Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Anti-Bakı dairələrin COP29 sancısı

Anti-Bakı dairələrin COP29 sancısı


Bu gün, 09:42
Anti-Bakı dairələrin COP29 sancısı
“Vətəndaş cəmiyyəti anti-Azərbaycan dairələrə qarşı həmrəylik nümayiş etdirməlidir”. “Yeni Müsavat”a açıqlamasında bu təşəbbüslə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə çıxış edib. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları COP29 ərəfəsində güclənən çirkin kampaniyaya birgə etiraz etməlidir.

Hüquq müdafiəçisi hesab edir ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı keçirilir, hədəf isə Azərbaycandır: “Həmin qüvvələr ev sahibinə hücuma keçiblər. Hərçənd konfrans BMT-yə aiddir. Biz təşkilatçıyıq. Amma ermənipərəst mərkəzlər Azərbaycana fokuslanıblar. Fikrimcə, vətəndaş cəmiyyəti, ictimaiyyət səsini qaldırmalıdır. Çünki son günlərdə bu şəbəkələr daha böyük nifrətlə üstümüzə gəlməyə başlayıblar”.

Ç.Qənizadənin sözlərinə görə, ötən il Qətər bu konfransa ev sahibliyi edib və bu ərəb ölkəsi də ittihamlara məruz qalıb: “Deməli, iqlimə aid konfransı siyasiləşdirib böhtan xarakterli kampaniya aparılır. Biz əvvəldən gözləyirdik ki, Azərbaycan da bu qərəzli münasibətdən sığortalanmayacaq. Lakin hər bir tənqidin və ittihamın da dozası var. Təəssüf ki, bəzi Qərb ölkələri, beynəlxalq təsisatlar, müxtəlif fondlar, ayrı-ayrı təşkilatların nümayəndələri, o cümlədən avropalı deputatlar, Fransa kimi düşmənçilik edən mərkəzlər total hücuma keçiblər. Hazırda bir sıra Qərb nəşrləri Azərbaycan haqda olmazın yalan məlumatlar yayırlar. Biz bu total hücuma narazılığımızı bildirməliyik. Təbii ki, Azərbaycanda insan haqlarının pozulması ilə bağlı şikayətlər olur, eyni zamanda araşdırılır, amma bu problemi kütləvi hal kimi təqdim etmək yolverilməzdir”.

Müsahibimizin əlavəsinə görə, həbsdə olan separatçıları “siyasi dustaq” adlandırmaq isə Avropa təşkilatlarının biabırçı yanaşmasıdır: “Onlar cinayət törədiblər və cəza alacaqlar. Məsələ bu qədər sadədir. COP29 başa çatdıqdan sonra həmin anti-Azərbaycan mərkəzlər heç separatçıları yada salmayacaq. Sadəcə, bu mötəbər konfransa az qalıb və hər fürsətdən sui-istifadə edirlər. Beynəlxalq təşkilatlar Azərbaycanda separatizmin məhvini alqışlamalıdır. Çünki Qərb elə Luqansk və Donetskdə separatizmlə mübarizə aparan Kiyevi dəstəkləyir. Bizə çatanda isə separatçı erməniləri əzizləyirlər. Bu, qərəzdir və Avropa dəyərlərinin deqradasiyasıdır”.

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu isə bu məsələdə diqqəti Qarabağdan köçən ermənilərin qayıdışı ilə bağlı xüsusən də Qərb dairələrinin çağırışlarına cəlb edir: “Qərb ölkələri və təşkilatları Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin üzərindən xeyli müddət keçsə də, ermənilərdən daha çox erməni kimi davranır, onların hüquqlarını öz hüquqları kimi müdafiə etməyi qarşılarına məqsəd qoyurlar. Üstəlik, bu məsələdə Azərbaycanla müzakirə aparmayaraq, bununla həm də ölkəmizin daxili işlərinə qarışdıqlarını göstərirlər”.

Xatırladaq ki, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda bu mövzuya toxunub. Onun sözlərinə görə, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 kimi böyük konfransın Azərbaycanda keçirilməsi ilə bağlı müxtəlif platformalarda dezinformasiyalar yayılır. PA rəsmisi bildirib ki, daha mütəşəkkil və səviyyəli cavablar verilməlidir. Onun fikrincə, xüsusilə COP29 ərəfəsində və ya konfrans bitdikdən sonra bizə qarşı bu kimi hücumlara hazır olmalıyıq. Ümumiyyətlə, demək olar ki, hər gün Qərbdəki ayrı-ayrı dövlətlərin qanunverici orqanlarının üzvləri, siyasətçilər, özünü vətəndaş cəmiyyətinin nümayəndələri adlandıranlar və jurnalistlər ittihamlar səsləndirirlər.

Eyni zamanda Azərbaycanın karbohidrogen ehtiyatlarına malik olması da bizə qarşı ittiham kimi istifadə olunmamalıdır. Bu iddialara da ən tutarlı cavabı Prezident İlham Əliyev vermişdi. Dövlət başçısı 2024-cü il iyulun 20-də Şuşada keçirilən II Qlobal Media Forumunda bu barədə danışmışdı, ədalətsiz və ikili standartlara əsaslanan mövqe adlandırmışdı. işıqlandırmaya gəlsək, “Biz bilirik ki, COP tədbirinin biri Qlazqoda - Böyük Britaniyanın neft hasil etdiyi bölgəsində keçirilirdi və heç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz bizim dediklərimizin həqiqi olduğunu sübut edir. Bu tədbirin əhəmiyyəti, əlbəttə ki, bütün bu mənfi hallardan qat-qat çoxdur. Çünki bu, qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada beynəlxalq arenada bir nömrəli konfransdır və ilk dəfədir ki, postsovet məkanında keçirilir. Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük”, - deyə prezident vurğulamışdı.
Geri qayıt