Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar

Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar


Bu gün, 07:14
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar
Avropa Parlamentinin plenar iclasında Azərbaycanla bağlı qətnamə müzakirəyə çıxarılıb.

İclas əslində, Azərbaycana qarşı siyasi hücum xarakterli bəyanatlardan və çağırışlardan ibarət olub. Avropa Parlamentinin bəzi üzvləri Azərbaycana sanksiyaların tətbiqini tələb edib.

Məsələn, parlamentarilər COP29 konfransının Bakıda keçirilməsinə etiraz edib və guya insan hüquqlarının pozulması şəraitində ekoloji problemlərin qorunmasına inanmadıqlarını bildiriblər. Avropa Parlamentinin üzvləri Avropa İttifaqını Azərbaycanla qaz sazişini ləğv etməyə, bəziləri isə Bakıda keçiriləcək COP29 konfransını boykota çağırıblar.

Avropa Parlamentində Qərb dövlət və hökumət başçılarının da iştirak edəcəyi COP29 iqlim dəyişikliyi konfransı öncəsi Azərbaycan əleyhinə kampaniyaya başlayanlar bunu özünəməxsus “arqument”lərlə əsaslandırmağa çalışıb. Müzakirəyə çıxarılan məsələlərin və çıxış edən deputatların kimliyinə nəzərə saldıqda, iclasın niyyəti bəlli olur.

Qətnamənin mətninin “Azərbaycanda insan haqları və beynəlxalq hüququn pozulması, eləcə də Ermənistanla münasibətlər”ə həsr olunması Avropa Parlamentinin məqsədini açıq-aşkar göstərir. Ermənilər növbəti dəfə Avropa Parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmağa çalışır. Bu təklifi irəli sürən deputatlar isə erməni lobbisinin nümayəndələridir. Deputatlar xeyli müddətdir erməni siyasətçilərin, separatçı ünsürlərin səsləndirdiyi, Ermənistan mediasının tirajladığı fikirləri təkrar edib.

Lüksemburqdan olan deputat Nikolas Şmit, Fransanın təmsilçisi Fransua Ksavye Bellami, Fransa ifrat sağçılarının aparıcı liderlərindən olan Cordan Bardela, Almaniyadan Mixail Blos qatı ermənipərəst mövqeyi ilə tanınırlar. Onların seçilməsində erməni diasporunun maliyyə və təbliğat maşını xüsusi rol oynayıb. İndi isə onlar Avropa Parlamentində Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdəcəklərinə dair götürdüyü öhdəliyi yerinə yetirir.

Fransua Ksavye Bellaminin 2023-cü ilin fevral ayında Ermənistana səfərini xatırlamaq kifayətdir. Fransalı deputat Laçın-Gorus şərti sərhədinə gələrək Azərbaycan ərazilərinə boylanmaqla sanki ermənilərlə bağlı hansısa problem axtarmağa çalışırdı. Məqsəd isə həm Fransanın bölgədəki təxribatları üçün əsaslar tapmaq, həmçinin özünü ermənilərin “haqları”nın müdafiəçisi kimi təqdim edib pul, mandat qazanmaq idi.

Avropa Parlamentində Azərbaycana sanksiya çağırışıları da həmin siyasi “oyun”ların davamıdır. Ancaq maraqlıdır ki, nə parlamentarilər, nə də onları buna təhrik edən erməni diasporu nədənsə COP29 beynəlxalq iqlim konfransının Azərbaycanda keçirilməsi təklifini ilk dəstəkləyən ölkələrdən birinin Ermənistan olduğunu dilə gətirmir. Bunun qarşılığında Azərbaycan humanst jest edərək 32 nəfər erməni diversant məhbusu Qazax rayonunun şərti sərhədində Ermənistana qaytardı. Eləcə də, Ermənistan hökuməti COP29-da iştirak etmək üçün Azərbaycana dəvət edildi.

Amma Avropa Parlamentinin üzvləri bu məsələnin üstündən susaraq keçməyə üstünlük verir. Avropalı parlamentarilər Azərbaycanda insan hüquqları adı altında guya Qarabağda yaşamış və sonra könüllü köçmüş erməni sakinlərin “təcavüz”ə məruz qaldıqlarını, Azərbaycanda erməni mədəni və dini irsinin məhv edildiyini iddia edir.

Lakin həmin deputatlar eyni zorakılıq və diskriminasiya aktının ermənilər tərəfindən azərbaycanlıların başına gətirildiyi barədə danışmaq istəmir. Qondarma qətnamənin mətninə nəzər saldıqda, onun ermənilər tərəfindən yazıldığı aydın görünür. Azərbaycana və Türkiyəyə nifrət tezisləri, Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışlar erməni təbliğat maşınının məhsuludur.

Erməni lobbisi Avropa İttifaqını Azərbaycanla təbii qaz idxalına dair müqaviləni ləğv etməyə çağırır. Görünür, parlamentarilər bu təklifin Avropa İttifaqını hansı fəlakətə sürüklədiyinin fərqində deyil. Rusiya qazından imtina etməsi fonunda Azərbaycanın “mavi yanacağı”na tələbatı artan Avropa İttifaqının belə bir addım atması onu ciddi enerji problemi ilə üzləşdirə bilər.

Artıq Avropanın 8 ölkəsi Azərbaycan qazı hesabına təmin olunur. Qış mövsümünün yaxınlaşdığını nəzərə alsaq, erməni maraqları naminə belə bir addımın atılması Azərbaycandan daha çox Avropanın özünə ziyan vura bilər. Bu halda sərt qışın soyuğunda enerji çatışmazlığından əziyyət çəkən Avropa ölkələri ABŞ-nin və ərəb ölkələrinin təklif etdiyi sıxılmış qazı baha qiymətə almaq məcburiyyətində qalacaq. Ona görə də Avropa parlamentarilərinin erməni hiyləsinə xidmət etməsi yalnız onların öz maraqlarını sobataj etməsi deməkdir.

Müşfiq Abdulla
“Cebheinfo.az
Geri qayıt