Ermənistan arasında aparılan ikitərəfli danışıqlar daha perspektivlidir:

“Rəsmi Bakı və İrəvan heç bir vasitəçiyə ehtiyac olmadan bütün məsələləri öz aralarında dialoq yolu ilə həll edə bilərlər. İndiyə kimi keçirilən bir sıra məhsuldar görüşlər də buna real nümunədir.

Atılan son addımlar və verilən bəyanatlar fonunda bunu bir daha gördük. Hesab edirəm ki, yaxın vaxtlarda da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şahidi ola bilərik”.

Geri qayıt