Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Kazan görüşünün ARDINDAN...

Kazan görüşünün ARDINDAN...


Bu gün, 09:57
Kazan görüşünün ARDINDAN...
Kazan şəhərində “BRICS+” formatının iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez bir zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Ermənistan Baş naziri Nikol Paşinyan BRICS Sammitində çıxışı zamanı da deyib ki, Azərbaycanla sülh müqaviləsi layihəsi 80-90 faiz razılaşdırılıb. Baş nazir bildirib ki, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, gücdən istifadə etməmək və gücdən istifadə etməmək prinsipinə riayət edilməsi, bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması ilə bağlı maddələr artıq tam şəkildə razılaşdırılıb.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, bütün hallarda görüşlərin keçirilməsi ümumi prosesə töhfə verir. Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutan görüş ikitərəfli əlaqələrin normallaşması baxımından xüsusi əhəmiyyət daşıyır:

"Sammitdə Nikol Paşinyanın özünü aparmasından da gördük ki, Ermənistanın yanaşmalarında müəyyən dəyişiklik var. Sanki İrəvan hökuməti sülhə nail olmaq üçün müəyyən addımlar atmaq niyyətindədir. Əslində, Paşinyan çox çalışdı ki, bu və ya digər formada Azərbaycanın mövqeyinə təsir göstərsin. Havadarlarının təzyiqlərinə güvənərək Bakının mövqeyinin dəyişəcəyinə ümid bəslədi. Amma Azərbaycanın qətiyyət nümayiş etdirməsi nəticəsində İrəvan hökuməti anladı ki, Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bakı öz mövqeyini dəyişməyəcək və sonadək mübarizəsini aparacaq. Belə olan halda Ermənistan öz mövqeyini, ritorikasını, üslubunu dəyişməlidir. Sülh prosesi üçün real addımlar atmalıdır. Bunu anlamaq üçün Azərbaycanın atdığı addımlar ciddi rol oynadı. Azərbaycanın qətiyyəti Ermənistana başa saldı ki, münaqişənin həlli üçün Ermənistan öz yanaşmasını mütləq redaktə etməlidir".

Parlament üzvü əlavə edib ki, görüşün formatı, qaldırılan məsələlər və aparılan danışıqlar ümumi prosesə öz töhfəsini verəcək: "Əsas məsələ odur ki, Ermənistan tərəfi təxribatçı cəhdlərlə heç nəyə nail ola bilməyəcəyini anladı. Bunu gələcəyə hesablanmış addımlar kimi dəyərləndirirəm. Azərbaycan öz prinsipiallığını, qətiyyətini qoruyacaq və növbəti günlərdə müəyyən irəliləyişə nail olacağıq. Azərbaycan sülh məsələsində heç bir güzəştə getmək niyyətində deyil. Biz bütün hədəflərimizə nail olmaqdayıq. İrəvan da dərk edir ki, çıxış yolu yoxdur və konstruktiv addımlar atmalıdır".

Geri qayıt