Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Kremlin Zəngəzur dəhlizi marağı...

Kremlin Zəngəzur dəhlizi marağı...


Bu gün, 03:10
Kremlin Zəngəzur dəhlizi marağı...
Son aylar Zəngəzur dəhlizinin açılması Ermənistan-Azərbaycan münasibətlərində əsas mövzulardan biridir.

Ermənistan prinsipial məsələlərdə konsensusa nail olmağın vacibliyini vurğulayır. Azərbaycan isə dəhlizi öz nəqliyyat strategiyasının və regional inteqrasiyanın mühüm elementi kimi görür.

Azərbaycan üçün Zəngəzur dəhlizi yalnız nəqliyyat əlçatanlığı məsələsi deyil, həm də Naxçıvanın digər bölgələrlə iqtisadi əlaqələrinin təmin edilməsində mühüm amildir. Dəhlizin açılması logistikanın yaxşılaşmasına, malların çatdırılma müddətinin azalmasına və ticarət həcmini artmasına səbəb olacaq. Müasir iqtisadi reallıqlar şəraitində bu məsələ kritik əhəmiyyət kəsb edir.

Ermənistan isə dəhlizin eksteritorial statusu ilə bağlı narahatlığını bildirir, onun öz suverenliyi altında olmasının vacibliyini iddia edir. Bu cür mövqe Bakıda prosesi uzatmaq və münasibətlərin normallaşmasında real irəliləyişdən qaçmaq cəhdi kimi qəbul olunur.

Konsensusun əldə edilmədiyi bir şəraitdə Azərbaycan dəhlizin açılması üçün praktiki yanaşma tələb edir. Rəsmi Bakı onun ərazisindən keçən nəqliyyat axınlarının təhlükəsizliyini təmin edəcək şərtlər təqdim etməyə hazırdır.

Azərbaycan üçün əsas məsələ Ermənistan və digər maraqlı tərəflərlə dialoqu davam etdirməkdir. Mübahisələrə baxmayaraq, rəsmi Bakı müzakirələrə açıqdır və hər iki tərəfi razı sala biləcək kompromis həlləri axtarmağa hazır olduğunu göstərir.

Açıq dialoq yanlış anlaşılmaların aradan qaldırılmasına və etibarlı münasibətlərin qurulmasına kömək edə bilər. Bu da Zəngəzur dəhlizinin açılması şansını artırır.

Regionda dayanıqlı sülhün bərqərar olması Azərbaycan üçün olduğu kimi, Ermənistan üçün də ümumi məqsəd olmalıdır. Azərbaycan sülh tənzimlənməsinə və qarşılıqlı maraq doğuran məsələlərdə dialoqa hazırdır.

Amma hələlik üç ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan, Ermənistan və Rusiyanın regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyası fikir birliyi olmadığına görə iclaslarını davam etdirmir.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan parlamentdə keçirdiyi brifinqdə bildirib. Yəni, görünən odur ki, kommunikasiyaların açılması ilə bağlı yaxın zamanda konkret addım görünmür.

Rusiya Federasiyasının “Beynəlxalq Nəqliyyat Dəhlizləri Direktorluğu” ANO-nun (muxtar qeyri-kommersiya təşkilatı) beynəlxalq əməkdaşlıq və beynəlxalq nəqliyyat dəhlizlərinin logistika şöbəsinin müdiri Natalya Zadonskaya “Cebheinfo.az”-a şərhində bildirib ki, rəsmi Moskva region ölkələrinin ərazi bütövlüyü və suverenliyini pozmadan Azərbaycanın regionları arasında istənilən nəqliyyat əlaqələrini dəstəkləyir.

Məsələnin həllində ən çətini bütün iştirakçı ölkələrin həm iqtisadi, həm də geosiyasi mənafelərinin balansını qorumaqdır.

Zadonskayanın fikrinə görə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı bir xəritə var. Bu da dəhliz boyunca infrastruktur obyektlərini əhatə edir. Həmçinin, bu marşrut üzrə nəqliyyat-logistika mərkəzlərinin (NLM) yaradılması planları var:

“Biz, həmçinin kənd təsərrüfatı məhsullarının "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə daşınmasını təmin etməliyik.

Bunun üçün, məsələn, taxıl yükünün yığılmasını asanlaşdırmaq məqsədilə Volqa hövzəsi boyunca müəyyən xidmətlərin yaradılması planlaşdırılır. Ancaq bu, transkaspiyə yönəlmiş "Şimal-Cənub" dəhlizinin inkişafı üçün nəzərdə tutulur”.

Mütəxəssis vurğulayıb ki, "Şimal-Cənub" dəhlizinin bütün istiqamətlərini - dəniz, dəmir yolu və avtomobil marşrutlarını inkişaf etdirmək prioritetdir.

Zadonşaka bildirib ki, Azərbaycan öz ərazisindən keçən bütün nəqliyyat marşrutlarını aktiv şəkildə inkişaf etdirir:

“Bu da Rusiya tərəfindən müsbət qarşılanır. Bu gün Rusiya Zəngəzur dəhlizini dəstəkləyir, çünki bu, bizim Türkiyə vasitəsilə Azov-Qara dəniz hövzəsinə çıxışımızdır. Eyni zamanda, Rusiya Gürcüstan vasitəsilə Bakı-Tbilisi-Qars marşrutundan da bu hövzəyə çıxış əldə edə bilər. Biz bu istiqamətin inkişafını arzulayırıq”.

Göründüyü kimi, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün yalnız geosiyasi deyil, eyni zamanda iqtisadi məsələdir. Çətin siyasi şəraitdə konstruktiv dialoq aparmaq, kompromislər tapmaq və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək bacarığı əsas rol oynayır.

Bu, yalnız dəhlizin açılmasına deyil, eyni zamanda regionda dayanıqlı sülhün bərqərar olmasına kömək edəcək.
Geri qayıt