Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Avropa Parlamentindən anti-Azərbaycan teatrı...

Avropa Parlamentindən anti-Azərbaycan teatrı...


Bu gün, 09:58
Avropa Parlamentindən anti-Azərbaycan teatrı...
Avropa Parlamentinin (AP) Sosial Demokratlar və Yaşıllar qrupları, Bakıda keçiriləcək COP29 iqlim sammiti ərəfəsində yenə də anti-Azərbaycan fəaliyyətinə başlayıb. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Sosial Demokratlar X sosial şəbəkəsində yayımladıqları açıqlamada Azərbaycanı noyabrda keçirilməsi planlaşdırılan konfransdan öncə pisləşən insan haqları vəziyyətini həll etməyə çağırıblar.

Onlar vurğulayıblar ki, Avropa İttifaqı ilə Azərbaycan arasında istənilən razılaşma insan hüquqlarına hörmət və Ermənistanla sülh prosesi üzrə irəliləyişdən asılı olmalıdır. Açıqlamada həmçinin bu şərtlər təmin olunana qədər Avropa İttifaqı Azərbaycanla qaz razılaşmasını dayandırmağa çağırılıb.

Yaşıllar qrupu da “siyasi məhbuslar” mövzusunda Bakını ittiham edən əsassız açıqlama yayıblar. Avropa Parlamentinin üzvü və Azərbaycan üzrə kölgə məruzəçisi Sergey Lagodinski Azərbaycan hökumətini “fosil yanacaq gəlirlərindən asılılıqda və müxalifətə qarşı təzyiqlərdə” ittiham edib. Yaşıllar qrupunun digər üzvü, Avropa Parlamentinin deputatı Marketa Qreqorova da bu yalan çağırışları təkrarlayaraq, COP29-da iştirak edəcək Aİ nümayəndə heyətini Azərbaycanın insan haqları vəziyyətini qınamağa çağırıb. “Biz Bakıda keçiriləcək COP29 konfransı öncəsi Azərbaycan müxalifətinin mübarizəsini tanımalı və dəstəkləməliyik,” - deyə o əlavə edib. Qətnamənin qəbul olunan mətnindən asılı olmayaraq, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoyub.

Avropa İttifaqının ayrı-ayrı qurumlarının Azərbaycan-Aİ münasibətlərində zaman-zaman yaranan pozitiv fonu pozmaq cəhdləri ardıcıl şəkildə davam edir. Sosial Demokratların “Avropa İttifaqı ilə Azərbaycan arasında istənilən razılaşma insan hüquqlarına hörmət və Ermənistanla sülh prosesi üzrə irəliləyişdən asılı olmalıdır” kimi absurd tələbi də bunu təsdiq edir. Sosial Demokratların “bu şərtlər təmin olunana qədər Avropa İttifaqının Azərbaycanla qaz razılaşmasını dayandırmaq” çağırışı da əslində faşist təfəkkürünün göstəricisidir. Çünki indi Avropanın onun parlamentində hansı mənasız qərarlar qəbul etməsi deyil, yaxınlaşmaqda olan qış mövsümündə qaza ehtiyacı var. Sözügedən “tələblər”də Avropa İttifaqı ilə gələcək münasibətləri “Ermənistanla sülh prosesi üzrə irəliləyişdən asılı olmalıdır” fikri diqqət çəkir. Bu bir daha sübut edir ki, Avropa Parlamentinin yeni deputatları da erməni lobbi dairələrinin təsiri altında qalmaqda davam edir.

Yada salaq ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın ardınca Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı qətnamə qəbul etmişdi. Qətnamədə yenə Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi ilə bağlı reallığa uyğun olmayan, əsassız ehtimallar yer almışdı. Qeyd olunmalıdır ki, bu absurd ittihamların sayı və tempi Azərbaycanın ötən ilin sentyabrında ərazi bütövlüyünü tam bərpa etməsindən sonra artıb. Beynəlxalq hüququ bərpa edən ölkəmizin bu uğurundan narahat olan Avropa Parlamenti Azərbaycana qarşı “diplomatik hücuma” keçdi. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib.

“Avropa Parlamentindəki bəzi müzakirələr bizə absurd teatrını və ya sirki xatırladır. Dünya bu qurumda biabırçı korrupsiya əməllərini gördü. Azərbaycana qarşı bu cür əsassız iddialar səsləndirənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hakimiyyətinin piar kampaniyasının tərkib hissəsidir”. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Parlamentində səsləndirilən əsassız ittihamlara münasibət bildirərkən belə deyib. Yada salaq ki, bu ilin iyununda Avropa Parlamentinə seçkilərdən sonra yeni tərkibdən anti-Azərbaycan ritorikasından imtina ediləcəyi gözlənilmirdi. Çünki erməni lobbisi işləyir, maliyyə ayırır, qarayaxma kampaniyaları təşkil edir. Bəs hansı nəticəyə hesablanıb? Azərbaycandan nə kimi güzəştlər qoparılması üçün bu kampaniya başladılıb?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, COP29 tədbiri Bakıda keçiriləcək deyə diqqət bizə yönəlib: “Məhz bu diqqətdən irəli gələrək Azərbaycanın üzərinə hücum edənlərin sayı artıb. Burada məqsəd Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Ona görə də guya insan hüquqları pozulması, siyasi məhbusların olması məsələləri gündəmə gətirilir. Əslində bəzi mərkəzlərin regionda planlaşdırdığı ssenarilər baş tutmur deyə Azərbaycana təzyiq göstərməyə çalışır, sanksiyalara çağırırlar”. Deputat bildirdi ki, bu təzyiqlərlə Bakının hansısa güzəştə getməsi gözlənilir: “Təbii ki, "erməni kartı"ndan da istifadə edilir. Sadəcə, Avropa İttifaqına edilən bu çağırışlar reallaşacaq məsələ deyil. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir və Ukrayna münaqişəsi fonunda daha ciddi əhəmiyyət kəsb edir. Ona görə Avropa İttifaqı bu addımı atmayacaq. Məncə, COP29 konfransından sonra anti-Azərbaycan kampaniyası səngiyəcək, lakin tamamilə dayanmayacaq".

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev əmindir ki, Avropa Parlamenti qarşıdakı illərdə də xoşagəlməz münasibətini dəyişməyəcək. Onun sözlərinə görə, seçkilərdən sonra deputatların yenilənməsi ciddi fərq yaratmayıb: “Bu da gözlənilən idi. Baxmayaraq ki, seçkiləri sağçı partiyalar qazandılar, amma Azərbaycan məsələsi dəyişməyib. Çünki Le Pen Makrondan da betərdir və ermənipərəstlikdə ondan geri qalmır, o halda onun partiyasının Avropa Parlamentində mövqeyi necə ola bilərdi ki?!”

Partiya sədrinin müavini bununla yanaşı, daha çox işləməyin tərəfdarıdır: “Biz özümüz üçün danışmalı deyilik. Avropalı deputatlara təsir etməliyik. Hazırda Qərb mediası və strukturları ilə qurduğumuz əməkdaşlıq lazımı səviyyədə deyil. Hətta pisdir. Erməni lobbisi isə pullar xərcləyir. Onların bir diaspor təcrübəsi də var. Amma hər şey təkcə lobbi, pul məsələsi deyil. Onların başına şabaş da səpsək, erməni sevgisi azalmayacaq”.

E.Mehdiyevə görə, Avropa Parlamentinə ayrıca yanaşmalı deyilik: “Çünki bu qurum Avropa İttifaqının bir qoludursa, Brüsselin Bakı ilə əlaqələrinə həssaslıq göstərməliydi. Əgər bu hörmət olmayıbsa, demək, sifariş var. Yəni günahı hər yerdə axtara bilərik, amma sifariş gəlibsə, onu dayandırmaq mümkün deyil. Yəni Avropa İttifaqı, Avropa Komissiyası Azərbaycanla işləyir, başqa qolu olan Avropa Parlamenti bizə böhtan atır. Deməli, siyasət ayrı, iqtisadiyyat ayrı. Biz də bu qərəzə uyğun olaraq etirazımızı bildirməliyik. Amma onu da nəzərə almalıyıq ki, bütün bunlar bir çağırışdır. Hər çağırışa da əməl edilmir. Konqresmenlər də yığışıb Blinkenə müraciət ediblər, amma Dövlət Departamenti heç münasibət bildirməyib”.

Geri qayıt