Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir

Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir


Bu gün, 08:18
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir
Ölkədə devalvasiya ehtimalı həmişə yüksəkdir. Çünki iqtisadiyyatla bağlı yalnız bədbin xəbərlər eşidirik. Elə iqtisadi sahə yoxdur ki, geriləmə müşahidə edilməsin. Nefti, qazı, elektrik enerjisini yazmışıq. Hətta gümüş istehsalı da azalıb. Bu şəraitdə devalvasiya qaçılmaz görünür. Əhalinin əmanətləri xarici valyuta ilə saxlamaq marağı da manatın əleyhinə işləyən amillərdəndir.
Bizimyol.info bu mövzuya az diqqət ayırmayıb. Hesab edirik ki, COP 29 tədbirinin başa çatmasına qədər devalvasiya gözləməyə dəyməz. Maliyyə Nazirliyi daha inamlı danışır. Nazirliyin son açıqlamasında azı üç il devalvasiya gözləmək lazım gəlmədiyi bildirilib. Hərçənd, belə açıqlamalara inanmaq olmur. 2015-ci il devalvasiyalarından əvvəl oxşar fikirlər səsləndirilirdi. Hətta Mərkəzi Bankın rəhbərliyinin nikbin açıqlamasından üç gün sonra devalvasiya da görmüşük.

Biz də belə düşünürük, mütəxəssislər də hesab edir ki, xarici valyiutalar bizim pul qarşısında təxminən 15-20 faiz güclənəcək. Əlbəttə, 9 il əvvəl fevralda 34 faizlik devalvasiya ilə üz-üzə qalmışdıq. Həmin ilin dekabrında isə manat 50 faizə yaxın dəyər itirmişdi. Amma bu dəfə situasiya fərqli ola bilər.

Azərbaycan hökuməti illərdir manatın gücünü qorumağa çalışır. İndi isə iqtisadiyyat bir o qədər qüdrətli görünmür. Sanki daha dözmək mümkün olmayacaq. Əhali də narahat görünür. Xarici valyuta alışı həmişə yüksəkdir. Belə qənaətə gəlmək olur ki, uzağı yaxın bir il ərzində devalvasiya olacaq.

Mütəxəssislər ilk mərhələdə devalvasiya göstəricisinin 20 faizi keçməyəcəyini ehtimal edir. Hesab olunur ki, dollar azı 1.9 manata təklif ediləcək. Yəni manatın aşağısı 12 faiz dəyər itirməsi müzakirə mövzusudur. Ən pis halda 2-2.05 göstəricisi gözlənilir.

Məzənnənin sonrakı mərhələlərdə dəyişəcəyi güman edilir. Yəni dollar həmişə 2 manat civarında satılmayacaq. Təxminən Türkiyədəki vəziyyət qeydə alınacaq. Manat zamanla asta-asta dəyər itirəcək. İqtisadiyyatın gələcəyi ilə bağlı nikbin proqnozlar vermək mümkün olmadığından, manata çox güvənməyi də tövsiyə etmək alınmır.

Geri qayıt