Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın”

“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın”


Bu gün, 11:09
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın”
Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Görüşlə bağlı fikirlərini AYNA-ya müsahibəsində bölüşən Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri xatırladıb ki, bundan əvvəl Moskvada Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş, danışıqlar baş tutmadı:

- Düşünürəm ki, ötən dəfə görüşdə Ermənistan tərəfi maraqlı olmamışdı. Çünki Moskvada baş tutan görüş Kremlin patronajlığı altında görüş sayılır. Bu, Paşinyan üçün Qərb havadarları kontekstində qəbul olunan deyil. Düzdür, bu görüş də Kazanda, yəni Rusiya şəhərində baş tutdu. Amma məsələ budur ki, birincisi, bu danışıqlar nə Kremlin patronajlığı altında oldu, nə üçtərəfli oldu, nə də Rusiya ortaya hansısa sənəd qoydu. BRİCS Sammiti çərçivəsində görüş keçirildiyinə görə bunu Rusiyanın təşkil etdiyi danışıqlar saymaq olmaz. Sözügedən tədbir beynəlxalq bir tədbirdir. BRİCS isə Rusiya mərkəzli təşkilat deyil. Ona görə də bu görüş heç bir halda Rusiyanın vasitəçiliyi altında adlandırıla bilməz.

İkincisi, baxmaq lazımdır ki, son üç gündə hansı əhəmiyyətli hadisə baş verdi?! Üç gün əvvəl ABŞ Prezidenti Co Bayden həm Azərbaycan, həm də Ermənistan liderinə məktub göndərib, tərəfləri sülhə çağırıb. Nəzərə almaq lazımdır ki, Kazanda liderlərin görüşü bu məktubla eyni dövrə təsadüf edir. Düşünürəm ki, bu, təsadüf deyil.

- Görüşdə müzakirə olunan məsələlər və XİN başçılarına tapşırıq verilməsini necə qiymətləndirirsiniz?

- XİN başçılarına liderlərin sülh sazişi ilə bağlı fəaliyyəti sünrətləndirmək barədə göstəriş verilməsi müsbət məqamdır. Onu da deyim ki, iki gün əvvəl Ermənistan Parlamentində sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyaların fəaliyyət reqlamenti barədə imzalanan sənəd ratifikasiya olundu. Bir növ, Paşinyan Kazan görüşünə əlidolu getmişdi. Ona görə də Paşinyan açıq şəkildə bildirdi ki, reqlamenti ratifikasiya etməklə İrəvan niyyətini ortaya qoydu. Dolayısı ilə Ermənistan rəhbərliyi bu görüşə hazırlıqlı getmişdi ki, Azərbaycan tərəfi İrəvana etimad etsin, yaxın müddətdə sülh sazişi imzalansın.

- Azərbaycanın mövqeyi bəllidir: Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət etmək. Amma İrəvan bu addımları atmır. Belə olan halda etimad nə dərəcədə mümkündür?

- Çox güman ki, Azərbaycan Prezidenti Ermənistanın Baş nazirinə bu məsələni bir daha çatdırıb. Paşinyan sammitdə delimitasiya və demarkasiya ilə bağlı reqlamentin ratifikasiyasından əvvəl Konstitusiya Məhkəməsində bu sənədin Konstitusiyaya zidd olmadığını təsdiqləndiyini bildirdi. Baş nazir bununla demək istəyir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulub. Amma məsələnin başqa tərəfi var. Xatırladım ki, 2009-cu ildə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı protokol imzalanmışdı, amma Ermənistanın Konstitusiya Məhkəməsi bu sənədi təsdiq etmədi. İndi delimitasiya və demarkasiya ilə bağlı reqlamenti təsdiqləyən və dolayısı ilə Azərbaycana qarşı ərazi iddiasının olmadığını təsdiqləyən də həmin Konstitusiya Məhkəməsidir. Məsələ budur ki, sabah Paşinyan hakimiyyətdən gedəndən sonra yerinə gələn siyasi qüvvələrin istəyi ilə həmin Konstitusiya Məhkəməsi başqa qərar versə, necə olacaq? Bu ehtimal qalır axı. Ona görə də Ermənistan birdəfəlik Konstitusiyada ərazi iddialarına rəsmən son verməlidir. Eyni zamanda, İrəvan özündə iradə tapmalı və Minsk Qrupunun ləğvi ilə bağlı Bakı ilə birgə ATƏT-ə müraciət ünvanlamalıdır.

- Buna baxmayaraq, hər halda liderlər sülh sazişinin imzalanması ilə bağlı işləri sürətləndirmək üçün XİN başçılarına danışıqları davam etdirmək haqqında təlimat verdilər...

- Bu təlimatların verilməsi tərəflərin danışıqlarda maraqlı olduğunun nümayişidir. Azərbaycan tərəfi hər zaman bildirib ki, sülhdə maraqlıdır və bu məsələ ətrafında danışıqlardan qaçmır. Amma təbii ki, Bakı şərtlərini konkret irəli sürür və dəyişməz olduğunu bəyan edib. Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın. Söhbət sülh sazişindən yox, hansısa niyyət sənədindən gedir. Həmin sənəddə də Bakı bir daha şərtlərini qeyd etdirə bilər. Əgər İrəvan da bu öhdəlikləri aralıq sənədində üzərinə götürərsə, ondan sonra çərçivə sazişini imzalamaq olar. Onu da deyim ki, çərçivə sazişi də sülh sazişi demək deyil. Çərçivə sazişində ümumi müddəalar razılaşdırılır, sonra o çərçivənin necə deyərlər, içi doldurulur.

Ümumilikdə, liderlərin Kazanda müzakirələr aparmasının müsbət tərəfləri çoxdur. Ən azından bu, dialoqun davam etdiyinin göstəricisidir. Bu cür görüşlər prosesə xeyir verir, nəinki ziyan.

Geri qayıt